Böyük alimin həyatına cəmisi 15 dəqiqəyə son qoyublar

0
21

Qərənfil Dünyaminqızı

Hörmətli yazıçımız Manaf Süleymanov “Son bahara çatdıq…” əsərində Ziya Bünyadovun “Qırmızı terror” adlandırdığı repressiya illərini belə səciyyələndirir: “…otuz yeddinci ildə fəhlə-kəndlidən tutmuş komissarlara qədər hamı, xüsusən ziyalılar rahatlığını itirmişdi, nəinki sabaha, heç axşama ümidləri yox idi. Hamı hər an həbs ediləcəyindən qorxurdu. Səhər açılanda hara gedirdin, yeni-yeni həbslər olduğunu, kimlərinsə tutulduğunu xəbər verirdilər. Gündüz görüb danışdığın adamları gecə aparırdılar”.

O, gecələrin qurbanları arasında BDU-nun rektorları da oldu. Onlardan biri də 1935-ci ilin yanvarından, 1937-ci ilin yanvarına kimi bu vəzifəni icra edən Balabəy Cabbar oğlu Həsənbəyov idi. Onun BDU-dakı fəaliyyətindən bəhs etməzdən əvvəl, kimliyi haqqında məlumat vermək yerinə düşərdi.

Balabəy Həsənbəyov 1899-cu ildə Gəncədə anadan olub. İlk təhsilini də bu şəhərdə alıb. Gənc yaşlarından Azərbaycan Kommunist (b) Partiyasının üzvü olan Balabəy Moskvada Qırmızı Professorlar İnstitutunu qurtardıqdan sonra Azərbaycandakı ictimai-siyasi hadisələrdə çox yaxından iştirak edib. Balabəy müəllim BDU-ya rektor təyin edilənə kimi Azərbaycanın hüdudlarından kənarda da görkəmli iqtisadçı alim, yaxşı maarif təşkilatçısı kimi tanınmışdır. Ona görə də BDU-ya rektor təyin ediləndən az sonra universitetin fəaliyyətində canlanma yarada bildi. 1935-ci ilin aprelində universitetin akademik heyəti 52 nəfərdən ibarət idi. Onlardan 10 nəfəri professor, 14-ü dosent, 13-ü assistent, 10-u müəllim, 3-ü kabinet müdiri, 1-i məsləhətçi, 1-i hazırlıq kursunun müdiri idi. Bu tərkibdə 22 nəfər azərbaycanlı da var idi.

Amma bunlar Mərkəzi qane etmirdi. SSRİ XKS və ÜİK (b) P MK-nin “Ali məktəblərin işi və ali məktəbə rəhbərlik haqqında” 1936-cı il 23 iyun tarixli qərarı universitetlərin fəaliyyətində bir sıra dəyişikliklər etdi. Bu dəyişikliklərə əsaslanaraq, BDU-da 1936-1937-ci dərs ilində briqada-laboratoriya təlim metodunun ləğv edilməsi, mühazirələrə, onların ideya-məzmununa, habelə tələbələrin müstəqil işinin təşkilinə diqqətin artırılması nəzərdə tutulurdu. Burada əsas məsələ BDU-nun ideya-siyasi istiqamətini elmə yox, “dövrün tələbi”nə uyğun qurmaq idi. Ona görə də təkcə BDU-da deyil, respublikada olan bütün təhsil, elm ocaqlarında “siyasi tərbiyə” işinə diqqət gücləndirildi. Ali məktəblərdə marksizm-leninizm nəzəriyyəsinin öyrənilməsi üçün “Marksizm-leninizm əsasları” adlı kurs geniş təbliğ edilməyə başlandı. Beləliklə, təkcə BDU-da deyil bütün ali məktəblərdə xüsusi olaraq “ideya-siyasi tərbiyə sistemi” formalaşdı. Onu da qeyd edim ki, bu sistem SSRİ-nin dağılmasına qədər davam etdi və mən bir zamanlar BDU-nun tələbəsi kimi (1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində) bunun şahidi oldum. Uzun illərdən sonra zaman sübut etdi ki, 1920-ci ilin ortalarından başlayaraq SSRİ-də formalaşan kommunizm ideologiyası və bu ideologiya üzərində qurulmuş bolşevik hakimiyyəti bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrildi.

1936-cı ilin son aylarında Xalq Maarif Komissarlığının komissiyası BDU-nun fəaliyyətini yoxlamağa başladı və universitetdə çox ciddi nöqsanların olduğunu “aşkarladı”, rəhbərliyin yarıtmaz fəaliyyətini xüsusi qeyd etdi. Elə bu bəs idi. 1937-ci ilin yanvarı Balabəy Həsənbəyov üçün qara gəldi. Yanvarın 28-də Azərbaycan SSR XDİK Dövlət Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən professor, BDU-nun rektoru B.Həsənbəyov həbs edilir. Görkəmli alimin “günahı”, əksinqilabi trotskiçi təşkilatın üzvü olması, RK (b) P-a və Sovet hökumətinə qarşı silahlı üsyan hazırlanmasında iştirak etməsi və ən əsası, terrorun tərəfində durması idi. Heç bir ittihamları qəbul etməyən və inadkarlıqla günahsız olduğunu, hökumətinə sadiq qaldığını sübut etməyə çalışan B.Həsənbəyov üç-dörd dindirilmə prosesindən sonra “susmağa” məcbur oldu. Verilən işgəncələr, təhqiramiz hadisələr bəzən o qədər dözülməz olurmuş ki, “müqəssir” hər şeyi “səmimi şəkildə” boynuna alırdı.

Deyilənə görə bu cəza üsullarından ən ağırı “kruq” imiş. Bu haqda DSİ baş müstəntiqi A.Mailyan illər sonra yazırdı: “Cəza üsullarından biri də “kruq” (“dövrə) idi. Şüşə zavodundan tonyarımlıq yük maşınlarına şüşə qırıntıları doldurub gətirir, birinci mərtəbədəki otağa töküb hamarlayırdılar. Dövrədə bir-birindən aralı yumşaq kreslo, bir də balaca stol qoyulurdu, stolun üstünə konyak, araq, papiros, kibrit, qədəh, şirniyyat və məzələr düzülürdü. Böyüklər evlərində nahar edib dincəlirdilər. Axşam gəlib bir az işləyir, sonra düşürdülər “kruqa”, hərə otururdu kreslosunda. Nəzarətçilər “müqəssirləri” lüt soyundurub itələyirdilər şüşə qırıntılarının üstünə, yerə sərib təpikləyə-təpikləyə, şallaqlaya-şallaqlaya əzab verirdilər. Çox keçmirdi ki, “günahkarlar” al-qan içində olurdular. Onlar qışqırıb bağırdıqca, ağlayıb aman istədikcə cəza verənlər coşub, daha çox kötəkləyir, şallaqlayır, təpikləyir, qəhqəhə ilə gülür, əla salır, təhqir edir, keçmiş yüksək mövqelərini onlara xatırladırdılar…”. Müstəntiqin yazısından belə bəlli olur ki, həbs edilən “müqəssir” ziyalılarımızın əksəriyyəti bu “kruq” əməliyyatından sonra güllələnməyə aparılırmış.

Təbii belə ağır, dəhşətli işgəncədən sonra “müqəssir” “günah”ını (əgər sağ qalardısa və yaxud ağlını itirməzdisə) boynuna alırdı. Elə “əsas məsələ” də bundan sonra başlayırdı. Balabay müəllimin də “məsələsi” 1937-ci ilin 11 oktyabrında baş tutdu. Balabəy Həsənbəyovun işi ilə bağlı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının saat 17-də işə başlayan və cəmi 15 dəqiqə davam edən iclası keçirildi. Cəmi 15 dəqiqəyə bu böyük alimin həyatına son qoydular. Balabəy müəllim əmlakı müsadirə olunmaqla ən ağır cəzaya-güllələnməyə məhkum edildi.

Məşhur amerikalı alim, siyasi xadim Zbiqnev Bjezinski SSRİ-nin fəaliyyətinə həsr etdiyi məqalələrindən birində onun inkişaf variantlarından danışır. Müəllif qeyd edir ki, SSRİ-nin birinci onillikləri uzun müddət böhran vəziyyətində olacaq və bu əvvəlcədən məlum olmayan çox ağır nəticələrə gətirib çıxaracaq. Bəli, çıxardı da. 1920-ci ilin aprel işğalından 1950-ci illərin ortalarına kimi qırmızı imperiya yerli nökərlərin vasitəsilə Azərbaycan adlı məmləkəti diri-diri odun içində “yaşatdı”. Sonralar bu od nisbətən “sondürülsə” də, yaraları heç zaman sağalmadı və sağalmayacaq da!