Hər azərbaycanlının oxumalı olduğu kitab

0
55
Qasım Xuluflu, BDU Jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi
Tətil günlərini fürsət bilib yollandım kitab mağazasına. Gəncə şəhərində yerləşən bir neçə kitab mağazalarına baş çəkdim. Amma heyf ki, oxumaq istədiyim kitabların Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini tapa bilmədim. Kitabçı xanımın məsləhəti ilə şəhərin mərkəz hissəsində yerləşən “Kitab evi”nə yollandım. Üç mərtəbəli binanın ikinci mərtəbəsində yerləşən mağazaya daxil oldum. Satıcı otuz-otuz beş yaşlarında bir oğlan idi. Salamlaşdıqdan sonra kitablarla maraqlanmağa başladım. Çingiz Abdullayevin “Mavi mələklər”, Paulo Hokinsin “Qatardakı qız”, Mark Levinin “Yenidən başlamaq mümkün olsaydı” və digər bir neçə kitabın adı saysam da bunlardan heç biri  təəssüf ki, mağazada yox idi. Odur ki, satıcı mənə ən çox oxunan kitabları göstərməyə başladı.
Bir neçə gün əvvəl tələbə yoldaşım Elcanın yazdığı bir statusu oxumuşdum. Qrup yoldaşımın tanınmış dedektiv yazıçı Elxan Elatlının “Qan ləkəsi” romanı haqqında yazdıqları məni bu kitabı oxumağa ruhlandırmışdı. Axtardığım əsərləri tapmayanda məcburiyyətdən doğan istəklə satıcıdan “Qan ləkəsi”nin olub olmadığını xəbər aldım. Verdiyi müsbət cavaba sevindim.  Kitabın pulunu ödəyib mağazadan çıxdım. Evə qayıtdım və elə ilk gündən başladım romanı oxumağa. Oxumazdan əvvəl kitabın arxasında yazıçı haqqında yazılmış bu ifadə marağımı daha da artırdı “Vətənpərvər yazıçı Elxan Elatlı”. Əsərdə erməni və azərbaycan xalqının birlikdə yaşamasından başlayaraq düşmən olduqları dövr də daxil olmaqla böyük tarix ustalıqla əks edilib. Suzanna və Artur Saqiyanın simasında erməni xisləti aydınlığı ilə oxucuya çatdırılır. “Leopard” ləqəbli kəşfiyyatçı Ələmdar Məlikov isə əsl Azərbaycan kişisinin simasını göstərir.
Hadisələr Xankəndindəki əsirlərin saxlanıldığı düşərgədən məlumat toplamaq üçün “Leopard”ın məxfi idarənin rəisi Baratovdan əmir alması ilə başlayır. Azərbaycan kəşfiyyatçısı olan Leopard Dağlıq Qarabağa Rusiya qəzetlərindən birinin erməni milliyyətli jurnalisti adı ilə gəlir. Baratovun hazırladığı ən güclü kəşfiyyatçı olan Türk oğluna rus və erməni dillərini bilməsi bu düşərgədə əməliyyat aparmaq üçün kömək olur. Lakin, uşaqlıq dostunun onu gözlənilmədən ifşa etməsi işləri korlayır. Artur Saqiyan adlı erməni Ələmdarı tanıyır. Onun kim olduğunu və nə üçün gəldiyini özününkülərə bildirir. Artur Bakı ermənisidir. Uşaqlığı Məlikovla birlikdə keçib və həmişə dostuna həsəd aparıb. Uşaqlıqda həmişə Ələmdardan geri qaldığını xatırlayan erməni balası ondan intiqam almağa qərar verir.
  “Leopard” bu düşərgəyə düşməzdən əvvəl burda iki azərbaycanlı saxlanılırdı. Bunlardan biri Cəbrayılın işğalı zamanı əri və beş yaşlı oğlu görülməmiş vəhşiliklə öldürülən Mahirə adlı kişi qeyrətli türk qadın, digəri isə döyüşdə əsir düşmüş Nadir adlı qəhrəman vətən oğlu idi. Mahirənin dediklərinə görə, ermənilər Nadirə hər dəfə həyətə çıxarıb Azərbaycanın bayrağını tapdamasını əmr edirlər. Ancaq, Nadir canı bahasına belə olsa da imtina edir. Əksinə, əyilib bayrağı götürüb öpür. Mahirə ermənilər namusuna toxunmasınlar deyə “Leopard”a yalvarır ki, onu öldürsün. Bu da Azərbaycan qadınının necə qürurlu olmasını bir daha göstərir.
Bu hadisələr 90-cı illərdə baş verir. Əsər olduqca maraqlı süjet xəttinə malikdir. Oxuduqca insanın tükləri biz-biz olur. Düşünürsən ki doğurdanmı, Adəm oğlu bu baş verənləri törədə bilər. Saatlarla fikirləşdim, amma əsərin dinamik sürətlə inkişaf edən, insanın əsəblərini tarıma çəkən hissəsini yazmaq üçün söz tapa bilmədim. Kitab seçimində zövqlər müxtəlifdir. Amma, bu əsər hər bir azərbaycanlının oxumalı olduğu əsərdir. Çünki bu romanda vətənə, bayrağa və xalqa sevgi var.