“Övraqi-nəfisə” jurnalı

0
29

Gülnar Nəzərova

28 may 1918-ci il Azərbaycan dövlətinin tarixində silinmiz bir izdir. Bu tarix cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün başlanğıc tarixi idi. 1918-1920-ci illər ərzində həmin dövrün ziyalıları tərəfindən müəyyən maarifçilik işləri təşkil edilib. Bu uğurda başda Məhəmməd Əmin Rəsulzadə olmaqla Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digər maarifpərvər vətəndaşlarımız çox cəfa çəkiblər. Keçilmiş çətin yolda maarifçilərimiz mətbuat vasitəsilə öz sözlərini insanlara çatdırırdılar. “Zənbur”, “Şeypur”, “Övraqi-nəfisə”, “Azərbaycan”, “İstiqlal” kimi mətbu orqanları bu yolda böyük əhəmiyyətə malik olub.
“Övraqi-nəfisə” jurnalı özünəməxsus fəaliyyət istiqaməti ilə seçilir. Jurnalın ömrü çox qısa olub, lakin dərc olunmuş yazılar bütövlükdə həmin dövrün mədəni proseslərini geniş surətdə əks etdirib. “Övraqi-nəfisə” həmçinin ədəbiyyat və incəsənət sahələrinə dair mövzuları işıqlandırmış ilk dövri mətbuat orqanımızdır. 1919-cu ildə fəaliyyətdə olmuş jurnalın redaktoru şair, ədəbiyyatşünas Əliabbas Müznib, naşiri isə Zülfüqar Hacıbəylidir.
Təəssüf ki, ədəbi-bədii məsələlərə yer vermiş mətbu vasitəsinin Bakı şəhərində çox az – cəmi altı nömrəsi nəşr olunub.
O dövrdə müxtəlif jurnallara rəsmlər çəkmiş rəssam Əzim Əzimzadənin yaradıcılıq fəaliyyətində “Övraqi-nəfisə”nin xüsusi yeri var. Görkəmli rəssam jurnalın səhifələri üçün biri-birindən maraqlı rəsm əsərləri yaradıb.
Mədəniyyətimizin nüfuzlu şəxsiyyətləri – Firidun bəy Köçərli, Əmin Abid, Cəmo Cəbrayılbəyli, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları jurnalla əməkdaşlıq edərək onun inkişafı üçün xüsusi rol oynayıblar. Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Bədri Seyidzadə, Rəşid bəy Əfəndiyev, Əliağa Vahid, Xədicə xanım Ədvi, Əbdülqasım Nəbati, Hacı Səlim Səyyah kimi bədii yaradıcılığımızın əvəzedilməz şəxsiyyətləri barədə məlumatların dərc olunması xalqımızın ədəbiyyat tariximiz haqqında informasiya almasına xidmət göstərib.
“Övraqi-nəfisə” jurnalı bir tərəfdən bədii yaradıcılığımızın çoxşaxəliliyindən xəbər verərkən, digər tərəfdən də maarifçilik xarakteri daşıyır. Burada xalqın maariflənməsinə, savadlanmasına yönəlmiş publisistik yazılar da işıq üzü görüb.
Təbii ki, jurnal yalnız bu mövzularla kifayətlənməyib, incəsənətin müxtəlif növlərinə həsr olunmuş yazılara da geniş yer verib. Teatr, musiqi kimi mədəniyyət sahələrinə əsaslanan məqalələr də mətbu orqanına rəng gətirib. Jurnalda yer üzündə şöhrət əldə etmiş memarlıq nümunələri haqqında məlumatlar da yer alıb. Burada Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaşayıb-yaratmış şəxsiyyətlərimizin mədəni-tarixi abidələr barədə maraqlı mülahizələri qeyd edilib. Jurnal hər sayında fərqli mövzulara açıqlıq gətirib.
Bütün bu sadalanan cəhətlərinə görə, “Övraqi-nəfisə” dövrün digər mətbu orqanlarından fərqlənir. O həm AXC dövrü, həm də o zamanın ümumi mədəni fəaliyyətinin öyrənilməsi baxımından yaşadığımız zəmanə üçün olduqca əhəmiyyətlidir. “Övraqi-nəfisə” jurnalı Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mədəni zənginliyinin bir ifadəsidir.