Azərbaycan uşaq ədəbiyyatı. Zahid Xəlil

0
79

 

 

   Leyla Zərbəliyeva

Azərbaycan ədəbiyyatının ən mühüm, əsas tərkib hissələrindən birini uşaq ədəbiyyatı təşkil edir. Milli uşaq ədəbiyyatı müstəqil sahəyə çevrilmiş, yarandığı fövrdən bu günə qədər keşməkeşli yollar keçmiş, bəzən inkişaf edərək yüksəlmiş, bəzən isə tənəzzül dövrü keçirmişdir. Dünya xalqları ədəbiyyatı tarixinə nəzər saldıqda da belə halların şahidi olarıq.

Ədəbiyyatımızın sevə-sevə oxuduğumuz, görkəmli nümayəndələri olan Xəqani, Nizami, Nəsimi, Füzuli əsərlərində uşaqlar üçün müdrik fikirlər söyləmiş, öyüd və nəsihətlər vermişlər.

XIX  əsrdən başlayaraq ədəbiyyat sahəsində maarifçilik güclənmiş, uşaq ədəbiyyatına olan maraq daha da artmış, XX əsrin əvvəllərindən isə Azərbaycan uşaq ədəbiyyatının keyfiyyətcə inkişaf mərhələsi olmuşdur. Yeni uşaq ədəbiyyatı yaradılmış, yaranan ədəbiyyatlar uşaqlar və yeniyetmələr arasında geniş təbliğ olunmuşdur.

Müstəqillik illərindən sonra uşaq ədəbiyyatı sahəsində yeni motivli əsərlər yaradılmağa başlanmış, bir sıra qələm sahibləri- Ə.Quluzadə, R.Yusifqızı, İ.Tapdıq, Z.Xəlil, S.Nuruqızı, Q.İsabəyli öz yaradıcı fikirləri ilə uşaq ədəbiyyatının inkişafına töhfələrini vermişlər.

Azərbaycan uşaq ədəbiyyatında yaratdığı orijinal obrazlarla seçilən, uşaqların təsəvvürlərinin, dünyagörüşlərinin formalaşmasında böyük rol oynayan, yaratdığı obrazlarla təkcə uşaqların deyil, həmçinin böyüklərin də diqqətinə, marağına səbəb olan, ömrünü bədii söz sənətinə həsr edən şair, yazıçı, sənətkar Zahid Xəlil uşaq ədəbiyyatının ən gözəl nümayəndələrindən biridir.

Zahid Abdulla oğlu Xəlilov 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olmuşdur. Orta təhsilini Yevlax şəhərindəki M.Ə.Sabir adına 2 nömrəli məktəbdə almışdır. İlk şeirini altıncı sinifdə oxuyarkən yazmış, onuncu sinifdə oxuyarkən isə “Vətənim” adlı ilk mətbu şeiri çap olunmuşdur.

Z.Xəlil ali təhsilini Azərbaycan Dövlət Universitetinin ( indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsində almış, universiteti müvəffəqiyyətlə bitirmişdir. Daha sonra müxtəlif mətbuat orqanlarında ədəbi işçi,məsul katib,redaktor vəzifələrində çalışmış, işlədiyi müddət ərzində bədii və elmi yaradıcılıqla məşğul olmuş, 1969-cu ildə “Uçan çıraqlar” adlı ilk şeirlər kitabı çap olunmuşdur.

Z.Xəlilin yaradıcılığı olduqca seçilən, fərqlənəndir. Bununla yanaşı həm də sadədir. Z.Xəlil şeirlərində, hekayələrində, povestlərində hər kəsin görüb, lakin heç də  hamının fərqinə varmadığı obrazlar yaradıb. O, apardığı müşahidələr əsasında yazdığı əsərlərində uşaqlarda vətənə məhəbbə hissi aşılamış, şüurunu formalaşdıran və onlara maraqlı görünən əsərlər yazmağı üstün tutmuşdur.

Tənqidçi-alim, akademik Bəkir Nəbiyev “Uşaq ədəbiyyatımız müasir mərhələdə” adlı məqaləsində Z.Xəlil yaradıcılığından bəhs edərək yazır: “ Hələ “Torağaylar oxuyur” kitabındakı:

Bax, bu ağac gilasdı,

Yaz gəldi, bu ağacın

Budağından gül asdı,-

qəbildən olan şeirləri ilə balacaları riqqətə gətirən Zahid Xəlil “Ballıca” adlı yeni kitabındakı nağıl və hekayələrlə onları bir daha sevindirdi.  Bu əsərlər uşaqlar üçün “Məlik Məmməd” və “Cırtdan” kimi, Andersen və Qrimm qardaşlarının nağılları kimi cazibədar və ürəkaçandır”.

Azərbaycan uşaq ədəbiyyatı sahəsində Z.Xəlil dünya uşaq ədəbiyyatı nümayəndələri  ilə müqayisə edilən ilk qələm sahiblərindəndir. Alman alim-filoloqları, folklorçu yazıçıları Yakob və Vilhelm Qrimm qardaşları və dünyanın tanınmış nağılçısı, “nağıllar kralı” adı ilə məşhur olan, danimarkalı yazıçı Hans Xristian Andersenlə müqayisə olunması buna nümunədir.

Z.Xəlilin yaradıcılığı bir çox dünya xalqlarının dillərinə- rus, eston, Ukrayna, latış, gürcü, qazax, türkmən, özbək, alman, holland, fin, yuqoslav, Litva, hind dillərinə tərcümə olunmuşdur. Onun uşaqlar üçün yazdığı şeir və hekayələr Rusiyanın uşaq mətbuatında- “Murzilka”, “Vesyolie kartinki”, “Pioner”, “Kolobok”, və eyni zamanda “Nedelya”, “Literaturnaya qazeta”, “Rabotnitsa”, kimi qəzet və jurnallarda dərc edilmişdi. Z.Xəlil həmçinin “Literaturnaya qazeta” tərəfindən “Kölgələr” və “Limonad içməyin” hekayələrinə görə “Zolotoy telyonok” mükafatına layiq görülmüşdür. Daha sonra Z.Xəlil uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq cəmiyyətin keçirdiyi simpoziumun iştirakçısı olmuş, sonralar bu təşkilatın üzvü seçilmişdir. Ümumittifaq müsabiqəsində “Salam,Cırtdan!” kitabı birinci yeri tutmuş və “Ən yaxşı uşaq kitabı” diplomuna layiq görülmüşdür. “Cırtdanla Azmanın yeni sərgüzəştləri” adlı kitabı isə keçirilən Respublika müsabiqəsində də ilk yeri tutmuşdur.

“Cırtdanla Azmanın yeni sərgüzəştləri” kitabı yazıçının “Ballıca” və “Çıraq nənənin nağılları” kitablarının davamıdı. Ümumiyyətlə Cırtdan obrazı Z.Xəlilin tez-tez müraciət etdiyi obrazdı. Z.Xəlil folklor qəhrəmanı olan Cırtdanı müasir şəraitdə təsvir edir, Azmanla maraqlı macəralarını qələmə alır.

“Siz mənim kitablarımdan onların hər ikisi haqqında eşitmisiniz. Cırtdanın bapbalaca, Azmanın isə yekəpər bir uşaq olduğunu bilirsiniz. Orasını da bilirsiniz ki, onlar nağıllar gətirir, mən də çap etdirib sizə çatdırıram. Bir də bəzi xırda-para işlərdən başqa heç nə bilmirsiniz. Əslində mən özüm də heç nə bilmirdim. Cırtdanın telefon zəngləri məni narahat edirdi. Azmanın isə tənbəlliyi haqqında eşitdiklərimdən əlavə demək olar ki, heç nə bilmirdim. Amma budur, mən onlar haqqında povest yazıram. Deməli bu uşaqları lap yaxşı tanıyıram.”

Z.Xəlil əhvalatları uşaqların anlayacağı dildə yazaraq onları nağıllar dünyasına aparmağı bacarır. “Salam,Cırtdan”, “Cırtdanın bu qədər balaca olmağının sirri”, “Qeyri-adi tütək”, “Cırtdanın vertalyotu”, Meymun balasının xilas olması”, “Qəribə gün”, “Azmanın hirslənməsi”, “Azmanın şələsi”, “Cırtdanın ayaqqabısının itməsi və şəhər televizorlarının xarab olması”, və sair nağıllar olduqca məharətlə, maraqlı süjet əsasında qələmə alınaraq oxucularını sevindirmişdir.

Z.Xəlilin “Cırtdanla Azmanın yeni sərgüzəştləri” kitabında təkcə Cırtdanla Azmanın əhvalatlarından söhbət açılmır. Burada həmçinin bi-birindən maraqlı povestlər,hekayələr yer almışdır. “Anar”, “Sabun köpükləri”, “Çıraq nənənin nağılı”, “Qəlbinurun başına gələnlər” povestləri, “Üçbucaq ölkənin adamları”, “Çiyələklərin çəhrayı nağılı”, “Okean səyahəti”, “Qapılar”, “Çəmənlikdən qovulan qurbağa”, “Hamıya nağıl danışmaq istəyən qız”, “Dənizin tapşırığı”, Qayaya çevrilmiş balina”, “Stolüstü lampanın dərdi”, “Heç nə haqqında nağıl” və sair hekayələr bu kitabda toplaşaraq öz sevimli, balaca oxucularını gözləyir.

Kitabın sonunda rus ədəbi tənqidçisi İqor Motyaşovun Z.Xəlil və onun yaradıcılığı haqqında fikirləri verilmişdir. İ.Motyaşov belə demişdir: “Zahid Xəlil yalnız ədəbiyyatşünas, tənqidçi deyil, hər şeydən əvvəl o, ən güclü uşaq yazıçılarından biridir. Z.Xəlilin uşaq ədəbiyyatına gəlişi və bu gəlişlə gətirdiyi yeniliklər bugünkü Azərbaycan ədəbiyyatına xas olan bir xüsusiyyətdir. Bu mənada yazıçının fərdi dəst-xətti, özünəməxsus bədii aləmi onu qələm yoldaşlarından kəskin sürətdə fərləndirib.”

Son olaraq mənə uşaqlıqdan ədəbiyyatı sevdirən, mütaliəyə maraq oyadan, sehirli dünyalara aparan Zahid Xəlilə təşəkkür edirəm!