Bakı Xoreoqrafiya Akademiyasının Kolleci

0
39

Şəlalə Məhyəddinqızı

Azərbaycan Radiosunun əməkdaşı    

Ölkəmizdə incəsənətin bütün sahələrinin inkişafı üçün dövlət tərəfindən mühüm işlər görülür. Təsadüfi deyil ki, hər bir sənət üzrə də Azərbaycanlı sənətkarların sayı az deyil. Istər milli musiqi sənəti olsun, istər opera, balet və digər istənilən sahə üzrə korifey sənətçilərimiz dünyanın ən məşhur salonlarını fəth etməyə qadirdir. Xoreoqrafiya sahəsində də uğurlarımız çoxdur.

Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 30 aprel tarixli sərəncamı ilə Bakı Xoreoqrafiya məktəbinin bazasında yaradılan Bakı Xoreoqrafiya Akademiyasının əsas məqsədi ölkəmizdə xoreoqrafiya sənəti ənənələrini qorumaq, inkişaf etdirmək, bu sahə üzrə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.

Xoreoqrafiya Akademiyasının nəzdində fəaliyyət göstərən İncəsənət kolleci də eyni missiyanın daşıyıcısıdır. Burda tələbələr Xoreoqrafiya sənəti, Musiqi müəllimliyi ( tar, nağara, qarmon, kamança, vokal, fortepiano), Xalq çalğı alətləri (tar, nağara, kamança, qarmon), Rəqs müəllimliyi və Xalq çalğı alətləri ifaçılığı üzrə təhsil almaq imkanına malikdirlər. Bədii təhsilin müasir standartlara uyğun təşkili və orta ixtisas təhsil pilləsi səviyyəsində mükəmməl mütəxəssislərin hazırlanmasına nail olmaq üçün bu kollecin üzərinə də böyük məsuliyyət düşür. Kollec həm tədrisdə, həm də gənc nəslin tərbiyəsində öz fəaliyyətini dövrün tələbələrinə, dövlətin müəyyən etdiyi çağdaş təhsil standartlarına uyğun qurmuşdur. Bunun üçün tədris prosesinə yüksəkixtisaslı müəllimlər, xalq artistləri və əməkdar artistlər cəlb olunmuşdur. Kollecə pedaqogika üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova rəhbərlik edir.

Aynur xanımın sözlərinə görə Xoreoqrafiya Akademiyası Şərq ölkələri arasında anoloqu olmayan bir tədris müəssisəsidir. Onun rəhbərlik etdiyi İncəsənət kolleci əvvəlcə akademiyanın nəzdində şöbə olub. 2015-ci ildən kollec sərbəst şəkildə akademiyanın bir pilləsi kimi çalışmağa başlayıb. Kollecdə əsas ana xətt xoreoqrafiya sənətidir.  Bundan əlavə digər istisaslar üzrə də tələbə qəbulu aparılır. Rəqs müəllimliyi, müsiqi müəllimliyi, xalq çalğı alətləri üzrə ixtisaslar da müasir dövrdə ölkə üzrə tələb olunan kadr potensialının təmini məqsədini güdür.

Kollecin özəlliyi ondadır ki, buradakı bütün ixtisaslar sırf xoreoqrafiya sənətinin incəliklərinə uyğun olaraq formaslaşdırlır. Kadr seçimi zamanı xoeorafiya sənətinə uyğun gələn konsertmeystrlərə üstünlük verilir. Beləki, onların tələbələri müşayəti, improvizasiya məharəti ön plana çəkilir.  Xoreoqrafiya sənətinin mürəkkəbliyini başa düşən, spesifikasını, ritmik qabiliyyətini tam şəkildə mənimsəyən ən mükəmməl kadrlar seçilir.

Kollecin qısa müddət ərzində böyük uğurları olub. Bu təhsil ocağının tələbələri böyük səhnələrdə məharətli çıxışları ilə müəllimlərin etimadını doğruldub, kollektivin, pedoqoji heyətin başını uca ediblər.

Məsələn yola salınan tədris illərində kollecin yetirmələri dəfələrlə yadda qalan proqramlar təşkil ediblər.  Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində nümayiş etdirilən “Səmayi şəms” rəqs-tamaşası, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baleti, Xoreoqrafiya təhsili tarixində ilk dəfə olaraq Şərqin ilk professional baleti olan Əfrasiyab Bədəlbəylinin “Qız qalası” baleti buraxılış tamaşası və s. layihələr görülən işlər sırasındadır.

Hər bir ölkə əhəmiyyətli tədbirlərə, bayramlara ciddi şəkildə hazırlaşan kollecin müəlim və tələbə heyəti əlamətdar günlərin yüksək səviyyədə təşkili üçün maraqlı və zəngin proqramlar hazırlayaraq akademiyada yüksək səviyyədə nümayişini həyata keçiriblər. Eyni zamanda ictimai işlərdə, humanist aksiyalarda da fəal iştirak ediblər.  Yeni il və Dünya Azırbaycanlılarının Həmrəyliyi günündə  Saray qəsəbəsində yerləşən uşaq evini ziyarət edib, əlil uşaqlara bayram sovqatı aparıb, onlar üçün xüsusi konsert proqramı təqdim ediblər. Bahar Bayramında isə Qocalar evi ziyarət olunub, ahıl yaşlı insanlara mənəvi dəstək olub, onlara bayram sevinci yaşadıblar.  Akademiyanın Hesabat konsertində də kollecin tələbələri gözəl ifaları ilə tamaşaçı alqışları ilə qarşılanıblar.

Bakı Xoreoqrafiya Akademiyası üçün şəhərimizin gözəl bir yerində  yüksək səviyyədə bina inşa olunub və kompleks tikinti işləri hələ də davam edir. Payrtaxtımızın mərkəzi küçələrindən biri olan Rəşid Behbudov 75 ünvanında, gediş-gəlişin asan olduğu bir məkanda təhsil almaq, sırf mərkəzdə oxumaq hər bir tələbinin arzusudur ki, əsl tələbəlik həyatını yaşaya bilsin. O ki, qaldı incəsənətlə, yaradıcılıq aləmi ilə məşğul olanlara, tam fürsətdir ki, öz arzularını reallaşdıracaq bir təhsil müəssisəsinin imkanlarını nəzərdən keçirsinlər. Kollec seçimi zamanı özəl xüsusiyyətləri ilə fərqlənən bu təhsil ocağını seçməklə gənclərimiz əldə etdikləri ixtisasları yüksək səviyyədə, mükəmməl şəkildə mənimsəyə bilərlər.

Əziz Abituriyentlər, peşəkar sənət fədailərinin, görkəmli sənət ustalarının çalışdığı, pedoqoji sahədə böyük nailiyyətlərə imza atan yüskək ixtisaslı kadrların toplandığı Bakı Xoreoqrafiya Akademiyasının İncəsənət Kolleci sizin yolunuzu gözləyir.  Seçiminizi elə edin ki, sənət yollarında uğur qazana biləsiniz. Ustadlardan öyrənsəniz, onların qazandığı təcrübədən yararlansanız həyat yolunuzu, sənət dünyanızı özünüz düzgün seçmiş olarsınız.