Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi

0
38

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 10 aprel 2019-cu il tarixli Sərəncam imzalayıb Həmin sərəncama uyğun olaraq Şuşa rayon İcra Hakimiyyətinin, Azərbaycan Mətbuat Şurasının və BDU-nun Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı Şuşa şəhər 1 nömrəli tam orta məktəbində tədbir keçirilib.

Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Mətbuat Şurasının əməkdaşları, BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti, ziyalılar və Şuşa rayon ictimaiyyəti iştirak edib.

Tədbirin keçirildiyi Şuşa şəhər 1 nömrəli tam orta məktəbin hər mərtəbəsində Şuşa rayonunun musiqiçiləri Azərbaycan musiqisini, mədəniyyətini nümayiş etdiriblər.  Şuşa Rəsm Qalereyasının (rəssam Rövşən Bayramov) təqdim etdiyi Şuşanın rəsm əsərlərindən ibarət sərgi də çox maraqla qarşılanıb.

Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ədəbi-bədii kompozisiya və Emin Məmmədlinin ifasında “Ey Vətən” mahnısı da tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

Tədbirdə Şuşa rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Mətbuat tarixi kafedrasının professoru-məruzəçi Nəsiman Yaqublu, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmlər doktoru, professor Cahangir Məmmədli, Televiziya və Radio Jurnalistikası kafedrasının müdiri, Filologiya üzrə elmlər doktoru, professor Allahverdi Məmmədli, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Məmmədli, Televiziya və Radio Jurnalistikası kafedrasının professoru Qulu Məhərrəmli, Mətbuat tarixi kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova, Mətbuat tarixi kafedrasının doktorantı Rüxsarə Məmmədova və Ağayevlər nəslinin nümayəndəsi, təhsil nazirliyinin əməkdaşı Rövşən Ağayev Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri, görkəmli hüquqşünas, publisist, tənqidçi və şərqşünas alim Əhməd bəy Ağayevin (1869-1939) Azərbaycanın milli mübarizə tarixində mühüm rol oynamasından danışıblar.

Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov tədbirdə çıxış edərək, Şuşanın görkəmli şəxsiyyətləri barədə məlumat verib. Respublikamızın sosial-iqtisadi sahədə bu gün əldə etdiyi uğurlardan, inkişafdan danışaraq, bu cür tədbirlərin işğaldan azad edilmiş yurd yerlərimizdə, doğma torpaqlarımızda keçiriləcəyinə əminliyini vurğulayıb.

Tədbirdə, həmçinin bir sıra qonaqlar- BDU Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Əliyev, dosent Qərənfil Dünyaminqızı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, yazıçı Sadıq Qarayev və ictimai xadimlər də iştirak ediblər. Sonda Şuşa şəhər Bülbülcan adına musiqi məktəbinin müəllimləri Səyavuş Mehdiyev və Xəyalə Əliyevanın ifasında “Qarabağ şikəstəsi” səsləndi və tədbirdən xatirə şəkillər çəkildi.