Yüz illik dünən

0
60

Telli Əzizova,

Jurnalistika fakültəsi, II kurs

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə silinməz izlər nəqş edib. Cənubi Qafqazın ən gözəl guşələrini köksündə bəsləyən ana yurdumuz ta əzəl gündən bu torpaqlar uğrunda dəfələrlə döyüş meydanına çevrilib. Xalqımızın keçdiyi bu ağır sınaqlara, keşməkeşli həyat yoluna yaxşıca bələd olan görkəmli Azərbaycan maarifçiləri, ürəkləri hürriyyət uğrunda çırpınan yurdun mərd oğulları vahid məfkurədə birləşib, istiqlala qovuşmaq üçün hər vəchlə çarpışıblar. Təsadüfi deyil ki, 1906-cı ildə Dövlət Dumasında iştirak etmiş İsmayıl bəy Ziyadxanov öz çıxışında mərdliklə qeyd edib: “Biz buraya qan gölünə çevrilmiş vətənimizdə insan cəsədlərinin üzərindən keçib gəlmişik!”
“Məhz buna görə də, AXC o zamana qədər qurulmuş demokratik dövlətlərin hamısından demokratik idi. Çünki Cümhuriyyətimizin qurucuları zülmün dadına yaxşı bələd idilər” (Yaqub Mahmudov).
1918-ci il mayın 27-də Zaqafqaziya Seyminin buraxılması nəticəsində Müsəlman fraksiyası özünü Azərbaycan Milli Şurası bəyan etdi və ertəsi gün, mayın 28-i Tiflisdə AXC-nin yaradılmasını 6 bəndlik “Milli İstiqlal Bəyannaməsi”nin imzalanması ilə təsdiqlədi.
(“İstiqlal bəyannaməsi”nin orijinal forması)

AXC dünya ictimaiyyətinə özünün demokratik quruluşunu çatdırmaq və beynəlxalq aləmdə tanınmasına nail olmaq istəyirdi. Bütün bu səylər nəticəsində o Əlimərdan bəy Topçubaşovun timsalında idarə heyətinin Paris sülh konfransında iştirakını, 1920-ci ilin yanvarında Cümhuriyyətin dünya dövlətləri tərfindən de-fakto taınmasını təmin etdi. Yenicə addım atmış körpə Cümhuriyyətimiz üçün bu uğurlar ağılasığmaz dərəcədə böyük və danılmaz idi. 1918-ci il 7 dekabrda H.Z.Tağıyevin keçmiş Qızlar məktəbinin binasında müsəlman Şərqində demokratik prinsiplər əsasında ilk parlamentin fəaliyyətə başlaması da AXC-nin demokratik dövlət quruluşunun sübutlarından biridir.
“Lakin Azərbaycanın parlament tarixi Tiflisdən başlayır. Zaqafqaziya Seyminin müsəlman fraksiyasındakı 44 deputat bizim parlamentimizin ilk rüşeymləri idi”(Y. Mahmudov).

(Bakıda AXC parlamentinin açılış mərasimi)
Xalq Cümhuriyyəti apardığı uğurlu xarici siyasətin yekununda qonşu və eləcə də digər xarici ölkələrlə dostluq əlaqələri qura bilmişdi. Amma maarifin olmadığı, cəhalətin hökmranlıq etdiyi bir torpaqda demokratiyadan bəhs etmək qəliz məsələ olardı. Bu səbəbdən ziyalıların dəstəyi ilə 100 tələbə xaricə təhsil almağa göndərildi. AXC parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarı əsasında Bakıda ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti fəaliyyətə başladı.
“Universitetin ilk rektoru Kazan universitetinin professoru V.İ. Razumovski təyin olundu. Onu Bakıda qalmağa razı salan əsas şəxsiyyət Behbud bəy Şahtaxtlı idi” (Nəsiman Yaqublu).
Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarındn biri, Milli Şuranın sədri olmuş M.Ə.Rəsulzadə bu universitetdə ana dilində təhsil alanlar cərgəsində idi.
AXC cəmi 23 ay yaşasa da, bu qısa zaman kəsiyində misilsiz uğurlara imza atdı, xalqı azadlıq, hürriyyətə qovuşdurdu. Bu səbəbdən, yüz il də keçsə, min il də keçsə, Əli bəy Hüseynzadə, Məhəmmədhəsən Hacınski, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə və daha yüzlərlə istiqlaliyyət carçılarının adları çəkildiyində qəlbimizdə azadlıq, istiqlaliyyət eşqi bu gün də coşmaqda davam edir. Yüz ili başa vuracaq bu tarix ona görə “dünən”dir ki, bu şanlı səhifələri yazanlar bizə dünən qədər yaxındırlar. Bizə 100 illik miras qoyub getsələr belə…