Atalar sözləri haqqında

0
77

Ürfət Mirzəyev, BDU Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi

Atalar sözləri xalqın yaratdığı və əsrlərboyu zamanın sınağından çıxmış hikmətli sözlərdir. Gündəlik həyatımızda da atalar sözlərindən istifadə edirik. Ancaq mahiyyətinə vardıqda bəzi anlaşılmazlıqlar ortaya çıxır. Gəlin, onların bir neçəsinə nəzər salaq.

“Palaza bürün, ellə sürün.”

Hamı eyni rəngdə olsa, eyni cür düşünsə, eyni cür yaşasa bəs “Mona Liza”nı kim çəkərdi,  “Leyli və Məcnun”u kim yazardı, qadınlara seçki hüquqlarını kim verərdi, “Molla Nəsrəddin”i kim yaradardı? Cəmiyyətdə və dünyada dəyişikliklər edən adamlar məhz fərqli olmağa və fərqli düşünməyə cəsarət edənlərdir. Ona görə də fərqli ol, özün ol, sən bu cür gözəlsən!

Çörəyi ver çörəkçiyə bir çörək də üstəlik

Mən bu atalar sözünü ilk dəfə 5-ci sinifdə oxuyanda öyrənmişdim. Amma heç nə başa düşməmişdim. Düşündüm ki, yaşa dolduqca anlayaram. Amma 28 yaşım var. Hələ də bu atalar sözünün anlamı mənə aydın deyil. Necə yəni, çörəkçiyə aparıb çörək versən çönüb adama deməz ki, başın xarab olub? Hələ çantanda saxladığın o “üstəlik çörək”dən danışmıram.

Pul əl çirkidir

Yüzlərlə imkansız tələbənin təhsil almağı üçün təqaüd fondu açmaq, kəndlərdə xəstəxanalar, məktəblər tikmək, xeyriyyə fondları yaratmaq – bunlar üçün də pul lazımdır. Xoşladığın qızla ilk görüşdə hesabı ödəyə bilmək üçün də əl “çirkli” olmalıdır. Ona görə də pulu dəyərləndir, pul qazanmağa can at, pulu sev. Pul təyyarə kimidir, idarə edə bilməyənləri qəzaya uğradar, idarə etməyi bacaranları isə göyün yeddinci qatına qaldırar. Pula görə minnətdar ol və daha çoxunu qazanmağa çalış.

P.S: Biz əsla iddia etmirik ki, folklorumuz səhvlərlə doludur və ya dəyərdən düşüb. Əksinə, şifahi ədəbiyyat nümunələri həmişə hər bir xalqın məişətində mühüm rol oynayıb. Sadəcə, ola bilsin ki, bəziləri müasir günümüzlə uzlaşmır. Bu isə o deməkdir ki, folklorumuz daha dərindən araşdırılmalı və tədqiqata cəlb edilməlidir.