Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

0
61

Şirməmməd HÜSEYNOV

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi – Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər – oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

Rusiya köləligində

Qafqasiyalı mühərrirlərindən biri rus imperializmini tərvic edən erməni siyasilərinə pək yerində bir isim vermişdir – rus imperializminin könüllüləri! Böylələrinə, bizcə, eyni haqq və eyni müvəffəqiyyətlə “Rusiyanın kölələri” demək də caizdir.

Bu köləligin parlaq bir misalını erməni mühərrirlərindən A.Hondkaryan vermişdir. Ukraynalı rəfiqimizin nüktəli bir təbirincə “həqiqi rus” olan bu erməni sabiq Rusiya ixtilal hökuməti rəisi Kerenski tərəfindən nəşr olunan “Dni” qəzetəsində “Türkiyə hizmətində” ünvanı altında bir məqalə yazmışdır.

Məqalə Rusiyada yaşayan məhkum millətlərin müməssilləri tərəfindən imza olunaraq, Cenevrədə toplanacağı mütəsəvvür konqreyə aid verilən bəyənnamə münasibətilə yazılmışdır.

Parisdə intişar edən “Prometey” məcmuəsi ətrafında birləşən Rusiyadan xilas olmaq istəyən millətlərin bu “separatçı” təşəbbüsü ruslardan ziyadə rus gəcinin Hondkaryanların həmiyyətlərinə toxunmuşdur.

Bir kərə baxınız!! Bu təhəmmül edilir bir haye isimidir?! Olurmu ki, Ukrayna, Qafqasiya, Türkistan, Kuban, Krım, Kazan və sairə kibi məmləkətlər Rusiya əsarətində qalmaq istəmədiklərini, çıxsınlar da bütün cahana qarşı elan etsinlər?! İstiqlal istəsinlər?!.

İstiqlal! Nə qədər kölə ruhlu olsalar, içlərindən “millətlər məhbəsində” qalmayı nə qədər canlarına minnət bilsələr də, Hondkaryanlar bu şüara cəbhədən hücum etmənin məzərrətini biləcək qədər kurnazdırlar. Bunu yapmazlar, çünki o zaman əsrin ən məqbul və ən yüksək məfhumuna qarşı çıxmış olurlar. Eyni zamanda, bu tərzdə bir çıxış kəndisinə, nə olsa da, sosialist süsü verən Kerenski qəzetəsinin zahiri məfkurəçiliginə də uymaz! Sonra istiqlalçılığa cəbhədən hücum – Hondkaryanın mənsub olduğu milli məhafildə dəxi o qədər xoş görünməz. Çünki sözdə olsa da, bir Ermənistan istiqlalından bəhs olunuyor!

İştə bu kibi mülahizələrdir ki, Hondkaryan, bir çevirmə hərəkətilə işi müğalitəyə tökərək, Rusiyadakı “separatizmin” səmimi olmadığını isbata çalışıyor. Bu məqsədlə də o, bəzi erməni müğalitəçilərinin ötədən bəri devirib-çevirməyə alışqan olduqları “panturanizm” mövzunu yakalıyor və silah arkadaşlarından Zarevand nam birisinin yaxında nəşr ediləcək “Türkiyə və panturanizm” adlı əsərindən istifadə ediyor.

Bu əsərdən iqtibas etdigi bəzi parçalarla o, isbata çalışıyor ki, “Prometey” ətrafında birləşən separatistlərin kökünü təşkil edən türk-tatar milliyyətçilərinin istədikləri istiqlal degil, sadəcə Rusiyadan ayrılmaq və ondan sonra Türkiyəyə qovuşmaqdır.

Bu davasını təyid etmək üçün, köləlik ruhu Hondkaryana əcib bir metod kullandırıyor. Məgərsə kazanlı bir “tatar” mühərririn “ədəbi zövqünü türkcə ədəbiyyat və mətbuat oxumaq sayəsində inkişaf etdirməsi” kəbairdən imiş… Öylə ha! Hondkaryanca dünyada yalnız bir ilham mənbəyi və yalnız bir zövq örnəgi vardır – Rusiya! Məgərsə “Türkiyədə məşrutiyyət elanının bütün türk-tatar məmləkətlərində sevinc və əlaqə ilə qarşılandığı, kəza, əfvi caiz olmayan bir günah imiş”. Öylə ya, əlaqədər olmaq üçün rus məşrutiyyəti, rus nihilizmi, rus anarşizmi, rus komunizmi varkən bu türk məşrutiyyəti, bu türk cümhuriyyəti də nərədən çıxdı!..

İstanbulda çıxan qəzetələri oxumayı, Türkiyədə zühur edən hürriyyət hərəkatları ilə sadə əlaqədar olmayı belə Rusiya vətənsevərliginə qarşı ihanət tələqqi edən bir adamın artıq Rusya imperializminə qarşı görülən düşmənanə vaqeləri nə surətdə qarşılayacağı təsəvvür edilsin!

Sizmidiniz müharibə əsnasında Rusiya hüdudlarını candan müdafiə etməyənlər! Sizmisiniz rusofil olanları Qafqasiya birligi xaricində sayanlar?! O halda görürsünüz nəticəyi! Türklərin ermənilərə yapdığını, rusların da sizə yapacaqlarını bəkləyiniz!

Hondkaryan köləcə yapdığı bu təhdid qarşısında yolunu şaşıracaq adamlar təsəvvür ediyorsa yanılıyor. Biz, istiqlalçılar davamızı əsrin ən qüvvətli şüarına istinad etdiriyoruz. Rusiya imperializminin qəsb və istila nəticəsində təəssüs edən hüdudlarını müdafiə bizim üçün bir qayə olamazdı. Bizi bu qayeyə sədaqətsizliklə ittiham edəcək Rusiya imperatorluğu tarixə keçdigi halda Hondkaryanların bu füzüli davada israrları kölə ruhlu olduqlarını isbat üçün nə parlaq bir dəlildir!

Papadan ziyadə katolik buna deyərlər iştə!

Bizim kəndi hüdudları daxilində qalan rus millətinə qarşı ədavətimiz yoxdur. Biləks ona bu xüsusda hər dürlü iyi təmənnilərdə bulunuruz. Fəqət bununla bərabər bizi istədigimiz şəkildə həyatımızı qurtarmaqdan və mədəni həyatımıza istədigimiz istiqaməti verməkdən mən ilə, kəndi gərdunəsinə taqaraq, istismar və istila əməlində bulunan hər hansı rus imperializminə bütün varlığımızla düşmanız. Bunu biz imperializmin keçmişinə və halına olduğu kibi, gələcəginə də təşmil etməkdən zərrə qədər çəkinməyiz! Və əminiz ki, cahan əfkari-ümumiyyəsilə bərabər, tarix dəxi Avstriya imperatorluğuna qarşı “ihanət”lə Rusiya cəbhəsinə iltica edən rexoslavakları ittiham etmədigi kibi, biri də ittiham etməz!

lll

Pantürkizm məsələsinə gəlincə, fürsətdən bilistifadə müğalitəçilərin ixfal etmək istədikləri zümrəyə bir dəfəlik anlatalım ki, islav millətlərində olduğu kibi, türk irqinə mənsub millətlərdə dəxi bir birlik məfkurəsi doğmuş və bu doğuş müəyyən bir zaman romantik bir dövr yaşayaraq, o vaxta qədər, dini-islami düşünüş etiyadında bulunan siyasi türk-tatar əfkarı üzərində daha əsri və tərəqqi sevərcəsinə bir təsir yapmışdır.

Fəqət panslavizmdən daha az real şərait və imkana malik olan panturanizm, panslavizmin gəldiyi nəticəyə nisbətən daha az bir zamanda gəlmiş və bu gün ən kuyi panturanistlər belə sadə bir kültür birligini mümkün mərtəbə mühafizəyə qeyrət etməklə iktifa etmişlərdir.

Ayaz İshaki bəyin türk birliginə və bu birligə qarşı Türkiyə Cümhuriyyətinin vəzifələrindən bəhs edən məqaləsini qərəzkaranə surəttə istifadə edən erməni rusçuları o məqalə münasibətilə, yenə Ankarada intişar edən “İnqilab” qəzetəsində yazılan hiddətli yazıları da görməlidirlər. Və zənn etməyiz ki, görməmişlərdir. Ötədən bəri türkçü olaraq yazı yazan mühərrirlərin iştirakı ilə çıxdığı halda, bu qəzetədə Əli Heydər Əmirə bəyə rəğmən, Ayaz bəyin Türkiyə Cümhuriyyətindən digər türk məmləkətlərinin mənafeini müdafiə haqqındakı təmənnisinə qarşı şiddətli müahizələr vardı.

Ton etibarı ilə bu qədər şiddətli olmamaqla bərabər, türk millətçiligini irq nəzəriyyəsi sistemindən nasyonalite nəzəriyyəsi sisteminə keçirən Türkiyə məfkurəçilərinin müvəffəqiyyəti sadə nəzəriyyəçilik sahəsində qalmamışdır. Türkiyə Cümhuriyyətinin yeni həyat əsasları qurulurkən təqib olunan siyasət müasir demokrasilərdə mövcud milliyyət məfhumuna tamamilə uyğundur. Dünki panturanizm düşünüşü ilə bugünki türkizm arasında çex məfkurəçilərindən Palatskinin anladığı panslavizm ilə Çavliçekin anladığı panslavizm arasında olduğu qədər böyük bir fərq vardır. Palatski böyük qardaş Rusiyanın idarəsi altında böyük bir islav imperatorluğu təsəvvür ediyor və çexlərin xilasını ancaq Rusiyadan bəkliyordu. Halbuki, Çavliçekin bu yüksəkdən uçan bu xəyalə təlim etdigi məfkurə, islavlığa sadiq qalmaqla bərabər, bir realist olmaq üzrə, çexlərin bizzat kəndi qüvvətlərilə xilas olacaqları ümdəsini ortaya qoydu ki, bugünkü Çexo-Slavak Cümhuriyyəti iştə bu realist məfkurənin təhəqqüqü deməkdir.

İslav birligi fikri Çekos-Slavak dövlətinin təşəkkülünə mane olmadığı kibi, türk birligi fikri də Azərbaycanın Qafqasya Konfederasyonuna girməsinə mane olamaz. Palatski əyarında bir idealist, bəlkə də günün birində Çeko-Slavakiya da daxil olduğu halda bütün islav dövlətlərinin bir siyasi birlik vücuda gətirəcəklərini düşünməkdədir. Fəqət böylə bir düşüncənin mövcudiyyəti, şübhəsiz, Çeko-Slavak Cümhuriyyətinin bir həqiqət olduğunu inkar edəməz!

Türk birligi üçün də böylədir. Eyni irqi qərabət nəticəsində yekdigərinə yaxın hars məhsullarına malik olan türk ellərindəki müştərək qiymətləri mühafizə etməklə bərabər, ayrı-ayrı türk millətlərinin birər dövlət və cümhuriyyət halında istiqlal qazanmaq yolundakı hərəkatlarını şübhə altına alanlar ancaq rus imperializminin könüllüləri və yaxud kölələri ola bilərlər!

Azərbaycan istiqlalçılığının türk birligi fikrindən əzəmi surətdə mühüm olduğunu inkar etməməklə bərabər, siyasətdə realizm mütaqidi olan Azərbaycan milliyyətçiləri üçün bu fikrin sadə hars sahəsində qabili-tətbiq olacağı aşikardır. Buna görə də biz müstəqil Qafqasiya Konfederasyonu fikrini zamanın ən aktual bir tezi olaraq müdafiə ediyoruz.

Qafqasiya Konfederasyonunu əldə etmək üçün çalışan təşəkküllərin ancaq Rusiya imperializminə müariz qüvvətlərdən ibarət olaraq vücuda gəlməsi haqqındakı mütaliəmizi Türkiyəyə iltihaq niyəti daşıdığımıza ətf etmək üçün ancaq Hondkaryan qədər Rusiya düşgünü və Türkiyə düşməni olmaq lazım!

“Rusofilligini”, yəni rus imperializminin dostu olduğunu etiraf edən Hondkaryan bu “pərəstişin” istiqlalçılığı layiqli olmadığına dava ediyor və gülünc olmaq əndişəsini göstərmədən, “rus ixtilalı Lehistana istiqlal verdi ya!” – diyor. Söyləmək lazımdır ki, Lehistan istiqlalçılığının rus düşmənligi üzərinə qurulduğunu bilməyən, beynəlmiləl hərəkatlar tarixinə az-çox aşina tək bir münəvvər bulunamaz.

Əvət, Hondkaryan əfəndi panturanizmin dünki romantik müməssillərinə Qafqasiya Konfederasyonunun türk fikri üçün maneə təşkil etmədigini söylədigimiz kibi, sizə də rus pərəstligin Qafqasiya istiqlalçılığı ilə təlifi qabil olmadığını söyləməliyiz. Və sizin bir “günahlı” kibi göstərdiginiz türk dostluğu isə buna qətiyyən bənzəməz. Rus imperializmi ilə mücadilə halında ikən, siz də qəbul ediniz ki, qafqasiyalılar üçün “rusofillik” pək də müsbət bir dəstək olmasa gərək! Halbuki, Rusiyanın kəndi milli hüdudu daxilində qalmasına candan tərəfdar olmaları lazım gələn qonşu dövlətlərə Türkiyə ilə İrana qarşı qafqasiyalılar tərəfindən göstəriləcək təvəccöhün mənası tamamilə başqa və müsbətdir. Hondkaryanların istədigi kibi Türkiyə düşmənligi üzərinə təəssüs edən Qafqasiya birliginin bugünki Sovetlər İttifaqına daxil Mavərayi-Qafqaz federasyonundan başqa bir mənası olamaz! Bu məna Hondkaryan düşünüşündəki bəzi erməni siyasilərini təzmin və onun rus əfəndilərini məmnun edərsə də xəta etməyiz ki, qafqasiyalı digər millətlərə mənsub siyasi təşəkkülləri, hətta erməni millətinin həqiqi və həyati mənfəətlərini dərk edən ağlı başında mütəfəkkirləri belə məmnun etsin!

lll

Qeyd etdigimiz kibi, şimdi artıq, sırf hars sahəsinə çəkilərkən mövqeini tamamilə türk millətləri realistinə tərk edən siyasi panturanizm həyatı üzərində, rusçuluq taktiki naminə ispekülasyon yapan “həqiqi rus” erməniləri, nədənsə, daşnaksütyun mətbuatının meydana atdığı yeni çıxan “panarmyanizm”dən heç də bəhs etmiyorlar. Daşnaksütyun firqəsinin rəsmi naşiri-əfkarı bulunan “Droşak”ın “aryan ocağı” və “aryan mərkəzi” təşkili haqqındakı məruf təklifini A.Hondkaryan hər halda görmüş olsa gərəkdir. İşbu “ocak” və “mərkəz” ətrafında “Droşakın” rəyincə “nəcib farslar, cəngavər kürdlər, cəsur beluclar, cəngəlli gileklər və açıq göz ermənilər, hətta əfğan və hindlilər aryan cinsindən bütün millətlər toplanmalı və birləşməlidirlər”. Bu birligin qayəsi nədir? “Aryan qövmlərinin qan içici düşmənləri (?) turanilərə qarşı aryan millətlərindən mütəşəkkil bir birlik təsisi, öylə bir birlik ki, Yegikiyanın, əlbəttə İranı sevdigi üçün degil məhza hiyləli bir manevra kollanmaq üçün bəyan etdigi təcəvvürüncə “İranın bu birlikdəki rolu Prusyanın Almaniya birligində oynadığı roldur”.

(Bu xüsusdakı nöqteyi-nəzərimiz mühərrirlərimizdən M.B.Məmmədzadə bəy tərəfindən yazılan “Ermənilər və İran” nam risalədə izah və təsbit edilmişdir. İstanbul, 1927)

Daşnaksütyun təqdisyenləri aryen birligindən bəhs edərkən bu böyük planın Rusiyaya şamil olacağından heç də bəhs etməmişlərdir. Əcəba bu sükut – Hondkaryanın bizə tətbiq ettigi metod üzrə – Ermənistanın Rusiyadan ayrıldıqdan sonra İranla qovuşmasını icab etməzmi?

Etməz! Çünki “Droşaqçılar”ın da, Hondkaryanların da məluf olduqları müştərək bir xəstəlik vardır ki, o da təqib etdikləri yanlış yol nəticəsində, üzərində inad göstərdikləri türk düşmanlığı və qonşu bədxahlığından ibarətdir.

Aryen birligindən bəhsləri dəxi bu xəstəliyin müzmün avarizindən başqa bir şey degildir. İranlıları kəndi qonşuları, əzcümlə qafqasiyalı azərbaycanlılar əleyhinə təhrik məqsədilə uydurulan bu nəzəriyyəyə, zənn etməyiz ki, kəndiləri dəxi müsbət bir qiymət verirlər. Konşu bədxahlığının burada yeganə müəssir amil olduğu, bizcə, uzun boylu izaha möhtac degildir.

Fəqət bu yolun erməni millətinə çox bahaya mal olduğu artıq bütün cahana məlumdur. Yanlış yolun nərəsindən dönülürsə kardır!..

Millətlərdən ziyadə, kəndi zövq və mənfəətləri saiqi ilə hərəkət edən erməni siyasilərindən bir qismi millətdaşlarını, bərabər yaşamaq məcburiyyətində bulunduğu qonşuları əleyhində macəracuyanə çıxmazlara sövq etməkdən saqınılarsa, bizcə kəndi irqdaşları hesabına, çox ağıllı və çox həmiyyətli bir hərəkətdə bulunmuş olurlar!..

M.Ə.Rəsulzadə
”Odlu-Yurd”, dekabr 1929, № 10

Kəçrov – yolunu azmış
Nüktə – incə məna, lətifə
Həmiyyət – şərəf hissi, qeyrət
Məzərrət – zərər vermə, ziyan
Məhafil – yığıncaq
Müğalitə – həqiqətə əsaslanmayan
Əcib – əcaib, təəccüblü, qəribə
Kəbair – böyüklər
İxfa – gizlətmə, məxfiləşdirmə
Kuyi – böyük yol
İktifa – arxasınca getmə, təqib etmə
Əyar – meyar
Qərabət – yaxınlıq, qohumluq
Hars – mədəniyyət
Müariz – etiraz edən, zidd çıxan
İltihaq – birləşmə
Ətf – meyl
Məluf – adət etmiş
Müsavatçılar və komunistlər

II

Rəsulzadə Məhəmməd Emin bəy əfəndinin: “Bundan sonra Azərbaycana hakim olacaq qüvvət “Müsavat” olmaya bilir, fəqət onun “müsavatçı” olması zəruridir…” tərzindəki pər doğru olan hökmlərini alaraq, söyləndigi gündən bir il əvvələ tətbiq etsək, meydana böylə bir nəzəriyyə çıxara biləriz.

Azəri cəmiyyətinin harsı inkişaf və hərəkatının məntiqi bir nəticəsi olan istiqlal hərəkatı “Müsavat” firqəsinin malı olmaya bilirdi, fəqət məzkur harsi hərəkat mütləqa “müsavatçı” bir siyasi təşəkkül meydana gətirəcəkdi… ki, o cəmiyyətin həyəcanlarını, dilək və istəklərini təmsilən onun hürriyyət, istiqlal və hakimiyyəti-milliyyəsi üçün vaqe olan mücadilənin başında duraydı.

“Müsavat” firqəsinin təşəkkül və fəaliyyətilə istiqlal hərəkatına təqəddüm edən illərdəki azəri harsi və fikri hərəkatı tədqiq olunursa, bu fəaliyyət zamanı bilxassə “Müsavat”ı yaradan və idarə edən münəvvərlərin əsərləri nəzərdən keçirilirsə “Müsavat”ın və 28 Mayısın ictimai və harsi təməlləri tamamilə aydın olur. Biz bu dövrü vaxtilə “Azərbaycan Misaqi Millisi” adlı risaləmizdə imkanımız daxilində tənvir etmiş olduğumuzdan burada təfsilata girişmədən 27 nisandan etibarən, rus süngüsünə istinadən Azərbaycanı idarə edən bolşeviklərin təşəkkül və zühurinə nə kibi ictimai və fikri hazırlığın təqəddüm etdigindən bəhs etmək istərdik.

27 nisan 1920 sənəsi hadisələrinin rus istilası degil də mütləqa Azərbaycan bolşevik firqəsinin sövq və idarəsilə vaqe olan “proletar inqilabından” ibarət olduğunda israr edib duran Azərbaycan bolşevik yazıçılarına biz vaxtilə “Yeni Qafqasiya”, “Azəri Türk” və “Milliyyət və bolşevizm” səhifələrində sənədlərlə cavab vermiş, 27 nisan hadisələrinin rus istilasından ibarət olduğunu, yenə rus mənbələrinə istinadən göstərmişdik.

Azəri xalqının qanlı üsyanlarla qarşıladığı bu istiladə millətimizin qətiyyən əlaqədar olmadığı, Azərbaycanda komunist və sosialist ixtilalı mövcudiyyətini göstərəcək heç bir nəşriyat və ədəbiyyata malik bulunulmadığı Bakı komunistlərini düşündürmüş olacaq ki, Rathauzer kibi professorların yardımına müraciət olunmuşdur. Sovet istilasının 8-ci ildönümü münasibəti ilə Bakıda çıxan türfkcə “Bolşevik” məcmuəsində yazdığı tədqiqi bir məqaləsində pr. Rathauzer nisan hadisəsini hazırlayan tarixi müqəddimələri azəri köylüsünün ağır bir həyat sürdügündə görüyor və fikirlərini bir alimə yaqışır şəkildə “dokumentlər” yapmaq üçün “Müsavat” firqəsi ilə Milli Cümhuriyyət arxivlərindən çoxca sənədlər götürüyor. Pr. Rathauzer çarlıq dövrü ilə “Müsavar dövrü” adlandırdığı “Milli Cümhuriyyət” dövrlərini müqayisə edərkən Romanov çarlarının məmurlarına Milli Cümhuriyyət məmurlarından, bilxassə köylü məsələsində, daha ziyadə qiymət verməgə çalışıyor. Fəqət möhtərəm professor unutuyor ki, çar məmurlarının guya mücadilə etdikləri Azərbaycan dərəbəyləri rus çarlığının yaratdığı və yaşatdığı və yalnız rus çarlığına lazım olan bir zümrə idi. XIX əsrin sonlarına doğru inkişafında müdhiş bir şəkil alan “torpaq bəyligi” və “mülkədarlıq” XVIII əsr Azərbaycanında əsla mövcud degildi. Torpaq əlaqələri nöqteyi-nəzərindən Azərbaycan xanlıq dövrü rus çarlıq dövrü ilə müqayisə edilməyəcək dərəcədə yüksək bir mövqedə idi. Torpaq köylünün idi. Rus çarlığı Azərbaycan xanlıqlarını qaldırdıqdan sonra, daimi bir istinadgah olmaq üzrə, xanların əski qapı qullarını birər torpaq dərəbəgi yaparaq, torpaqları onların mülkiyyətinə və azəri xalqını da onların “rəiyyət”liginə verdi. Bilxassə 1861 qanunu ilə Rusiya köylüləri “krepostnoy” əsarətindən xilas edilirkən, bu qanun Azərbaycana təşmil edilmədi, rus çarlığının birər məmurları olan dərəbəglər azəri köylüsünü istismarda davam etdilər.

Pr. Rathauzer bilxassə köylü məsələsini almaqda isabət etmişdir. Torpaq münasibətilə köylü məsələsi gərək keçmişdə, gərəksə şimdi Azərbaycan müqəddəratında pək müəssir bir amildir. Fəqət millətimizin 75%-ni təşkil edən bu yaradıcı, əməkçi xalq kimin lehində və kimin əleyhində müəssir olmuşdur? Biz bolşevik istilasına təqəddüm edən zamanlarda bolşeviklər lehində nədən köylü hərəkətinə şahid olmadıq? Bütün diqqətilə pr. Rathauzer nədən bizə, Milli Cümhuriyyət dövründə flan yerdə köylü üsyanı oldu, deyəcək bir sənəd çıxarmıyor? Əksinə olaraq, biz istilanın ilk sənəsindən etibarən bu günə qədər bolşevik rejimi əleyhində qanlı köylü hərəkatına şahid olduq. Martın 6-da açılan Azərbaycan komunist firqəsi qurultayında Qarayev köylülərdən olan komunistlərin komunizm əleyhində bir təhlükə təşkil etdiklərini komunist firqəsindəki “sağ cərəyanın” işbu köylü komunistlərin təmsil etdigini, komunist firqəsinin mövcudiyyətini mühafizə etmək üçün firqədən köylüləri tamamilə çıxarmaq icab etdigini söyləməkdədir. Nədən? Halbuki, köylü məsələsilə torpaq münasibəti komunizm məfkurəsi, komunizm rejimi və nəhayət komunizm ixtilalı üçün bir əsas təşkil etsəydi, biz əksi hərəkatlara şahid olmalı idik və bu hərəkat komunist firqəsi təşkilatına məfkurəvi bir “baz” olmaq üzrə az-çox iləriləmiş bir ədəbiyyata malik olmalıydı.

Rəsulzadə Məhəmməd Emin bəyin hərbi-ümumidən əvvəl “Şəlalə”, “Dirilik”, “İqbal”, “Açıq söz” səhifələrində yazdıqları “Dil, ictimai bir amil”, “Yeni lisançılar və türkçülər”, “Milli dirilik” və s. kibi əsərlərilə “Müsavat” ümdə və prinsiplərini müqayisə edərkən, görüyoruz ki, Məhəmməd Emin bəyin əsərləri Azərbaycan fikri və harsi hərəkatına bir xülasə verməkdən, o fikri hərəkatı formula edərək, müəyyən bir istiqamətə sövq etməkdən ibarət olmuş və yazdıqlarını tamamilə “Müsavat” proğramında oxuyoruz. Azərbaycan komunist firqəsini sövq və idarə edən və Azərbaycan bolşevikləri içərisində “Şərqin dahisi, Qərbin daisi” (Şərqin dahisi – Qərbin duaçısı – Ş.H.) ünvanilə yad olunan Nəriman Nərimanovun əsərlərilə komunist ideya və prinsiplərinin bir bənzəyişləri varmı əcəba?

Nərimanovu hər kəs teatroçu kibi tanır və bilxassə “Nadir şah” dramilə mərufdur. Azərbaycan mətbuat aləmində Nərimanovun rus ixtilalından əvvəlki əsərləri bunlardır: 1 – “Tibb və İslam”; 2 – “Orucluğun tibbi faydaları”; 3 – “Hacı Zeynalabdin haqqında bir mədhiyyə”; 4 – “Quzğunlar” – “İrşad” qəzetəsində sosializmin tənqidi və sosialist Bebelin təhkirini təhqirini mütəzəmmin məqalə.

Nərimanov bu əsərlərində islamiyyəti elmin, fənnin, əsri mədəniyyətin fövqündə tutan bir dindar – klerikal kapitalistlərə tapan bir qapıqulu və sosializmi rədd edən bir kapitalist ideoloqudur. Halbuki, Azərbaycan xalqçı mətbuat və ədəbiyyatı o zaman orta əsr dərəbəyligi, dini mövhumat, cəhalət və s. ilə ciddi surətdə mücadilə ediyordu. Sabir kibi xalqçı dahilər yetişən bu dövrdə köylü və torpaq məsələsində hakim fikri təsvir edən Sabir köylünün arzularına tərcüman olaraq:

“Torpaq özüvün, güc öküzün,
toxum özümünki
əgzadələri, xanları neylərdin ilahi?!…”

deyə Allaha müraciət ediyordu.

Köylü, üzərində çalışdığı torpağın sahibi olmaq istiyordu. Onun bu istəgini də “Müsavat” firqəsi qavramış və kəndi proğramına qeyd edərək: “Torpaq parasız olaraq alınacaq və parasız olaraq əkinçilərə veriləcəkdir” diyordu. Torpağına, məhsuluna, yurduna və ocağına sahib olmaq istəyən ufaq mülkiyyətçi azəri köylüsünü “Müsavat”ın bu proğramı tamamilə tətmin ediyordu.

İstilanın ilk ilində bolşevik firqəsi torpaqları yalnız mülkərdarlardan degil, köylülərdən alaraq, sosializə etdi və əkinçi xalq ücrət müqabilində çalışan muzdur vəziyyətinə düşdü. Əskəri komunizm adlanan bu yeni rejimin Rusiyada olduğu kibi Azərbaycanda dəxi köylünün nasıl müdhiş bir əksüləməlinə məruz qaldığı və bunun nəticəsində Leninin “nep” – yeni iqtisadi siyasət” – deyə nasıl rücət əmri verdigi hər kəscə məlumdur. Bu “nep” şəraitində köylünün mülkiyyət haqqı tanındı, və Buxarinin təbirilə köylüyə zənginləşmək imkanı verildi. 7 ildən bəri davam edən bu “ufaq burjua şəraiti” nəticəsində yalnız torpaq və köylü məsələsində degil, komunizm və sosializm prinsipləri, mülkiyyətdən nəşət edən ictimai həyatın hüquq, əxlaq, ədəbiyyat, sənət, iqtisadi münasibət, ailə v.s. kibi sahələrdə dəxi tətbiq edilmədən iflas etdi və mütəsəvvir “komunizm dünyası” yerinə, Azərbaycan komunistlərinin iddia etdikləri kibi “demokratik-kooperativ cümhuriyyətə” doğru inkişaf edən ufaq burjua cəmiyyəti təəssüs etdi.

Komunizm prinsiplərinin qeyri-həyati olduğunu göstərən bu hal, komunist firqəsini də inhilala və iflasa yaxlaşdırdı. Komunizmin yerində təsis olunan ufaq burjua cəmiyyətinə və bu şəraiti himayə və davam etdirən rəsmi komunist hökumətinə qarşı qüvvətli bir “sol cərəyan” yarandı. “Trotskizm” ünvanını alan bu cərəyanın Azərbaycandakı əkslərini eşitdik. Ufaq burjua mülkiyyəti ilə bərabər sosializm iqtisadiyyatı quracağına qane olan hakim zümrəyə qarşı mövcud “nep” şəraitini daimi və yeganə bir rejim olaraq müdafiə edən bir “sağ cərəyan” yarandı və bu gün biz “nep” dövründə meydana gələn ufaq köy və şəhər burjuaziyasına istinad edən bu “sağ cərəyana” qarşı Azərbaycanda müdhiş mücadilə açılmış olduğuna şahid oluyoruz.

“Komunistlərə görə milliyyət və milli hars keçmişə aid və məhv olmağa məhkum bir məfhum ikən “sağ cərəyan” üçün biləks, milliyyət son və ali bir həqiqətdir. Komunistlər üçün milliyyət, milli hars və milli hakimiyyət proletar interesinə tabe əhəmiyyətsiz bir məsələ ikən “sağ cərəyan” üçün bu məsələ əksinədir” (“Zarya Vostoka”, № 238, Jukovun məqaləsindən).

Biz görüyoruz ki, Rathauzerlərin iddialarına rəğmən köylü məsələsi və torpaq münasibəti Azərbaycanda degil ki komunizm ixtilalına bir əsas təşkil etmişdir, bəlkə bu münasibət komunizmin məzar daşı olmuşdur.

Azərbaycan komunistləri mülkiyyəti, ailəyi, milliyyəti, milli hars, din və ənənələri, milli tarix və hakimiyyəti, demokrasiyi, iqtisadi demokratik sistemləri, ticarət və sairəyi rədd edən prinsipləri tətbiqə məcbur ikən, bu gün bunları təbilən nə kibi islahat ilə məşğul bulunuyorlar?

Çarşaf məsələsi, papaq məsələsi, hürufat məsələsi, kooperativ məsələsi, ümumi təhsil məsələsi, industrializasion və sosialzm ziraəti məsələsi… Və bütün bu məsələlərdən yalnız sosializm tətbiqatıdır ki, baş tutmuyor. Ötəki məsələlər isə daha XIX əsrdə başlayan, Milli Cümhuriyyət dövründə təqviyə və formula edilmiş, “Müsavat” proğramının prinsiplərini təşkil edən və hər hanki bir burjua cəmiyyətinin məşğul bulunduğu demokratik islahat hərəkatından başqa bir şey degildir. Komunistlər, hakimiyyəti əllərindən qaçırmamaq üçün cəmiyyətin təbii ehtiyacları ilə hesablaşmaq və burjua reformları ilə məşğul olmaq məcburiyyətini hiss ediyorlar. Bu məcburi gediş onların arasından hər il sağa, sola və ortaya on minlərlə “təmayülçülər” ayırıyor. Və bu gediş ilə komunist firqəsi əriyor, təhəvvül ediyor, ya mülkiyyətçi, demokrat milli bir firqə olmaya və yaxud mövqeini böylə bir firqəyə tərk etməgə məcbur oluyor. Çünki Azərbaycana hakim olacaq firqə “Müsavat” olmaya bilir, fəqət “müsavatçı” olması zəruri və məcburidir.

Mirzə Bala (Məmmədzadə)
“Odlu-Yurd”, 27 nisan (aprel) 1929, № 3

Təqəddüm – irəlidə olma, irəli keçmə
Təşmil – şamil etmə
İşabət – düzgün fikir yürütmə
Müəssir – amil, iş görən
Dai – dua edən, duaçı
Mütəzəmmin – əhatə edən
Mütəsəvvir – fikrə gətirilən, təsvir olunan
İnhilal – biri-birindən ayrılma