Hər kitab bir “insan”dır

0
43

Aysel Əsədova

Bir kitaba sahib olmaq! Onu oxumadan öncə üz qabığını ən kiçik detaylarına qədər incələmək, səhifələrini xəfifcə vərəqləmək, vərəqləndikcə qoxusunu içinə çəkmək… Bunlar bir insana ən az həmin kitabı oxumaq qədər zövq verir.

Kitaba anlam qatan onun hər yeni abzasında personajın yaşadıqlarını oxuyarkən onunla birlikdə bu yaşanılanları yaşamaq, hiss etmək, onunla sevinmək, onunla bərabər üzülməkdir. Bir də başbaşqa bir qorxu var ki, sətir-sətir, söz-söz sonuna yaxınlaşarkən bitəcəyindən ehtiyat edərək daha təmkinlə oxumaq. Kitab oxumaq, hər cümləni dilinlə söyləmək ancaq bütün ruhunla yaşamaqdır. Kitab oxumaq əslində kitabı oxumaq deyil, onun qəhrəmanlarının hiss və duyğularını, qəmini, kədərini, sevincini, xoşbəxtliyini, onların bütün daxili aləmini oxumaqdır.

Hər situasiyada duyğudan-duyğuya keçməklə bizə bambaşqa dünya qədim edir kitablar. O dünyada biz “biz” kimi deyil, o dünyadakı personajlar kimi hiss edir, düşünür və yaşayırıq. Çox dərinlərinə getmədən, dərindən gələn səsləri, sözləri dinləmədən kitab oxumaq, sadəcə kağız üzərində çap olunmuş hərfləri anlamsızca səsləndirməkdən başqa bir şey deyildir.

Nə ani bir diqqətsizlik, nə də hər hansı məşğuliyyət daxil olduğun aləmdən bizi ayırmamalı, kitabın yaşatdığı duyğularla aramıza girməməlidir. O duyğular ki, bizim deyil, daxil olduğumuz aləmin personajlarına məxsus olub, ancaq bizim tərəfimizdən mənimsənilib. Bu zənginlik bəlkə də yalnız və yalnız kitab oxuyarkən qazana biləcəyimiz bir zənginlikdir. Ona görə ki, başqası ola bilmək, hadisələrə onun nöqteyi-nəzərindən yanaşa bilmək, onun hislərini bölüşmək, getdiyi yerlərə getmək, təsəvvürlərini canlandırmaq yalnız onun mövcud olduğu kitabı oxuayarkən əldə edə biləcəyimiz bir duyğudur.

Kitab oxumaq insanı bəlkə də bütün bu cəhətlərinə görə cəlb edir. Onu qayğılarından uzaqlaşdırır, başqalarının yerinə özünü qoymağa, onların fikirlərini analiz etməyə, öz düşüncələri ilə onlarınkını müqayisə etməyə və digər bütün imkanları bizə təqdim edir. Kitab ki, bizim daxilimizdə gizlənmiş, özümüzün belə görmədiyi, müəyyən bir dövrəcən tanımadığı duyğular ilə onu tanış edir. Əslində hər insanı indiyə qədər heç vaxt tanımadığı “özü” ilə tanış edir. Deyirlər, kamil olmaq üçün beş kitab oxumaq kifayət edir, ancaq həmin beş kitabı tapmaq üçün yüzlərlə kitab oxumaq lazımdır. Yüzlərlə kitab oxumaq yüzlərlə insan tanımaq, onlarla gəzmək, görmək, onların həyat təcrübələrindən yararlanmaq deməkdir. Odur ki anlamlı bir kitab təcrübəli bir insan ömrünə bərabərdir. O insan ki onunla söhbət etmək nə qədər dəyərlidir.