Müəllimlik müqəddəs bir peşədir

0
11

Mahir Qəribov
Tarix üzrə fəlsəfə doktoru

Müəllimlik müqəddəs bir peşədir. Bu adı uca tutmaq, onu şərəflə, ləyaqətlə yaşamaq hər insana nəsib olmur. Akademik İsa Həbibbəyli bu adı daim yüksəklərə qaldıran, onu əlçatmaz edən zirvələrdəndir. Ensiklopedik biliyi, zəngin dünyagörüşü, dərin elmi eridusiyası və yüksək insani keyfiyyətləri ilə İsa müəllim dərs dediyi tələbələrə və rəhbərlik etdiyi elmi institutlara ən gözəl örnəkdir. Onun amalı, əqidəsi Azərbaycanın mənəvi dəyərlərini yorulmadan tədqiq və təbliğ etmək, Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi Azərbaycançılıq ideologiyasını gənc nəslə, vətəndaşlara və cəmiyyətə sevə sevə aşılamaqdır. Akademik İsa Həbibbəylinin ömrünün böyük bir hissəsi Naxçıvan Dövlət Universiteti ilə bağlıdır. O, 20 ilə yaxın müddətdə Naxçıvan Dövlət Universitetinin rektoru olub. Bu universitetin inkişafında, ölkəmizdə və dünyada tanınmasında böyük zəhmət sərf edib. Onun rektorluğu dövründə Naxçıvan Dövlət Universiteti respublikamızın aparıcı ali təhsil ocaqlarından birinə çevrilib və bu universitetin dünyanın aparıcı univeritetləri ilə sıx əlaqələri yaradılıb.

Naxçıvan Dövlət Universitetində təhsil aldığım illərdə bu müdrik insandan əsl vətənpərvərlik dərsi və elmi biliklər almaqla yanaşı həm də Univetsitet mədəniyyətini öyrənmişəm. Bakalavr və magistr mərhələsini uğurla başa vurduqdan sonra onun etimadı ilə Türkiyə Respublikasının Ankara Universitetində doktorantura təhsili almışam. Təhsil müddətində hər zaman bu etimadı doğrultmağın məsuliyyətini hiss etmişəm. Doktorluq dissertasiyasını tamamlayıb, müdafiə etdikdən sonra Ankara Universitetində müəllim kimi fəaliyyətimi davam etdirmək təklif olunsa da vətənə dönməyi, ölkəmizin tarixi və mədəniyyətini təbliğ etməyi hər şeydən üstün bildim. Yenicə fəaliyyətə başlayan İctimai televiziyada işə başladım. Azərbaycanın tarixi, mədəniyyəti və görkəmli ictimai-siyasi xadimlərinə həsr olunan 100-dən artıq sənədli film, teleportret və verilişlər hazırladım. Bu ilin fevral ayından isə Azərbaycan Dövlət Televiziyasına dəvət olundum və burda da eyni missiya və niyyətlə fəaliyyətimi davam etdirirəm. Görülən bütun işlər Akademik İsa Həbibbəylinin mənə verdiyi düzgün istiqamət, vətənə və xalqa xidmətin bəhrəsidir. 2015-ci ildə məhz onun dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiyası müəllifi olduğum “Bir əsr boyunca Ermənistan-Azərbaycan münasibətləri” adlı monoqrafiyanı nəşr etdi. Ardından Türkiyə Cümhuriyyəti Atatürk Araştırma Mərkəzi “XX. Yüzyılda Ermenistan-Azerbaycan, Dağlık Karabağ Sorunu” adlı kitabımı yayınladı. Əlimə çatan ilk nüsxəni “Müəllimlər günü”ndə hörmətli İsa müəllimə təqdim etməyi özümə borc bildim. Çünki əmin idim ki, onun üçün həmin gün öz tələbəsinin, yetirməsinin kitabını görməkdən dəyərli heç nə ola bilməz.

İnsan ömrü coşqun çay kimi kükrədikcə yaşanmış illərin unudulmaz anları heç vaxt yaddan çıxmır. İllər bir-birini əvəz edir, nəsillər dəyişir, ancaq xeyirxah insanların həyatı həmişə silinməz izləri ilə yaddaşlarda qalır. Özünün müəllimi olan, “ustadım” dediyi Akademik Məmməd Cəfər Cəfərova həsr olunan “Müdriklik zirvəsində” adlı telrportret üçün İsa müəllimdən müsahibə götürərkən o qədər ürək dolusu və minnətdarlıq hissi ilə danışırdı ki, təsirlənməmək eldə deyildi. Bu hisslər mənə də çox doğma idi. Çünki İsa müəllim Akademik Məmməd Cəfər Cəfərov haqqında nə qədər razılıqla, dönə dönə “ustadım” deyə xitab edirdisə özü bir o qədər mənim üçün nümunə idi. Hesab edirəm ki, İsa müəllimin mənim kimi yüzlərlə, minlərlə tələbəsi var. Bütün bu dəyərlər Akademik İsa Həbibbəylinin müəllim kimi vətən, xalq qarşısında xidməti və əməyinin göstəricisidir.
İsa müəllimin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı namizədlik dissertasiyası haqqında akademik Məmməd Cəfər Cəfərov yazırdı ki, İsa Həbibbəylinin “XX əsrin əvvəlləri Azərbaycan romantik lirikası” adlı namizədlik dissertasiyası bizim filologiya elminə müəyyən yenilik gətirən və romantik lirika haqqında orijinal bir tədqiqat əsəridir. Orijinallığı bir də o cəhətdəndir ki, burada lirikanın daha çox poetikasından, üslublarından və janr xüsusiyyətlərindən danışılır.

İsa Həbibbəyli həm də Cəlil Məmmədquluzadə irsinin ən dərin araşdırmaçısıdır. Doktorluq dissertasiyası da məhz bu böyük ədibin yaradıcılığına, onun yaşadığı mühitdəki ədəbi proseslərə həsr olunub. O, Cəlil Məmmədquluzadə yaradıcılığındakı xalqçılıq milli məfkurəsini oxucuya daha dolğun şəkildə anlatmaqla Mirzə Cəlil ruhuna sədaqət və ehtiramını nümayiş etdirib.

Bütün ömrünü Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə həsr edən Akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Milli Məclisinə millət vəkili seçilməklə ölkəmiz üçün taleyüklü qanunların qəbul edilməsində də fəal rol oynayır. O eyni zamanda Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi Azərbaycançılıq ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini ürəkdən sevən, sözü, əməli işi və sədaqəti bir-birini tamamlayan şəxsiyyətdir. İsa müəllim çox sadə, təmkinli, təvazökar bir insan olmaqla yanaşı həm də dərin məntiqli, möhkəm əqidəli daim həyata nikbin baxan bir ziyalıdır. Ömrünün müdriklik çağında o, yazıb-yaratmaqdan, elmi tədqiqat işləri ilə məşğul olmaqdan, öz bilik və təcrübəsini gənc nəslə ötürməkdən nəinki yorulmur, hətta bundan mənəvi zövq alır. İsa müəllim insanlara yaxşılıq etməyi özünün həyat amalına, yaşam kredosuna çevirib. Elmə, təhsilə verdiyi böyük dəyər onu hər zaman Universitetin tələbə və müəllim kollektivinə, Akademiyanın elmi ictimaiyyətinə sevdirib. Onun klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri haqqında dəyərli araşdırmaları milli ədəbiyyatşünaslığımız üçün əvəzsiz tədqiqatlardır. Nizami Gəncəvi, Marağalı Əhvədi, Məhəmməd Füzuli, Aşıq Ələsgər, Mirzə Fətəli Axundov, Məhəmməd Tağı Sidqi, Nəriman Nərimanov, Əliqulu Qəmküsar, Məhəmməd Hadi, Üzeyir Hacıbəyli, Ceyhun Hacıbəyli, İsa Hüseynov, Firudin bəy Köçərli, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şaxtaxtinski, Əli bəy Hüseynzadə, Abbas Səhhət, Məmməd Səid Ordubadi, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mir Cəlal Paşayev, Seyid Məhəmmədhüseyn Şəhriyar, Səməd Vurğun, Anar, Elçin, Məmməd Araz, Hüseyn İbrahimov, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Rəşad Məcid, Hüseynbala Mirələmov, Hikmət Mahmud haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli töhfələrdir.
İsa müəllimin Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev, Kamran Dadaşoğlu, Yaşar Qarayev, Nizami Cəfərov, Bəxtiyar Vahabzadə, Vaqif Yusifli, Xeyrəddin Qoca, İsa İsmayılzadə, Rüstəm Behrudi, İslam Səfərli, Asim Yadigar, Nəriman Həsənzadə, Qəzənfər Paşayev, Yaşar Qarayev haqqındakı ədəbi-tənqidi məqalələri ədəbiyyatşünaslığımız haqqında mühüm konsepsiyaları ifadə edir.

Bu gün AMEA-da akademik Akif Əlizadənin rəhbərliyi altında aparılan innovativ islahatlar texniki, dəqiq elmlər sahələrində olduğu kimi humanitar elmlər sahəsində də öz bəhrəsini verməkdədir. Akademik İsa Həbibbəyli AMEA-nın vitse-prezidenti kimi akademiyanın humanitar sahəsinə çox uğurla rəhbərlik edir. İsa müəllimin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna rəhbərlik etdiyi dövrdən bu elm müəssisəsində fundamental araşdırmalar aparılmağa başlanıb. Bu gün Ədəbiyyat İnstitutunda onlarla beynəlxalq elmi konfranslar keçirilməkdədir. Eyni zamanda Ədəbiyyat İnstitutunda yeni elmi istiqamətləri özündə ehtiva edən şöbələr açılıb, Hindistan, Çin, Yaponiya, Özbəkistan, Türkmənistan, Türkiyə, Macarıstan, Polşa və Monqolustanla ilk dəfə olaraq ədəbi əlaqələr qurulub. Sələfləri Bəkir Nəbiyev, Məmməd Cəfər Cəfərov, Kamal Talıbzadə, Yaşar Qarayev kimi nüfuzlu alimlərin yolunu şərəflə davam etdirən İsa Həbibbəyli Ədəbiyyat İnstitutunda yorulmadan, böyük əzmkarlıqla, kollektivin nüfuzunu və dəstəyini qazanmaqla ədəbiyyat sahəsində fundamental elmi-tədqiqat işlərinə rəhbərlik edir. Bütün bunların nəticəsidir ki, Ədəbiyyat İnstitutu Akademik İsa Həbibbəylinin rəhbərliyi altında Azərbaycanda humanitar sahədə aparıcı elmi-tədqiqat mərkəzinə çevrilib. Onun MDB məkanında, Avropa ölkələrində, Amerikada keçirilən beynəlxalq elmi konfrans və simpozyumlarda etdiyi çıxışlar Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məramına xidmət edir. Çoxcəhətli elmi fəaliyyət sferasında ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə fəal iştirak edən Akademik İsa Həbibbəyli sözün əsl mənasında tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirir. O elmdə, cəmiyyətdə qazandığı nüfuzu özünün istedadı, genişmiqyaslı fəaliyyəti, universal və sanballı elmi yaradıcılığı, tükənməz enerjisi və əməyi sayəsində əldə edib.

Görkəmli alim dövlət və vətən qarşısında xidmətlərinə görə yüksək dövlət mükafatlarına da layiq görülüb. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub. “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. Akademik İsa Həbibbəyli 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib. 2001-ci ildə isə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını alıb.

Onun fəaliyyəti bədii yaradıcılıqla elmi yaradıcılığın vəhdətindən ibarətdir. Onlarla şeirin, tərcümələrin, “Arpaçayı daşa bilməz” adlı mənsur poemanın müəllifi olan İsa Həbibbəylinin əsərlərinin X cildi “Yollar şeirdən başlanmışdı” adlanması da təsadüfi deyil. Onun ilk elmi işi də romantik poeziyaya həsr edilib. O, “Gülümov” adlı pyesin, “Çətinlikdə sınaq” adlı hekayənin də müəllifidir.
Akademik İsa Həbibbəylinin 2019-cu ilin sentyabrında nəşr olunan “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” monoqrafiyasında milli ədəbiyyatımızın dövrləşdirmə və tarixi inkişaf mərhələləri sistemli şəkildə müəyyənləşdirilib. İlk dəfə olaraq məhz bu monoqrafiyada milli ədəbiyyatımızın inkişaf konsepsiyası yeni prizmadan işlənilib və bu monoqrafiyada ədəbiyyat tariximizə yeni baxış, yeni yanaşma özünü aydın şəkildə göstərir.

Akademik İsa Həbibbəyli AMEA-nın Ədəbiyyat İnstitutunda gənc alimlərə öz dəyərli məsləhətləri ilə mənəvi ruh verir. O, vətənpərvərliyi öz əməli işndə əks etdirən ziyalıdır. Rəhbərlik etdiyi AMEA Ədəbiyyat İnstitutunda həmkarlarını daim yeniliklərə, müasirliyə səsləyən İsa müəllim respublikamızın etibarlı təminatını praqmatik düşüncəyə malik Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün siyasət, çevik diplomatiya sayəsində bərqərar olmuş qüdrətli dövlətimizdə, respublikamızda həyata keçirilən siyasi sabitlikdə, güclü iqtisadiyyatda, gündən günə öz peşəkarlığı ilə ixtisaslaşan kadr potensialının artmasında görür. Müasir dövrdə dövlətimizin başçısı tərəfindən milli maraqlarımıza uyğun olaraq həyata keçirilən daxili və xarici siyasət, müstəqilliyimizin möhkəmləndirilməsi, təhlükəsizliyimizin təminatı, Azərbaycan xalqının maddi rifah halının daha da yaxşılaşdırılması, regionda sülhün və təhlükəsizliyin təmin olunması, ölkəmizin beynəlxalq səviyyədə nüfuzunun daha da artırılmasına xidmət edən dövlət siyasətinin tərkib hissələridir.
Ağlın imkanlarını həyatda doğru istifadə etmək, zəhmətə qatlaşmaq insanı xoşbəxt gələcəyə yaxınlaşdırır. Eynşteyn yazırdı ki, «Mən heç vaxt gələcək haqda düşünməyə macal tapmıram. Çünki o, kifayət qədər tez gəlib çıxır». Zaman fövqündə həyat artıq daha dinamik inkişaf etdiyi üçün bu yaşı kamillik dövrü, müdriklik çağı da adlandırmaq olar. Əvvəllər bir məktubu okeanın o tayına çatdırmaq üçün günlər, aylar lazım gəlirdisə indi bu vaxt saniyələrlə ölçülür. Yəni sözün qısası həyat daha sürətli, daha dinamik və daha qısadır. Ancaq bir gerçəklik var ki, niyyət, amal pak, əməl doğru olduğu zaman insanın ömrü də uzanır. Yəni, əqidəli insanların ömrü onların əməli və amalı ilə yaşayır. Bu, onların həyatının mənasına çevrilir.

Bütün ömrünü xalqın mədəni tərəqqisinə həsr edən, elmi yaradıcılığı ilə müasir elmimizə yeni-yeni töhfələr verən, bir-birindən dəyərli elmi əsərləri ilə filologiya elmimizi zənginləşdirən, özündən sonra onlarla filoloq, ədəbiyyatşünas alim yetişdirən Akademik İsa Həbibbəylini 70 illik yubileyi münasibətiylə səmimi qəlbdən təbrik edir, Ulu Tanrıdan ona həyatın ən qiymətli neməti olan can sağlığı arzu edirik!