İkili ömrün izləri…

0
38

Günel Natiqqızı

İki doğum tarixi, iki doğma şəhər, iki qovuşan məkan..
Bakının dar küçələrindən birində-Şamil Əzizbəyov küçəsindəyik.Böyük qara darvazadan Azərbaycana bir “Azərbaycan”qoyub getmiş şəxsiyyətin xatirələrinin əbədiləşdiyi məkana daxil oluruq.Bir vaxtlar notların harmoniyasına qərq olmuş evin indiki sükutu insanda qəribə duyğular oyadır.İçəridəki səssizlik muzeyin şöbə müdiri Gülnarə xanımın gəlişi ilə pozulur.Gözlərindən tələbələrin bu ziyarətinin onu sevindirdiyi hiss olunur.Gülnarə xanım jurnalistika fakültəsinin tələbələri olduğumuzu bilsə də,bu dəfə demək olar ki,hər yerdə eşitməyə adət etdiyimiz”Ay aman,siz jurnalistlər var haa!”ifadəsini işlətmir.Əksinə,gələcəyin jurnalisti kimi ondan daha isti münasibət görürük.Ziyarətimiz boyu bizə bacardıqca daha çox məlumat verməyə çalışır.
İkili ömrün ilk parçasının sirri elə muzeydə tanış olduğumuz ilk otaqda açılır.Burada Milli Musiqi günü kimi qeyd etdiyimiz Üzeyir Hacıbəyovun doğum tarixinin fərqli olduğunu öyrənirik.Gülnarə xanım qeyd edir ki,Üzeyir bəy 1885-ci ilin 18 deyil,5 sentyabrında anadan olub.Lakin sonradan yeni təqvim yaranır.Dəyişilmiş təqvimdə isə Üzeyir Hacıbəyovun doğum tarixi 18 sentyabr göstərilir.Daha sonra ikili ömrün digər iki sirrindən də agah oluruq.Üzeyir bəyin ilk təhslini aldığı,doğma yurdu olan Şuşa ilə yanaşı,Ağcabədi də onun ikinci doğma şəhəri sayılır.Çünki dahi bəstəkar məhz Ağcabədidə dünyaya göz açıb.
Nəhayət,iki qovuşan məkan haqqında da məlumatları eşidirik.Gülnarə xanım vaxt ilə Üzeyir Hacıbəyovun Şuşada da Bakıdakı kimi ev muzeyinin olduğunu bildirir.Şuşanın işğal olunma təhlükəsini hiss edən muzey işçilərinin bəstəkara məxsus əşyaları Bakıdakı muzeyə gətirdiklərini deyir.Üzeyir bəyin Şuşadakı ev muzeyinə aid əşyalar hazırda olduğumuz Bakıdakı ev muzeyində qorunur.O,həmçinin bu haqda “Qovuşan muzeylər”adlı məqalə də yazdığını vurğulayır.Daxil olduğumuz ikinci otaqda portretlərlə daha çox rastlaşırıq.Növbəti otaq bəstəkarın iş otağıdır.Otaqda piano,skripka,ona doğum günündə hədiyyə olunmuş xalça kimi əşyalar var.Onların arasında ən maraqlısı isə yazı masasıdır.Yazı masasında Üzeyir bəyin sevdiyi bəstəkar Çaykovskinin kiçik heykəli, mürəkkəbli qələmlər, “ağıllı saat”ı və ömür vəfa etmədiyindən bəstəkarın tamamlaya bilmədiyi iki musiqi əsərinin kağız üzərindəki notları var. Həmin not yazılarından biri “Azərbaycan”simfoniyasıdır. Digəri isə yalnız bir ariyası yazılmış “Firuzə”əsəridir.Yazı masası üzərində diqqəti cəlb edən əşyalardan biri də ilk baxışda içində mürəkkəb olduğu düşünülən kiçik şüşə qabdır.Lakin qabın içərisindəki mürəkkəb deyil,gülabdır.Gülnarə xanım Üzeyir bəyin məhz həmin gülabdan çayına tökməyi sevdiyini qeyd edir.
Muzeydəki yataq otağında isə bəstəkarın ailəsinə aid fotolar yer alıb. Onun qardaşları Ceyhun və Zülfüqar Hacıbəyovların şəkilləri də həmin fotolar sırasındadır.Himayəsində olan bacısı uşaqlarının şəkli də yataq otağındakı divardan asılmışdır.Dəhlizdə də Üzeyir Hacıbəyovun özünün fotoları daha çoxdur.Həmin fotolarla yanaşı, yenə ona doğum günündə hədiyyə olunmuş qablar da var.
Muzeydəki son otaq isə Üzeyir bəyin qonaq otağıdır.Burada da qəribə bir əşya diqqəti cəlb edir. Kitab şkafına bənzəyən əşya əslində soyuducudur.Həmin dövrün ilk soyuducularının işləməsi üçün kimyəvi və ya bazardan alınmış buzlardan istifadə ediblər. Otaqda Üzeyir bəy və ailəsinin yemək masası da var. Muzeydə gördüyümüz son şəkilərdən biri də məhz bu otaqdadır. Şəkil Üzeyir Hacıbəyovun dəfn mərasimindəndir.
Bu otaqla tanışlıq bitdikdən sonra rəy kitabçasını yazırıq.
Bununla da ikili ömrün izlərini hiss etmək üçün çıxdığımız səyahət sona çatır. Taleyinin tamamlanmamış “Azərbaycan”simfoniyası kimi Şuşasız tamamlanmayan Azərbaycanın bütövləşəcəyi, Üzeyir ömrünün izlərinin öz doğma şəhərinə qovuşacağı muzeyə getmək ümidi ilə ayrlırıq.