Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qarşısında

0
88

Şirməmməd HÜSEYNOV

Neçə min illik dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan” adlı müstəqil dövlətimizi – Xalq Cümhuriyyətini yaratmış, qısa müddətdə olsa da, şərəflə yaşatmış və dünyaya tanıtmış istiqlal mücahidlərimiz məcburi fasilə dövründə mühacirətdə nələr yazmış, nə düşünmüş, bizlərə nəyi vəsiyyət etmişlər – oxuyaq, düşünək, bu günümüz üçün fəxr edək!

Böyük inqilab

Əmsalı tarixlərdə görünməyən aləmşümul müharibənin ən müşkül bir zamanında dünyanın ən böyük bir hadisəsi, Rusiya inqilabı vaqe oldu.

Müharib və mübariz milləti iflic bir hala qoyan köhnə rus istibdadı yıxıldı. Neçə gündən bəri Petroqraddan alınan xəbərlər qaranlıq siyasət gecəsinin sübhi-hürriyyət ilə açıldığını bildirdilər.

Əski hökumət cəmaətin dərdi ilə yanan millət vəkillərini, Q.Dumanı qovdurmaq istərkən nümayəndələr artıq səbr kasası daşdı, – deyə dağılmaq istəməyib öz aralarında müvəqqəti hökumət vəzifəsini icra edən bir komitə seçdilər. Q.Dumanın sağlardan başqa bütün partiya və firqə nümayəndələrindən təşkil edilən bu komitə köhnə hökumətə elani-müqavimət edincə hökumətin xarabkarlığından cana doyan cəmaət ilə, rüşvətxor müstəbidləri degil, vətəni müdafiə edən ordu haman Duma tərəfini iltizam etdi və edincə nəticeyi-inqilab haman bir-iki günün içində anlaşıldı. Köhnə vəzirlər həbsə tıqandılar. Əlahəzrət imperator ilə imperatriça mühafizat altına alındılar. Nəhayət, jon türk üsulu ilə icra olunan Petroqrad inqilabi-əzimi sabiq çar Nikolay Aleksandrov bizzat tac və təxtdən əl çəkib də hüquqi-hökmdarisini qardaşı Mixail Aleksandroviçə təhvil verməsi ilə nəticə-ləndi.

Fəqət nəticə bundan da böyükdür. Mixail Aleksandroviç həzrətləri qardaşı əlindən aldığı səltəneyi-aliyənin əsl sahibi kim olduğunu layiqi ilə dərk edərək öz tərəfindən padşahlıq ixtiyarını Q.Duma tərəfindən təşkil olunan müvəqqəti hökumətə tərk eləmiş və məmləkətin üsuli-idarəsini təyin etmək üçün bir an əvvəl Məclisi-Müəssisan çağrılmasını əmr buyurmuşlardır.

Bu iki əmri-ali ilə çağrılması təklif olunan Məclisi-Müəssisan gizli, ümumi, müsavi və müstəqim seçki əsası ilə yığışacaq həqiqi millət nümayəndələrindən ibarət olub tazə Rusiyanın nə kibi əsaslarda qurulacağını təyin edəcəkdir.

Hürriyyətpərvər Rusiyanın məşəl ümidinə yağ tökən bu hadisənin xəbəri vilayətlərə yayılınca hər tərəfdə adətən bir bayram başlandı. Bilafərq millət və məzhəb, silk və sinif bütün cəmaət bir-birini təbrikə başladı.

Bakı dəxi bu bayramı keçirdi. Bütün mədənlər, dükanlar və kargahlar dayanıb xəlq küçələrə, cəmaət müəssisələrinə tökülüşdü, mitinqlər bir-birinin dalınca gəldi. Hər tərəfdə, hər yanda tazə hökumətə etimad teleqrafları, Dövlət Dumasına təbriklər, təhniyətlər yollandı.

Rusiya istibdadı altında əzilən bütün təbəqə, sinif və millətlərlə bərabər Rusiya müsəlmanları da əziliyor, milliyyətcə təhqir və təzyiq olunuyorlardı.

İyun 3-ü qanunu* demək olar ki, Rusiya müsəlmanlarını adətən siyasi edama məhkum etmişdi. Ümid etməlidir ki, tamam hürriyyət üzrə çağrılacaq Məclisi-Müəssisan çoxmillətli Rusiyayi ədalət və hürriyyət üzrə təmsil edəcək və hər kəs öz miqdarı nisbətində nümayəndəligə malik olaraq tazə Rusiyanın əsasları ögey-doğmalıq degil, qardaşlıq və vətəndaşlıq əsasları üzərinə təsis olunacaqdır.

Bu xüsusda bütün Rusiya cəmaəti ilə bərabər Rusiya müsəlmanlarının da imanı kamil, etiqadları salim və Rusiya cəmaətçiliginə etimadları qaimdir.

Fəqət müvəffəqiyyət üçün bir şey lazımdır. O da sükunət, mətanət, hissiyyat və təsadüfata tabe olmayıb əql və tədbirlə hərəkət etməkdir. Müsəlmanlara lazımdır ki, sükunət üçün vaqe olan tələbləri qulaqlarına alıb kamali-itminan ilə öz işlərinə məşğul olsunlar və hadisata qarşı çaşmayıb, rahət qala bilmək üçün bütün cəmaət qüvvələrini birləşdirsinlər və birləşmiş qüvvələr ilə yeni hökumətə köməkçi dursunlar.

Ancaq bu vasitə ilə birləşmək və köməkləşməklədir ki, yeni Rusiya tamamilə müvəffəq olub, bütün millətlərin müsavatla yaşamasını təmin edə bilər.

Yaşasın tazə və azad Rusiya!

Var olsun millətlərin bərabərligi, birligi!

“Açıq söz”, 5 mart 1917, №418

Məclisi-Müəssisana hazırlaşalım

Müvəqqəti inqilab hökuməti məmləkətin nə kibi əsaslar üzərinə qurulacağını təyin etmək üçün yaxında məclisi-müəssisan çağırılacağını elan eləmişdir.

Məclisi-müəssisan nədir?

Cəmaət nümayəndəligi ilə idarə olunan məmləkətlərdə məclisi-məbusan olduğu məlumumuzdur. Məbus ərəbcə bir kəlmə olub türkcəsi göndərilmiş – deməkdir. Məclisi-məbusan göndərilmişlər məclisidir ki, buna məclisi-milli, Rusiyada Q.Duma, Osmanlıda məclisi-məbusan deyilir.

Məclisi-məbusan həmişəlikdir. Vəqtdən-vəqtə seçkiləri tazələnib göndərilmişləri dəgişilər. Bu məclis az-çox Q.Duma seçkiləri vasitəsilə xəlqimizə aşina bir məclisdir. Fəqət məclisi-məbusan (Q.Duma)la bərabər imdi bir də (uçreditelğnoe sobranie) məclisi-məbusandan bəhs olunuyor. Bu məclis necə məclisdir? Və əvvəlkisindən fərqi nədir?

Məclisi-müəssisanın məclisi-məbusandan fərqi əsasla fəradəki fərqdir. Məclisi-müəssisan kötük, məclisi-məbusan şax və budaqdır.

Məşrutiyyət və ya cümhuriyyətlə idarə olunan məmləkətlərdə əsas qanunları vardır ki, digər qanunların hamısı o əsaslardan çıxar. Bəzi məmləkətlərdə bu əsas qanunları yuxarıdan, iqtidar sahibi olan padşah tərəfindən elan olunar ki, bu halda məclisi-müəssisan çağırmaya ehtiyac qalmaz, necə ki, 1905-ci ildə 17 oktyabr manifesti böylə olmuş və Rusiya məmləkətindən ötrü əsas qanunları elan edilmişdi. Fəqət padşah təxt və tacından əl çəkib, iqtidar tamamilə müvəqqəti millət hökuməti əlinə keçincə bittəbii əsas qanunları yazmaq millətin özünə möhəvvəl olunuyor.

İştə, bu qanunları yazmaq üçün millət xüsusi bir məclis təşkil ediyor, bu məclisə özü tərəfindən nümayəndələr göndəriyor. Bu göndərilmişlər gəliyor, məclisi-müəssisan – yəni əsas qanunlar məclisi vücuda gətiriyorlar.

Bu məclisinsə seçkiləri də haman məclisi-məbusan seçkiləri kibi icra olunuyor. Əvvəlcə partiyalar, firqələr, müxtəlif məslək və cərəyani-siyasi əhlləri məqsədlərini, məsləklərini elan ediyorlar. Diyorlar ki, bizimcə məmləkətin əsası gərək bu, ya o qaidələr üzrə qu-rulsun. Məsələn, padşah olmayıb 4 ildən bir seçilən cümhur rəisi olsun. Məmləkətdə milliyyət fərqi olmasın, rəsmi din olmayıb, dinlər hamısı bir dərəcədə və bir hüquqda olsun. Yazıya, sözə, cəmiyyətlərə, tətillərə azadlıq təmin olunsun. Və sairə və yainki Rusiyada gərək məşrutiyyətli padşah təyin olunsun. Tazə bir sülalə seçilsin. Provaslaviya məzhəbi dövlətin dini-rəsmisi olsun.

Bu firqələr hamısı simalarını, sifətlərini açıb bildirir. Xəlq də baxar, hankı tərəfi hala müvafiq görərsə, səsini o tərəfin adamına verər. Bunlar gedərlər Petroqradda və yainki Moskvada mütəntən surətdə açılacaq məclisi-müəssisana əza olarlar. Orada fikirlər çaqqışar, layihələr qarşılaşdırılar. Əksəriyyət hanki tərəfdə, hanki proqram tərəfində olarsa, o zaman o proqram məmləkətin əsas qanunları hökmünü alar. Dövlətin şəkli-idarəsini və əsas qanunlarını təyin elədikdən sonra məclisi-müəssisanın işi bitmiş olar.

Müvəqqəti inqilab hökumətinin elan elədigi vəchlə əvvəlinci işi iştə bu məclisi-müəssisanı çağırmaqdır. Çünki onsuz heç bir hökumət özünü milli hökumət hesab edə bilməz. Çünki milli hökumət millət tərəfindən verilən bir qüvvətdir. Millət göndərilmişləri bir yerə yığışıb əksəriyyətlə nə kibi hökumət istədiklərini bildirməyincə, o hökumət qanuni olamaz.

Milli hökumətdə, əsas cəmaətin göndərilmişləri tərəfindən qurulan məmləkətdə ən böyük rol oynayan şey say və təşkilatdır. Hanki məsləkin tərəfdarları çox olsa və hanki firqənin intizam və təçkilatı mükəmməl olsa, söz onundur.

Sayca biz müsəlmanlar ruslardan sonrakı gələn bir ünsürüz. Məclisi-müəssisan 100.000 nüfusa bir adam hesabilə toplaşacaq olarsa, bizdən azı 200 adam məclisi-müəssisana gedə biləcək. Bu iki yüz adam böyük qüvvədir. Məclisdə ayrılmaları qəti olan firqələr arasında 200 adamlıq qüvvənin müəyyən milli əməli və müəyyən idraki olursa, böyük iş işləyə bilər. Bu vəqtə qədər köhnə hökumət bizə etina etmiyor, sayımıza baxmıyor, istədigi hüququmuzu alıyor, özümüzü təhqir ediyordu. İmdi öylə degil, imdi bütün millətlərə bərabərcə hüquq verildigi elan olunmuşdur. İntixabi-ümumi olmuşdur. Ümumi intixabda sayımız nisbətində nümayəndələrimiz çıxmazsa, artıq hökumət degil, günah özümüzdə olacaq. Buna görə çalışmalı, sayımızdan istifadə edə biləcək bir halə gəlməliyiz. Bunun üçün birləşmək, üzviyyət peyda etmək, biri-birimizlə anlaşmaq, təşkilat vücudə gətirmək lazımdır. Artıq toplaşmaq, danışmaq, birləşmək imkanı var. Bu xüsusda hürriy-yət elan olunmuşdur. Yetişər ki, bizdə təşəbbüs, fədakarlıq olsun. Bunun üçün hər şeydən əvvəl ürəfamız aralarında az-çox aşnalıq və həmməsləklik hiss olunan heyətlərimiz birləşməli, uzaq proqramlardakı ixtilafdan sərfi-nəzər eləyib hər tərəfdə milli məclislər vücudə gətirməlidirlər. Bu məclislərin vazifəsi xəlqi tazə üsulla aşina etmək, məclisi-müəssisan seçkilərinə hazırlamadan ibarət olmalıdır. Bu xüsus bilxassə Bakı, Gəncə ürəfasını düşündürməlidir. Bu vəqtə qədər böylə bir müəssisanın tamamilə təşkil olunub da meydana çıxmadığına təəssüf olunur. Biliyoruz ki, Bakıda bu xüsusda təşəbbüs olunmuşdur. Hər növ kəcəndişəlik və müşkül fəhmliklər kənar edilib də təşkilatə tələsməli, bir mərkəz vücudə gəlməlidir. Böylə bir mərkəz təşkili vacibdir. Çünki bizim ayrı-ayrı mərkəzlərə dağılmaq üçün qüvvəmiz çox azdır. Çox qüvvəlilər belə birləşməgə, qüvvələrini bir-ləşdirməgə səy etməkdə ikən biz bu zəif və məhdud qüvvətlərimizlə müttəhid bir təşkilatə istiğna göstərəcəkmiyiz?

M.Ə.Rəsulzadə
”Açıq söz”, 16 mart 1917, №425

Möhəvvəl – həvalə olunan
İstiğna – kifayətlənmə

Cəmaət idarəsi

Böyük Rusiya inqilabı məmləkətin idarəsini, hökumət işlərinin dolandırılmasını müstəbid padşah əlindən alıb cəmaətin özünə tapşırdı. Özünə tapşırılan bu həqdən necə ki la-zımdır, faidə görə bilmək üçün cəmaət bu idarənin, yəni cəmaət idarəsinin nə kibi bir şey olduğunu və hanki əsaslar üstündə dayandığını bilməli, bu xüsusda aydın fikrə və məlumata sahib olmalıdır. Cəmaətimizin geniş qisminə bu xüsusda az da olsa, məlumat vermək üçün daha istibdad zamanında yazdığımız “seçkilər” məqaləsini yuxarıdakı ünvan ilə bir az zamanəyə münasib dəgişərək darc ediyoruz. Bu aşağıda dərc olunan ilk məqalə senzor tərəfindən mən edilmişdi.

I

Cəmaət idarəsinin binası seçki üzərinə qurulmuşdur. Bir adamın keyfi, xahiş və buyuruğu ilə olunan idarəyə istibdad deyilər. İstibdadda fikir, təsəvvür, düşünmək, anlamaq və anladığını demək həqqi olmaz. “Ağa dedi sür dərəyə, sür dərəyə” – bu zərbül-məsəl istibdad üsul-idarəsinin qanuni, məntiqi və hikmətidir. İstibdad olan yerdə azadlıq, fikir sahibi, iradə yiyəsi olmaq olmaz. Burada ancaq sürünməli, hanki dərəyə göndərsələr, sürüləcəgiz, durmayıb getməlidir.

İstibdadın müqabili azadlıqdır. Hər kəs fikir və rəy sahibi ola bilər. Görməmək, eşitməmək mümkündür. Fəqət hiss etməmək, anlamamaq adamın öz ixtiyarında, öz əlində degildir. Bu adamın öz ixtiyarında olmayan xasiyyət insanı azadlığa, özünə ixtiyar almağa vadar eləmişdir. Qanmaq fikri, eləmək əzm və idarəsini doğurmuşdur. Bunlar artdıqda insan kor-koranə tabe olmaq istəməmiş, müstəbidlərin hökm və buyruqlarına bir sərhəd, bir ölçü qoymaq istəmişdir.

Bu ölçü zamanımızdakı dövlətlərdə məşrutiyyət və ya cümhuriyyət şəklinə girmişdir. Rusiya böyük inqilabı ilə Rusiya dəxi böylə məmləkətlər cərgəsinə girmişdir. Yalnız buradakı azadlıq hökumətinin şəkli məşrutəmi, yoxsa cümhuriyyətmi olacaq? Burasını iləridə bütün millətin şərikligi ilə yığışacaq Məclisi-Müəssisan həll edəcəkdir.* Məşrutə ya cümhuriyyət idarəsində “hüquqi-bəşər” azadlığının qəbulu ən birinci şərtdir. Hüquqi-bəşər – insanın həqləri, ixtiyarları deməkdir. Bu birinci dəfə Fransada elan olunmuşdur. Bu elana görə insanın fikri azaddır. Fikir elədigini deyə bilər, deyə bildigini yaza bilər. Deyib və yaza bildiklərini xəyaldan işə gətirə bilmək üçün cəmiyyətlər qurar, məclislər yığar, ictimailər, yığınlar çağırar.

İnsan azaddır. Zatən Allah tərəfindən də faili-muxtar yaradılmışdır. Buna görə də onun şəxsinə zor olunmaz, həqqində zülm edilməz, edilməməlidir. O başqasının buyruğundan xilas olmalı, hər cür boyunduruqdan qurtarmalıdır.

Burada özü-özligində bir məsələ çıxıyor: çox yaxşı, qəbul edirik. Hər kəs öz başına azad oldu. Faili-muxtar oldu, nə istərsə edə bildi. O zaman nə olur? Xəlq biri-birinə düşməzmi? Hərcü-mərc olmazmı? Zülm olmasın – deyə elan olunan azadlıq zülmdən daha bəd-tər bir anarxiyaya, başlı-başınalığa səbəb olmazmı?

Bilməlidir ki, istibdadə, yəni bir adamın hökmünə, padşahların, hakimlərin keyfinə hədd qoyan, cümhur rəisinin haraya qədər ixtiyarı olduğunu təyin eləyən azadlıq istəyənlər, haman zamanda azadlığa, yəni azad vətəndaş və insanların keyf və arzularına da bir ölçü qoyurlar. Onlarca hər kəs azaddır. Fəqət başqasının azadlığını pozmamaq şərtilə birisinin keyfi başqasının keyfini pozarsa, birisinin rəyi və fikri başqasının rəy və fikrinə meydan verməzsə, o zaman bu azadlıq degil, yenə istibdad olur. Əslində baxsan istibdad bundan başqa bir şey degildir.

Ancaq bu ölçü bəsdirmi? Bununla hər kəs öz vəzifəsini, öz həqqini, öz hədd və hüdudunu ögrənib öz işinə məşğul olarmı? Çox yaxşı, dedik hər kəs azad olsun. Hər kəsin azadlığı da başqasının azadlığına mane olmasın. Fəqət məsələni kim ayırsın. Arada hakim kim olsun. Görək bənim filan işdəki azadlığım filankəsin filan işdəki azadlığını pozuyormu, yoxsa yox? Bunu kim təyin eləsin?

İstibdad hökuməti ilə xəlq hökumətinin fərqi də buradadır. Padşah hökumətindən ibarət olan mütləqiyyət ilə xəlq hökumətindən ibarət olan cümhuriyyət də burada ayrılır.

Məlumdur ki, istibdadda da, məşrutiyyətdə də, cümhuriyyətdə də xəlqin biri-birilə olan rəftarını təyin edən qanunlar, nizamlar, qaidələr vardır. Hakimlər, sudlar bu qanun və nizamlardan çıxanları, sərkeşlik edənləri üsuli və yolu ilə cəzalandırıyorlar. İstibdad idarəsində bu nizam və qanunları qoyan padşahlar, bu nizam və qanuni aparanlar da onların dedigi adamlardır. Xəlq ancaq məhkumdur. Borcu tabe olmaqdır. Ona görə də qanunlardan, nizamlardan xəbəri yoxdur. Halbuki xəlq hökumətində, azadlıq zamanında böylə degildir. Burada nizamı, qaidəni qoyan cəmaət özüdür. Məşrutiyyət və ya cümhuriyyətlə idarə olunan məmləkətlərdə vətəndaşlar biri-birilə olan rəftarlarını, yəni azadlıqlarının dərəcəsini özləri təyin ediyorlar. Böylə məmləkətlərdə qanunlar cəmaətin şərikligi ilə, hər kəsin rəyilə yazılır və onun rizalığı ilə verilir.

Yenə anlaşılmaz bir məsələ qaldı ki, cəmaət necə öz razılığını verir, necə bu, ya o qanuni yaza bilər?

Məlumdur ki, hər kəsin könlü bir cür xoş olmaz. Birisinin arzusu o birisi üçün arzu olamaz. Hətta birinin diləgi o birinin sevmədigi bir şey də ola bilər. Madam ki, keyflər, arzular, diləklər ayrı-ayrıdır, o halda bunlardan hankisi qanun olsun. Hankisi hamısı üçün nizam və məcburiyyət hökmünə binsin?

Bunun cavabında diyorlar ki, çoxluqda olan diləklər yeriməli, azlıqda qalanlar ona tabe olmalıdırlar.

Çoxluq-azlıq. Bunu kim təyin eləsin? Misal üçün, məmləkətin bir qismi diyor ki, hökumətimiz məşrutəli padşah əlində olsun. O biri qismi diyor ki, yox, xəlq cümhuriyyəti, cümhuriyyəti-ənam təşkil olunsun. Yainki bir dəstə diyor ki, yerlər kəndlilərin arasında bö-lünsün. Bir cəmaət də istiyor ki, yerlər adil qiymətlə yeri işlədənlərə verilsin. Bir azı istiyor ki, millətlərə ayrı-ayrı idarələr verilsin, hər kəs özü öz yerində idarə olunsun. Başqaları diyorlar ki, vilayətlərə xüsusi muxtariyyət verilməsin, bu qədər bəsdir ki, hər millət öz dini, milli işlərində müstəqil olsun. Bu hallarda nə etməlidir? Əlbəttə, hər şeydən əvvəl bilməlidir ki, çoxluq bu rəylərin hansının tərəfindədir. Fəqət bunu nə cür bilmək olar?

Əsl mətləbə, cəmaət və xəlq hökumətinin əsl əsasına burada bu suala cavab verəndə yaxınlaşıyoruz. Xəlqin hanki rəyi üstündə çoxluq və azlığı olduğunu bilmək üçün məşrutəli və ya cümhuriyyətli məmləkətlərdə xəlq nümayəndəlikləri, məclislər, parlamanlar, Rusiyada da Duma təsis olunmuşdur və əsaslı məsələləri, hökumətin binası üçün lazım olan qanunları düzəltmək üçün ən yaxında Məclisi-Müəssisan qurulacaqdır.

Fəqət bu məclislər, nümayəndəliklər necə əmələ gəliyor. İştə, burada seçki məsələsi meydana gəliyor. Seçki xəlq və cəmaət idarəsinin dirəgidir. Bu dirək zəif olursa, bina uçular. Bütün məclislər, parlamanlar, məclisi-müəssisanlar xəlqin nümayəndəsi, seçilmişlə-ridir. Hər kəs öz arasından özü kibi rəydə olanlardan birisini seçib millət məclisinə göndəriyor, böyük bir məmləkətin milyonlar təşkil edən xəlqi bir yerə yığılıb rəy güləşdirə bilməsə də onun seçdigi bir neçə yüz adam yığışıb söyləşə və deyişə bilər. Bunlardan hər kəs öz rəyini, mətləbini söylər, biri o birini qane etməgə çalışar: axırda bir nəticəyə gələrlər. Rəyləri yığarlar, hanki rəy çox olsa, o aparar və o rəyi yalnız məclisdəkilər degil, onları vəkil edib göndərən xəlq üçün bir nizam və qanun hökmünü alar.

Demək ki, xəlqin nizam və qanun işlərinə qarışması, hökumət işlərində xüsusi rəy sahibi olması, cəmaət müəssisələrində rəy və fikir yiyəligində bulunması üçün seçki lazımdır. İnsanlıq və vətəndaşlıq həqqindən faidələnmək üçün demək ki, insan seçki həqqinə də malik olmalıdır.

İstibdad şəklində idarə olunan məmləkətlərin hüsni-idarəsi hökmdarın şəxsi yararlığına, rəhminə, mürüvvətinə, fəzl və kamalına, ədalət və rəfətinə, xülasə, şəxsi istedadına, meylinə bağlıdır. Cəmaət hökumətindəki hüsni-idarə isə seçki üsulinin müvafiq olmasına və xəlqin seçkidən faidələnə bilməsinə bağlıdır. Buna görə də xəlq hökuməti idarə olunan məmləkətlərdə seçki üsulinin böyük əhəmiyəti, özünəməxsus elmi, fənni, nəzəriyyəsi və sə-nəti vardır.

II

Dedik ki, cəmaət idarəsinin binası seçkidir. Mətləbi açdıq ki, seçkinin öxünəməxsus elmi, nəzəriyyəsi və sənəti vardır.

Cəmaət idarələri seçkilərinə görə ayrılırlar. Bir cür idarə var ki, ona məşrutiyyəti-xəvas diyorlar. Bu idarədə xas siniflərin, yəni varlı və nəcabətli – deyə tanınan əyan və əşrəfin seçki həqqi çox olur. Xəlqə, ənam sinfinə, yəni qara cəmaətə, füqərayə seçki həqqi verilmiyor. İdarə cəmaətin əlində olursa da, hamısının degil, ancaq bir qisminin əlində olur.

Bəzən öylə olur ki, seçki həqqi zahirən cəmaətin hamısına verilir. Fəqət o biri tərəfdən seçki nizamnaməsində öylə şeytan fikirli maddələr, cin düşüncəli fəsillər yazılır ki, yenə də seçilmiş siniflər aparıyor, qara xəlq itirmiş oluyor. Buna görədir ki, əsl cəmaət tərəfindən olan firqələr, hürriyyəti şərtsiz və qeydsiz istəyən partiyalarsa seçkini hər bir cəhətlə ümumiləşdirməgə çalışıyorlar. Bunun çarəsini isə məşhur dörd əsasın qəbulunda görüyorlar. Həqiqi cəmaət idarəsində seçkilər əvvəlcə ümumi, sonra müsavi, sonra xəfi, axırda da müstəqim olmalıdır. Bu dörd üsul imdiki inqilab hökuməti tərəfindən elan olunmuş və söz verilmişdir ki, Məclisi-Müəssisan seçkiləri bu üsullarla icra olunacaq.

Bu dörd əsasın nədən ibarət olduğunu əksər oxuculardan ötrü, bilxassə, müsəlman oxucusunun geniş dairəsi üçün çox aydın və aşkar bir mətləb degildir.

Seçkilər ümumi olsun demək nə deməkdir? Ümum – ərəb sözüdür. Ümumi olsun demək, hamısı üçün olsun deməkdir. Bizim köhnə idarə zamanında da seçkimiz vardı. Dumaya vəkillər seçirdik. Şəhər dumasına da qlasnılar seçilərdi. Fəqət bu seçkilər ümumi degildi. Cəmaətin hamısı bu seçkilərə şərik degildi. Əvvəl, bilaəvvəl iyunun üçündə etdigi əhdi-şikənligi ilə Nikolay hökuməti bütün Türkistanı dumaya vəkil göndərməkdən məhrum eləmişdi. Sonra arvadlar seçki həqqindən məhrum edilmiş, sair siniflər və millət-lər dəxi kökündən seçkidən uzaqlaşdırılmışlardı. Demək Rusiya xəlqinin hamısı üçün dumaya vəkil göndərmək mümkün degildi. Halbuki bu dumada qoyulan qanunlar hamısının halına şamil idi. Haman bircə danə olsa da, vəkili olmayan Türkistan müsəlmanlarının, qırğızların yerləri əllərindən alınır, suları ədalətsizliklə paylanır, həqləri tapdalanıyordu. Dərdlərini deyəcək bir adamları, sözlərini bildirəcək bir vasitələri yoxdu.

İmdi isə böylə degildir. Seçkilər ümumi olacaq, yəni 21 yaşına çatmış bütün rusiyalı vətəndaşlar, sinif, silk, firqə, millət və məzhəb fərqi olmadan arvad, kişi – hamısı seçki həqqinə malik olacaq.

Cəmaət seçkisinin ikinci əsası müsavi olmaqdır. Müsavi demək bərabər deməkdir. Seçkidə hər kəs bərabər olacaqdır. Bu nə deməkdir? Necə bərabər olacaq. Böylə bərabər olacaq ki, hər bir adam ancaq bir səs verə biləcəkdir. Bu mətləb zahirdə bir az qəribə görünə bilər, nə demək? Bir adam necə ola bilər ki, artıq səs sahibi olsun. Bu təcrübədə görülmüş şeylərdəndir. Seçki istehqaqi deyən bir qaidəyə görə məsələn, evi olanın bir rəyi, zavodu olanın bir səsi, çiftligi olanın da ayrı səsi vardır. Seçki üçün seçkiçinin vətəndaş ol-masından əlavə başqa bir səbəb və istehqaq mülahizə ediləndə öylə olur ki, bir adam şəhərin birində mülkədar, quberniyanın o birində zavod sahibi, digər tərəfdə də çiftlikçidir. Hər üç tərəfdə də seçki həqqi qazanıyor, birdən üç yerdə səs vermiş oluyor. Halbuki bu varlara malik olmayan vətəndaş ancaq bir səsə sahib olacaq.

Demək ki, biri üç dəfə səs vermiş olacaqdır ki, bu ədalətdən xaricdir, burada bərabərlik yoxdur. Böylə seçki vətəndaşın degil, zavodun, çiftligin, evin seçkisidir. İngiltərə cəmaət idarəsinin ən köhnə vətənidir. Oradakı cəmaət məclisinin, parlamanın 600 ildən artıq ömrü var. Qədimdə orada seçkilər mülkiyyət istehqaqına görə olmuşdur. O istehqaq qısmən imdi də vardır. Gülməli işlərdəndir ki, hər kəsin bir atı və ya bir eşşəgi varmışsa, seçkiyə iştirak edə bilərmiş. Bu il eşşəgi olub da seçkiyə iştirak edən kəndçinin gələn il eşşəgi tələf olub malsız qalsa seçkidən də məhrum olarmış. Demək ki, seçki həqqi vətəndaşın degil, eşşəgin imiş.

Seçkilər müsavi olsun demək, vətəndaşın eşşəgi oldu-olmadımı seçkiyə həqqi olub hər bir adamın ancaq bir səsi olsun deməkdir. İstər o adam müxtəlif var sahibi olsun, diplomu olsun, elmli olsun hamısı birdir. Bir adam – bir səsə malikdir.

Seçkinin üçüncü şərti gizli olmasıdır. Neçün gizli olsun, seçki vətəndaşın müqəddəs həqqidir. Bu həqdən faidələnmək gözəl şeydir. Gözəl şey də gizlədilərmi? Fəqət yaşayış məəttəəssüf şairanə degildir. Dünya məişəti insanları tamamilə hər bir qeydi-qisvədən azad edə bilməz, nə qədər siyasi azadlıq verilsə, nə qədər seçkiçinin həqqi əmin altına alınsa, əsrlərdən bəri davam edib də ikinci təbiət hökmünü alan adətlər insanı tamamilə azad olmaya buraxmaz, nə qədər iqtisadi, ticarəti ehtiyac var və insanlar cürbəcür əlaqə və riştələrlə biri-birilə bağlıdırlar. Bütün mənasilə siyasi bir azadlıq təsəvvür etmək olmaz. Nə qədər cəsur olsa da, bir əmələ aşkara gəlib də öz sahibkarı əleyhinə səs verə bilməz. Və kəsilənin uçotundan ehtiyat edən bir tacir bank rəisi ilə aşkara mübarizəyə çıxa bilməz. Aralarında “mən ölüm” rəsmi olan “comərd”lər dostlarının üzündən keçə bilməzlər. Seçki aşkara olursa, bu ehtimalların hamısı var, qorxuzmaq, utandırmaq, tovlamaq, nüfuz işlətmək – bunların hamısı mümkündür. Halbuki məmləkətin faidəsi, həqiqətin mənfəəti ondadır ki, vətəndaş öz rəyini azadlıqla versin, kimsənin təzyiqində olmasın. Kimsə onu cəbrləməsin. Bunun üçün lazımdır ki, seçki gizli olsun.

Dördüncü şərt seçkinin müstəqim olmasını istiyor. Müstəqim demək, düz deməkdir. Seçki necə düz ola bilər. Bu böylə olur ki, xəlq tərəfindən seçiləcək vəkil bir baş seçildigi məclisə gedər. Müstəqim seçkiyə başqa sözlə vasitəsiz seçki diyorlar. Vasitəsiz sözü müstəqim müqabilində bir də qeyri-müstəqim seçki olduğunu göstərir. Vasitəsiz seçki o deməkdir ki, xəlq tərəfindən seçilən vəkil bir başa seçildigi məclisə gedir. Halbuki vasitəli seçkidə böylə degildir. Misal üçün, götürək ki, hər 200.000 adam Məclisi-Müəssisana bir vəkil göndərəcək, Bakıda da 200.000 can var. Demək ki, buradan bir vəkil göndəriləcək. Vasitəsiz seçkidə şəhər əhli hamısı bir adam üçün səs verir, kim çox səs alarsa, o, Məclisi-Müəssisana gedir. Halbuki vasitəli seçkidə böylə degildir. İdarədə əvvəlcə seçkiçilər seçilir. Demək ki, əvvəlcə iki yüz mindən hər on min adama bir vəkil seçilər ki, cəmən 20 adam eylər. Bu igirmi adam olursa, seçkiçi sonra bu igirmi adam bir araya gəlib öz aralarından birini seçirlər ki, Məclisi-Müəssisana gedir. Hər iki surətdə də seçilənmiş zat millət və cəmaət bərgüzidəsi hesab olunur. Fəqət burada nazik bir nöqtə var ki, birinci üsulə üstünlük verir. İkinci üsul bir az asan olsa da, naqisdir. Çünki ola bilər ki, seçilmiş 20 seçkiçilərdən öylə birisi vəkil keçsin ki, əvvəlinci seçkidə az səs almışdır. Demək ki, cəmaət çoxluğunun meyli ilə müvafiq degildir. Ondan əlavə 200.000 xəlqi tovlamaq, nüfuz altına salmaq, utandırmaq, nəhayət satın almaq müşküldür. Halbuki igirmi adamla hər zaman anlaşmaq ehtimalı var.

İştə, vətəndaş rəyinin saflığını bakir saxlamaq və işə mümkün olduğu qədər qərəz daxil etdirməmək üçün tələb olunur ki, millət məclisi ilə millət arasında vasitə olmasın, seçkilər müstəqim və vasitəsiz olsun.

M.Ə.Rəsulzadə
”Açıq söz”, 5, 13 aprel 1917, №442, 449

Mən – qadağan
Faili-muxtar – öz işində ixtiyar sahibi olan
Sərkeş – itaətsiz
Xəvas – xassələr
Xəfi – gizli, məxfi
İstehqaq – haqlı olma
Bərgüzidə – seçilmiş, bəyənilmiş

(Ardı var)