Baha başa gələn zövq dəqiqələri və ya Bir inci saflığı varsa da suda…

0
20

Kənan Novruzov, BDU-nun Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

Bir çox məqamlara əsasən əminliklə deyə bilərik ki, idmanla məşğul olmaq(peşəkar və həvəskar olmasından asılı olmayaraq) insanda xarakter yaradır. Eləcə də, fərdə nəfsi ilə mübarizə aparmağı öyrədir.
Adatən gərgin məşq prosesinin ortalarında, o cümlədən qaçışdan sonra idmançılar su içmək istəyirlər. Bu, təbiidir. Orqanizmin həmin anlardakı tələbatı ilə bağlıdır. Gözləri bayaqdan bəri əllərində tutduqları və ya idman döşəyinin üstündəki bir butulka suya sataşır. Hamısını bir dəfəyə, ağız dadı ilə içmək mümkündür. Buna görə heç kim ona heç nə deməyəcək. Ən pis halda məşqçisi dilucu məzəmmət edə bilər. Bir də nə edir ki? Öz suyunu içir də. Suyun kənardan hiss edilən sərinliyi idmançını daha da həvəsə gətirir. Yaxşı bilir ki, bu dəqiqə ehtiyacı olan ancaq odur- nə yumşaq yataq, nə maşın, nə də pul. Ancaq su. Düşünür ki, suyu içən kimi bayaqdan bəri fiziki yükün altında əzilən bədənin yorğunluğu çıxacaq. Qapağı sürətlə açır. Bir neçə qurtum alır və sonra sanki tərkibi ilə tanış olmaq istəyirmiş kimi diqqətlə suya baxır, ağzını bağlayır, kənara qoyur. Düzdür, daha çox içmək istəyər. Həm də artıq dadını bildi axı, bir neçə saniyəlik də olsa o həzzi yaşadı. Ürəyindən keçir ki, kaş uzada biləydi bu saniyələri. Öz əlindədir. Amma olmaz. Birincisi, ona görə ki, məşq hələ bitməyib və yenə suya ehtiyac hiss edəcək. İkincisi, yaxşı bilir ki, yarım litr suyu birnəfəsə içən kimi ağırlaşacaq. Nəticədə olduğu yerdə yıxılıb qalacaq və daha effektli məşq edə bilməyəcək. Həm də sağlamlığa ziyandır. Soyuq su tərli bədənin ən böyük düşmənidir. Əgər indi nəfsinə məğlub olsa, çox güman ki, sabahdan etibarən 3 gün qızdırma ilə mübarizə aparacaq və təxminən bir həftə məşqlərdə iştirak edə bilməyəcək. Bütün bunları beynində götür qoy etdikdən sonra ən əziz, müqəddəs bir varlıq kimi butulkaya yenə baxır, yerdə qalan yarım saatlıq məşqdən sonra evə gedə-gedə suyu qurtumlayacağı dəqiqələri səbrsizliklə gözləyir. Və bilir ki, o zaman daha çox istirahət etmək üçün indi daha çox yorulmaq, əziyyət çəkmək lazımdır. Odur ki, əlinin arxası ilə alnının tərini silir və kanatdan yapışaraq yuxarı dırmaşmağa başlayır. O qədər sürətlə dırmaşır ki, elə bil, yuxarıda onu gözləyən nəinki bir butulka su, bulaq var…
P.S: O qədər ciddi məsələdir ki. Gündəlik həyatımızda dəfələrlə belə hallarla qarşılaşırıq. Nə ki, insana təmənnasız zövq verir, mütləq onun bir ziyanlı tərəfi də var. Gərək idmançı xarakterinə sahib olasan, vaxtı çatanda iradənə zidd hərəkət edib, çətin olsa da özünə məhdudiyyət qoymağı bacarasan.