MÜHACİRƏT ƏDƏBİYYATŞÜNASLIĞI H.CAVİD YARADICILIĞI HAQQINDA

0
34

Sevil Həsənova

Romantik ədəbi məktəbin görkəmli nümayəndələrindən biri də filosof şair H.Cavid olub. Onun yaradıcılığı haqqında mühacir ədəbiyyatşünasları da öz maraqlı və dəyərli fikirlərini, mülahizələrini bildiriblər. Onlardan M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, H.Baykara, S.Təkinər və M.H.Türkəqulun fikirləri də diqqəti cəlb edir. Onlar məqalə və əsərlərində H.Cavidin yaradıcılığındakı siyasi-ideoloji görüşləri araşdıraraq təhlil edərək dəyərləndirmişlər. H.Cavidi türk dünyasında ilk təbliğ edən M.Ə.Rəsulzadə olub. O, 1950-ci ildə yazdığı “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində bu haqda bəhs etmiş və əksər sovet tədqiqatçılarından fərqli olaraq ədibin əsərləri haqqında obyektiv fikirlər söyləmişdir. Bütün varlığı ilə böyük turan dünyasına bağlı olan H.Cavid yaradıcılığı və şəxsiyyəti bu gün də gənc cavidşünasların diqqət mərkəzindədir.
Açar sözlər: mühacirət ədəbiyyatı tənqidi, müstəqillik mübarizəsi, ideya, Türk dünyası, Sovet tədqiqatı

Türklük şüuru filosof şairimiz Hüseyn Cavidin yalnız yaradıcılığına deyil, bütün varlığına hakim kəsilmişdir ki, o, bütün yaradıcılığı boyu türk millətinə “İttihad” deyə xidmət etdi.
Amma çox təəssüflər ki, ədib böyük türk dünyasında zamanında layiqincə təbliğ edilməyib. H.Cavidi türk dünyasında ilk təbliğ edən Məhəmməd Əmin Rəsulzadə olub. Ədib 1950-ci ildə yazdığı “Çağdaş Azərbaycan ədəbiyyatı” əsərində bu haqda bəhs etmiş və sovet tədqiqatçılarının ədibin əsərləri haqqında söylədikləri fikirlərə də münasibət bildirmişdir. M.Ə.Rəsulzadə ilə yanaşı, bir çox mühacir ədəbiyyatşünaslarımız, o cümlədən M.B.Məmmədzadə, H.Baykara, S.Təkinər, M.H.Türkəqul da mütəfəkkir şairin əsərlərindəki siyasi-ideoloji görüşlərini araşdıraraq təhlil edib dəyərləndirmişdilər.
Məsləkdaşları kimi mühacir həyatı yaşayan M.B.Məhəmmədzadə də siyasi fəaliyyəti ilə yanaşı, ədəbi-elmi yaradıcılığını da davam etdirmişdir. 1924-cü ildə “Yeni Qafqasiya” jurnalının 20, 21, 22-ci saylarında çap etdirdiyi “Azəri türk ədəbiyyatının dünəni və bugünü” adlı iri həcmli məqaləsində H.Cavid yaradıcılığına xüsusi diqqət yetirmişdir. (Bu məqalə “Ədəbiyyat qəzeti”nin 23 sentyabr 1993-cü il tarixli sayında bütünlüklə çap edilib. Onu çapa tədqiqatçı alim Asif Rüstəmli və Vəsilə Xəlilova hazırlayıb).
H.Cavid yaradıcılığı ilə ətraflı tanış olan M.B.Məhəmmədzadə bu haqda “Azərbaycan Misaqi-Millisi (Milli xartiyası) -28 Mayis İstiqlal Bəyannaməsi” adlı əsərində yazırdı: “Azərbaycan Milli Xartiyasının xülasəsi istiqlal fikrinin təsisində Vaqifdən tutmuş Cavidə qədər…hər bir ədibin, hər bir qəzetin olduqca böyük və dəyərli rolları olmuşdur” (4, 134).
Azərbaycan mühacirət ədəbiyyatşünaslığı yazarları arasında H.Cavid yaradıcılığına müraciət edənlərdən biri də Hüseyn Baykara idi. Azərbaycanda istiqlal mübarizəsinin başlanmasında və məhz qələbə çalmasında romantiklərin böyük rol oynadığını vurğulayan H.Baykaranın fikrincə, “Azərbaycan türklərinin milli azadlıq, mütərəqqi mədəniyyət mücadiləsində bu romantik ədiblər, şairlər xalqın arzularını, ideyalarını və bu ideyaları gerçəkləşdirmək, həyata keçirmək üçün səy edən, hətta həyatlarını qurban verən millət qəhrəmanlarını bədii əsərlərində dilə gətirib, xalqı ruhlandıraraq onlara milli azadlıq mübarizələrini həyata keçirmək üçün rəhbərlik etmişlər” (5, 164).
Süleyman Təkinər də H.Cavid yaradıcılığı ilə 1960-cı illərdən müntəzəm məşğul olaraq 1987-ci ildə “Azərbaycanın mağdur ünlü şair-dramaturqu Hüseyn Cavid” (10) adlı monoqrafik səciyyəli əsər çap etdirmişdir.
Ümumiyyətlə, Azərbaycan Xalq Cümhuriyyətinin liderləri və ideoloqları həm də XX əsr mühacirət ədəbiyyatşünaslığımızın ilk nümayəndələri idilər. Onların fikrincə, “Azərbaycanda istiqlal fikri, istiqlal mübarizəsi ilk dəfə milli ədəbiyyatımızda baş qaldırmışdır” (4, 97). Amma məsələyə bir az diqqətlə yanaşsaq görərik ki, milli ədəbiyyatımızdan əvvəl bu proses məhz ilk olaraq milli ruhlu mətbuatımızda təbliğ edilməyə başlamış. Dövrün klassik yazarları haqlı olaraq bildirirdilər ki, millətin bir millət olaraq yaşaması, özünü təsdiq etməsi üçün onda milli ruh olmalıdır. Təbii bu milli ruhun, düşüncənin formalaşmasında mətbuatımız müstəsna rol oynadı. “Əkinçi”dən sonar “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Füyuzat”, “İqbal”, “Açıq söz”, “Dirilik” kimi mətbu orqanları səhifələrində bu mövzuya çox geniş yer verdilər.
Mühacirət ədəbiyyatşünaslığına həsr edilən əsərlər arasında Mustafa Haqqı Türkəqulunun 1962-ci ildə İstanbulda çap olunan “Azərbaycan türk şairi Hüseyn Cavid” monoqrafiyası da var və bu əsər H.Cavidi Osmanlı türkünə tanıdan ilk sistemli araşdırma kimi çox qiymətlidir. Elə bu haqda müəllif əsərinin ön sözündə yazır ki: “Bu əsəri qələmə almaqdakı qayəmiz Azərbaycan ədəbiyyatının mümtaz təmsilçisi Hüseyn Cavidi türk okurlarına tanıtmaqdır” (11, 6).
Digər mühacir ədəbiyyatşünas tədqiqatçılardan fərqli olaraq, Süleyman Təkinər H.Cavidin dramaturgiyası ilə yanaşı, onun (əslində təkcə H.Cavidin yox, bir neçə romantik şair və yazarın) “Həyat”, “Füyuzat”, “Şəlalə”, “Açıq söz” kimi milli ruhlu mətbuat orqanlarında çap olunan yazıları haqqında da bəhs etmişdir. Sonda S.Təkinər haqlı olaraq belə bir nəticəyə gəlir ki, H.Cavidin bir sənətkar kimi şəxsiyyətinin, dünyagörüşünün, ədəbi-estetik zövqünün formalaşmasında milli-mənəvi dəyərlərlə yanaşı, Türkiyə ədəbi-mədəni mühitinin, xüsusilə Rza Tofiq, Tofiq Fikrət, Əbdülhəqi və istedadlı jurnalist, publisist “İsmayıl bəy Qaspiralı kimi böyük türk mütəfəkkir və sənət adamının da xüsusi təsiri olmuşdur” (10, 25).
Bütün varlığı ilə böyük turan dünyasına bağlı olan və hər an onu təbliğ edən H.Cavidi tədqiqatçı alimlər Uzun Ənvər və Abdullah Tüylü nədənsə öz əsərlərində əzəmətli Turan dünyasının deyil, yalnız Azərbaycanın görkəmli bir şairi kimi təqdim etsə də “1987-ci ildə İstanbul Universitetində keçirilən 8-ci Milli Türkoloji Konqresdə “Azərbaycanın məğrur ünlü şair dramaturqu Hüseyn Cavid” adlı məruzədə nisbətən Cavidin türkçülük görüşləri barədə ətraflı məlumat verilir” (1, 32).
Türk ədəbiyyatşünaslığının patriarxlarından biri olan Mustafa Fuad Köprülü yazırdı ki, “Hüseyn Cavidə gəlincə, bu dövr (Azəri ədəbiyyatında təcəddüd dövrü A.T.) azəri ədəbiyyatının ən qüdrətli sənətkarı şübhəsiz odur” (1, 33). Dövrü mətbuatdan da bəlli olur ki, H.Cavid F.Köprülü ilə çoxdan, 1926-cı ildə Bakıda keçirilən ilk Türkoloji qurultayda tanış olub. (Bu haqda Qulam Məmmədlinin və Azər turanın tədqiqatlarında yetərincə məlumat verilib).
F.Köprülünün “qüdrətli sənətkar” deyə müraciət etdiyi H.Cavidi uzun illər sonra ölkəmizdə fəaliyyətdə olan Çağ Öyrətim İşlətmələri Anonim Şirkətinin prezidenti Adəm Öcal “Türk dünyasını bir araya gətirən nəhəng bir körpü” adlandırırdı.
Sovet dövründə “Cavid incə ruhlu bir şair olmaq ilə bərabər, türk dilini əruz vəzni ilə qarışdıran və bir-birindən ayrılmaz bir hala salan sənətkardır” (6, 66) söyləyən yazarların haqlı olduqları illər sonra da təsdiq edildi.
İstər Azərbaycan sovet ədəbiyyatşünaslığında, istərsə də mühacirət ədəbiyyatşünaslığında H.Cavidin dili haqqında kifayət qədər ziddiyyətli və ya obyektiv fikir söylənilib. M.Quliyev, M.Cəfər, M.Hüseyn, Ə.Vəliyev, Ə.Nazim və başqaları H.Cavidi İstanbul şivəsinin təsiri altında qalaraq dilimizi korlamaqda ittiham etmiş, H.Zeynallı, Y.Qarayev, Q.Məmmədli və başqaları isə ədibin dilinin çox axıcı, sadə olduğunu söyləmişlər. Yuxarıda da qeyd etdik ki, həqiqətən ədibin dramaturgiyasına nisbətən publisistik məqalələrində bunun bir daha şahidi oluruq.
Cavidşünasların əksəriyyətinin fikrincə H.Cavidin dili haqqında doğru, dürüst fikri ilk olaraq ədəbi-tənqidçi Hənəfi Zeynallı söyləyib. Əvvəldə də qeyd etdiyimiz kimi, H.Zeynallı H.Cavidin dilini yüksək qiymətləndirərək “…ən zərif və narın bir dil” (6, 66) adlandırmışdır.
Cavidşünas alim M.Cəfərin fikrincə, H.Cavidin özünəməxsus olan dil, üslub xüsusiyyətləri “1910-cu ildən formalaşmağa başlamışdır. Cavid həm Azərbaycan əruzu, həm də heca vəznində Azərbaycan dilində yüksək dram əsərlərinin yaradılmasının mümkün olduğunu sübut etdi. Azərbaycan dramının heca vəzni ilə və canlı danışıq dilində yazılmış ən mükəmməl nümunələri Caviddən sonra yaradılmışsa da bu ənənənin yaradılması, əsaslandırılması və inkişafında Cavidin xidmətləri çox böyük olmuşdur” (7, 24).
Tanınmış ədəbi-tənqidçi Seyid Hüseyn də H.Cavid yaradıcılığına həsr etdiyi məqalələrinin əksəriyyətində onun dil-üslub məsələlərinə toxunaraq əsərlərinin bu baxımdan daha həyati olduğunu vurğulayırdı. Müəllif “Kazımoğlu” imzası ilə 6 iyun 1922-ci ildə “Kommunist”də “Uçurum” sərlövhəli silsilə şəklində çap olunan məqalələrində “Uçurum” və “Şeyx Sənan” əsərləri haqqında geniş, maraqlı təhlillər apararaq “Uçurum”da milli və xalqçı bir ruh yaşayor” (209) söyləyərək yazırdı: “Uçurum” Sənandan daha həyatidir, yalnız fikir etibarilə deyil, məslək etibarilə də həyatidir. Yuxarıda söyləndi ki, Şeyx Sənan romantik bir əsərdir. “Uçurum” isə tamamilə realist bir əsərdir. Realist bir əsər romantik əsərdən nasıl olur ki, həyati olamıyor. Böyləliklə, bən Uçurumun Şeyx Sənandan daha həyati olduğunu ədd ediyorum” (9) söyləyən ədib bir neçə dəfə bu fikrini vurğulayırdı.
Görkəmli tədqiqatçı alim Aybəniz Kəngərli yazır ki: “Ümumtürk ədəbi dilinin nə olduğunu anlamaq üçün Hüseyn Cavidin əsərlərinin dilinə baxmaq kifayətdir” (3,47). Bax elə ona görə də H.Cavid üçün vahid türk ədəbiyyatı, mədəniyyəti və böyük Turan dünyası vardı. Bütün yaradıcılığı boyu türk xalqlarının birliyi uğrunda mübarizə aparan ədib əslində, Ə.Hüseynzadənin və Z.Göyalpın elmdə göstərdiyi işi əsərlərində bədii sözün qüdrəti ilə ifadə etmişdi.
H.Cavidin ədəbi-bədii fəaliyyətində Türkiyədəki ədəbi mühit, türk ədəbiyyatının nailiyyətləri, onun klassikləri, gənc türkçülər və s. bu kimi məsələlər də diqqət mərkəzində olmuşdu. Bunlarla yanaşı, oradakı ədəbi-mədəni inkişafa qarşı yönələn nöqsanları da deməkdən çəkinməmişdir: “İstanbulda çox böyük qiraətxana və kitabxanalar var, amma layiqincə kitabları və qəzetləri yoxdur, çünki hər bir eyni mündəricat və mətbuat yasaqdır. Belə anlaşılır ki, dörd-beş sənə bundan əqdəm Türkiyədə hürr əsərlər var imiş və camaata da belə dəhşətli surətdə sıkı tutulmamış, ələlxüsus kütübxaneyi-ümumeyi Osmaninin bir tərəfindən yeddi-səkkiz sandığa kimi kitab vardır ki, beş sənə bundan əqdəm yasaq və məmnu deyilmiş, amma indi yasaq olmuş…” (2, 45).
Dramaturgiyasında, poeziyasında Türk ədəbiyyatının, türk mühitinin təsiri açıq-aydın duyulan H.Cavidə Sovet dövründə daha çox irad tutulan da bu idi. Dövrün tanınmış tənqidçiləri M.Quliyev, Ə.Nazim, H.Zeynallı, M.Əlioğlu, M.Hüseyn H.Caviddən bəhs edərkən əsas fikirləri və tənqidləri bu idi ki: “Cavidin əsərləri forma cəhətdən Hamidin, üslubuna görə Fikrətin, fəlsəfə mahiyyətinə görə R.Tofiqin əsərlərini xatırladır.Türk həqiqətindən və türk simvolundan kənarda H.Cavid adı və H.Cavid sənəti təsəvvürə gəlməzdi” (8,11).
H.Cavidin türk sərkərdələrinə də böyük hörməti olmuş və bunu bütün yaradıcılığı boyu bildirmişdi. Ona görə də tədqiqatçılar çox haqlı olaraq H.Cavid yaradıcılığını “Türklüyün mənəviyyat kitabı” adlandırırlar. İstər bu gün, istər sabah hər bir türk gənci öz keçmişindən qürur duymaq və gələcəyə aydın nəzərlərlə baxmaq üçün H.Cavid irsini qorumalı və təbliğ etməlidir.
ƏDƏBİYYAT
1. Azər Turan. Cavid əfəndi. Bakı: Araz-nəşriyyatı, 2004, 307 s.
2. Əziz Şərif. Keçmiş günlərdən. Bakı: ADN, 1977, 301 s.
3. Əliyeva Aybəniz. Azərbaycan romantikləri və türkçülük hərəkatı. Fil.Elm. dok. dis. avtore. Bakı: 2005, 53 s.
4. Hüseynli Tural. Hüseyn Cavid və Azərbaycan mühacirət ədəbiyyatşünaslığı. Bakı: Azərnəşr, 2004, 174 s.
5. Hüseyn Baykara. Azerbaycan istiqlal mübarizəsi tarixi. Bakı: Azernəşr, 1992, 276 s.
6. Hənəfi Zeynallı. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 200 s.
7. Məmməd Cəfər. Hüseyn Cavid. Bakı: Azərnəşr, 1960, 262 s.
8. “Maarif və mədəniyyət” jurnalı, 1923, N-2.
9. Seyid Hüseyn (Kazımoğlu). “Uçurum”. “Kommunist” qəzeti, 20 yanvar 1922
10. Tekinər Süleyman. Azerbaycan mağdur ünlü şair-dramaturqu Hüseyn Cavid. Azerbaycan, 1987, Aralıq sayı: 261 s.
11. Türkekul Mustafa Haqq. Azerbaycanlı türk şairi Hüseyn Cavit. İstanbul: 1963, 169 s.