Repetitor yanına gedirlər, çünki…

0
119

Ürfət Mirzəyev, BDU-nun Jurnalistika fakültəsinin ikinci kurs tələbəsi

Təhsil gənc nəslin gələcəyidir. Aydındır ki, elm, təhsil olmadan insan istədiyi statusa sahib ola bilməz. Ona görə də hər bir məktəblinin valideyni övladınıng xüsusi diqqət göstərir. Bunun üçün övladlarını əlavə hazırlıq keçsin deyə repetitor yanına göndərirlər. Bəs repetitor yanına getmək nə dərəcədə əhəmiyyətli və düzgündür? Bu suala cavab tapmaq üçün repetitor Elnurə Şabanlıya müraciət etdik.

Elnurə Şabanlı bildirdi ki, orta məktəbdə 10-11-ci sinif şagirdləri oxumur və buna görə də oxumayan şagirdlər universitetə qəbul olmaq üçün əlavə hazırlıq keçməlidirlər.

Düzdür, əlavə hazırlıq keçmək məsuliyyətli şagird üçün effektiv nəticəni verəcək. Amma 11 il boyunca doğru-dürüst oxumayan birinə 2 il ərzində nəyisə öyrətmək bir qədər çətin məsələdir. Ən pisi də odur ki, valideynlərin ümidi və pulları boşa gedir.

Danmaq olmaz ki, repetitorluq biznesdir – özü də gəliri kifayət qədər çoxdur. Biznes isə rəqabətdir. Əlbət ki, bir kurs və yaxud bir müəllim əlinin altında olan potensial “müştərisini” başqasına bilərəkdən ötürmək istəməz. Üstəlik, ad-san məsələsi də var.

Qeyd edək ki, bu biznesin qiymətləri Azərbaycanda kənd və şəhərə görə dəyişir. Əyalətlərdə bir müəllimin öz fənninə görə abituriyent hazırlamasının aylıq qiyməti orta hesabla minimum 50 manatdır. Təbii ki, bu qiymətə müəllim tapmaq bir az çətin məsələdir. Hər abituriyentin 5 fənn üzrə 10 ay hazırlaşdığını nəzərə alsaq və hazırlıqların adətən 2 il davam etdiyini əsas götürsək, valideyn 5000-6000 manat pul xərcləməlidir. Nəzərə alın ki, mən ən minimal qiymətləri götürürəm.
Bakıda isə regionlarda işlək olan məbləği hansısa müəllimlə razılaşdırmaq daha çətin məsələdir. Burada minimal qiymət 80 manatdan başlayır. Bu isə o deməkdir ki, 2 il ərzində valideyn cibindən 8000-9000 manat pul çıxarmalıdır.
Yekunda belə bir nəticəyə gəlmək olar ki, əgər universitetə qəbulun yolu hazırlıqdan keçirsə, təkcə başımızı işlətmək kifayət deyil. Həm də əliniz cibinizdə olmalıdır. Cibiniz isə dolu olmalıdır.