Böyük yazıçı haqqında dəyərli kitab

0
68

Ayaz Musayev

Azərbaycan Yazıçılar Birliyinin  üzvü

Bu yaxınlarda Azərbaycanın kitab bazarına məzmun baxımından çox dəyərli, poliqrafiya cəhətindən isə çox möhtəşəm olan “Mirzə İbrahimov” adlı nəşr çıxarılmışdır. Kitabın müəllifi respublikanın tanınmış alim və publisisti, ölkəmizin nüfuzlu çap orqanlarından biri olan “Respublika” qəzetinin və iki populyar çap nəşrlərinin – “Füyuzat” və “İşıq” jurnallarının rəhbəri, filologiya elmləri doktoru, professor Teymur Əhmədovdur.
Nəşr Azərbaycanın Xalq Yazıçısı, milli ədəbiyyatımızın klassiki, akademik, Sosialist Əməyi Qəhrəmanı, vətənpərvər insan Mirzə Əjdər oğlu İbrahimovun həyatına, yaradıcılığına və ictimai fəaliyyətinə həsr edilmiş 700 səhifədən ibarət fundamental işi əks etdirir.
Mirzə İbrahimov kitab-albomda bir neçə qismidə təqdim edilmişdir: böyük həyat məktəbini keçmiş diqqətli və müdrik insan, görkəmli söz sənətkarı, tanınmış mədəniyyət xadimi, yorulmaz ictimai xadim, sevimli həyat yoldaşı, qayğıkeş ata və baba kimi… Bütün fotoşəkillər və onları müşayiət edən qələm dostlarının, qohumların xatirələri, kitab qəhrəmanının öz sözləri Mirzə İbrahimov kimi şəxsiyyətin sönməz obrazını yaradırlar.
Bədii söz ustası M. İbrahimov özündən sonra böyük ədəbi irs qoymuşdur. Onun romanlarının, dram və publisistik əsərlərinin bir çoxu Azərbaycan ədəbiyyatının “qızıl fonduna” daxil olmuşdur. Hesab edirəm ki, bu məqalədə onun tərəfindən yaradılmış əsərləri sadalamağa heç bir ehtiyac yoxdur: geniş oxucu kütləsi onlarla yaxından tanışdır. Lakin yazıçının xidmətləri yalnız ədəbiyyat sahəsində əldə etdiyi nailiyyətlərlə bitmir. M.İbrahimovun çoxşaxəli dövlət və ictimai fəaliyyətinə layiqli qiymət vermək çox çətindir. “Vətən yolunda” qəzetinin redaktoru, respublikanın maarif naziri, xalq deputatı, Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri, Azərbaycan Yazıçılar İttifaqının idarə heyətinin rəhbəri, Asiya və Afrika ölkələrinin Həmrəylik Komitəsinin sədri… Bu Mirzə müəllimin xidmət sahələrinin heç də tam olmayan siyahısıdır. O ən uca tribunalardan danışa bilirdi, onun çıxışları daima aktuallıqları və müzakirə edilən problemlərlə bağlı cəsarəti ilə seçilirdi, istər bu məsələlər Azərbaycan dövlət dilinin, istərsə də Dağlıq Qarabağ statusu haqda olsun. Əsl sənətkara xas olduğu kimi, M. İbrahimov öz millətinin taleyinə biganə qala bilmirdi və bütün sevincli və kədərli günləri xalqı ilə birlikdə bölüşürdü. Hal-hazırda yaşayanardan bir çoxu M.S. Qorbaçovun sədrliyi ilə Kremldə keçirilən Azərbaycan və Ermənistan ziyalılarının görüşündə Mirzə İbrahimovun məşhur çıxışını xatırlayırlar. Azərbaycan Respublikasının nümayəndəsi kimi Mirzə müəllim çıxış üçün söz istəmiş və ona xas olan müdriklik və təmkinlə etdiyi çıxış öz həqiqətləri ilə hamını heyrətə gətirmiş, qarşı tərəfi isə geri çəkilməyə məcbur etmişdir.
Hesab edirəm ki, kitab-albomun məzmununu sadalamaq mənasız bir işdir. Mirzə İbrahimovun yorulmaz və fədakar fəaliyyətinin nəhəng miqyasını təsəvvürə gətirmək üçün həmin nəşri sadəcə vərəqləmək lazımdır. Ağır həyat yolunu keçmiş bu insanın taleyində şəxsən şahidi olduğu mühüm əhəmiyyətli hadisələri əhatə edən bir dövr əks olunur. Bütün bunlara baxmayaraq müəllif onu qeyri-adi insan, heç bir halda vicdanına xəyanət etməyən vətəndaş, ağlın hökmü ilə və həyat prinsiplərinə müvafiq olaraq davranan şəxsiyyət kimi qələmə vermişdir. Bu mənada, mənim fikrimcə, Teymur Əhmədov Mirzə İbrahimova layiq olan bir kitab yazıb nəşr etdirmişdir.
Keşmiş peşəkar naşir kimi, aşağıdakıları qeyd etməyi də zəruri hesab edirəm: bu nəşr tipoloji cəhətdən kifayət qədər maraqlı çap əsəridir. Kitab-albom, bir nəşr növü olaraq, müəllif tərəfindən edilən uğurlu bir seçimdir ki, Mirzə İbrahimovun fotoşəkillərdən (əsasən yazıçının arxivindən) və onları şərh edən yazılardan ibarət olan salnaməsini yaratmaqda ona kömək etdi. Məlumatı olmayanlar üçün deyə bilərəm ki, kitab-albom kitab və albomun özünəməxsus sintezidir, nəşr növlərindən birinə aiddir, onun səciyyəvi xüsusiyyətlərindən biri onun aparıcı vasitəsi olan fotoşəkildir, onları əlaqələndirən mətn isə, təşkilat və informasiya funksiyalarını yerinə yetirməklə, bərabərlik hüququ ilə təsvirlərin yanında olur. Başqa sözlə desək, bu cür nəşrlərdə təsvirlər, vizual-verbal vəhdət yaratmaqla, mətnlə müşayiət olunur.
Qeyd etmək lazımdır ki, kitab-albom formatında olan nəşrlər Teymur Əhmədov üçün heç də yenilik deyil. Hələ ötən əsrin 80-90-cı illərində onun sayəsində “Süleyman Rüstəm”, “Nəriman Nərimanov”, “Səməd Vurğun” fotonəşrləri işıq üzü görmüş, daha sonra isə, XXI yüzillikdə “Xəlil Rzı Ulutürk”, “Zəlimxan Yaqub” və s. kitab-albomlar oxuculara təqdim edilmişdir.
Teymur Əhmədov qeyri-adi zövqə və kitab duyumuna malikdir. Onun çap işinin texnologiya və xüsusiyyətləri sahəsində bacarıqları yüksək səviyyədədir, albom tipli nəşrlərin təsvir dilinin spesifikasını gözəl bilir. Nəşrin ssenari planını diqqətlə fikriləşib, onun konsepsiyasını işləyib hazırlamaqla o, mahiyyət etibarı ilə maraqlı və poliqrafiya cəhətindən orijinal olan çap məhsulunu əldə edir.
Bu sətrlərin müəllifi, bir nəşriyyat redaktoru kimi, keçmişdə dəfələrlə Teymur müəllim tərəfindən hazırlanmış və tərtib edilmiş kitabların nəşrində iştirak etmişdir. Onun kitaba qarşı olan həyəcanlı və ehtiramlı münasibəti məndə hər zaman yaxşı təsir buraxmışdır, öz nəşrlərinə qarşı irəli sürdüyü tələblər isə tərifə layiqdir. T. Əhmədov redaktə, elmi-məlumat aparatının tərtibi, bədii konstruksiya və modelləşdirmədən tutmuş kitabın işıq üzü görməsinə qədər bütün proseslərlə maraqlanan nadir bir müəlliflərdəndir.
Sözü gedə kitab-albom da, şübhəsiz, müəllifin uğurlu nailiyyətlərindəndir. T. Əhmədovun əvvəllər çap etdirdiyi kitablar kimi, bu nəşri də mətnin və təsvir sırasının məntiqli uyğunluğu, cəlbedici xarici konstruksiyası səciyyələndirir. Orijinal dizayn, fotoşəkillərin modul sistemi, yüksək keyfiyyətə malik olan təbaşirli kağız, kitab səhifələrin uğurlu haşiyələnməsi, əlfəçinin olması, cild üzərində yazıçının portreti altında qızılı hərflərlə kitabın adının verilməsi və digər uğurlu tapıntılar qarşımızda qeyri-adi nəşrin olmasından xəbər verir. Göstərilən xüsusiyyətlər kitab-albomu əlverişli şəkildə təqdim edir, oxucuları ona qarşı rəğbətləndirir, nəşr barədə sənət əsəri kimi fikir söyləməyə imkan verir. Bütün bunlar həm müəllifin – kitab-albomun yaradıcısı olan professor Teymur Əhmədovun, həmçinin bu dəyərli kitaba nəfəs verən “Nurlar” nəşriyyatının zəhmət tələb edən əməyinin və gərgin işinin nəticəsidir