O qız

0
197

Vəfa Zahidqızı

Onu yeni iş yerimdə demək olar ki, hər gün görürdüm. Hər dəfə görəndə nəşəsinin, sevincinin, nurunun ətrafa yayıldığının şahidi olurdum. Maraqlı enerjisi ilə çox insanları özünə cəlb etməyi, gözəlliyi, naz-qəmzəsi ilə yaraşıqlı gəncləri özünə aşiq etməyi bacarırdı. Sanki dünyanın ən xoşbəxt xanımı idi. Onu hər dəfə seyr etməkdən usanmırdım. Hansısa bir ilahi qüvvə məni ona tərəf çəkirdi. Hansısa gizli bir sevgi baxışlarımı ona tərəf yönəldirdi.
O qızı izlədikcə sehrinə valeh olurdum. Şux yerişinə, özünə güvəninə, gözəl simasına baxmaqdan doymurdum. Öz-özümə düşünürdüm, düşünürdüm ki, deyirlər, xoşbəxlik nisbi olur, əhval-ruhiyyədən asılı olur. Ancaq bu xanım necə olur ki, hər zaman belə həyat eşqi ilə doludur. Sanki həyatın axınları ona toxunmamış, hər zaman onun yanından ötüb keçmişdir. Görəsən, bu xanım dünyanın ən xoşbəxtiydimi?..
Deyəsən, hisslərimiz qarşılıqlı idi. Onun da mənə maraqlı nəzərlərlə baxdığını duyurdum. Sanki ürəkdən ürəyə bir nəğmə var imiş. Və mənim nəğməmin sözləri o idi. Bəli, o mənim qəhrəmanıma çevrilmişdi. Hətta təsadüfən belə görməyəndə bir bəhanə tapıb əyləşdiyi otağa gedir, onun xoşbəxt dünyasının sakini olmağa çalışırdım. Xoşbəxtmi?..
Bu gün o qızı yenə gördüm. Mavi rəngi əlbisə geyinmişdi. Pillələrlə qalxırdı. Uzun, siyah saçları açıq tonlu əlbisəsi ilə harmoniya təşkil edirdi. Bu dəfə lap çox sevincli idi. Sanki bir günəş kimi ətrafa işıq saçırdı. Deyəsən, nə isə bir xoş hadisə baş vermişdi həyatında. Hər kəs onu təbrik edirdi. Bəlkə ailə qurmuşdu, bəlkə elmi iş müdafiə etmişdi, bəlkə yeni bir əşya almışdı. Bilmirdim. Koridorda yaxınlaşdım ona. Öyrəndim ki, müdiriyyət onu ictimai və elmi işlərdə fəallığına görə ali mükafatla dəyərləndirmişdi. Mən də təbrik etdim, onu qucaqlamaq, bağrıma basmaq üçün daha da yaxınlaşdım ona. Ancaq yaxınlaşanda sanki siyah, iri gözlərində bir qəmginlik, dərin bir kədər gördüm. Görəsən, ürəkdən sevinmirdimi? Axı bu hər kəsə nəsib olan bir şey deyildi. Xoşbəxt deyildimi?..
Nə isə bir sirr var idi onda. Qərara aldım ki, onu təbrik etmək, sevincinə şərik olmaq, bəlkə də neçə vaxtdır axtardığım bir sirri açmaq üçün gözəl bir gül dəstəsi ilə yanına gedim. Getdim, ancaq düşünməzdim ki, süvincini yox, kədərini paylaşacaqdı mənimlə. Hər zamankı gülüşü, hər dəfəki şirin sözləri, ancaq titrək səsi ilə məni qarşıladı. Sanki uzun illər idi ki, bu günü gözləyirdi…
Uşaqlığından danışdı öncə, xoşbəxt, qayğısız günlərindən danışdı. Baxdığımız bütün dramatik filmlərin başlanğıcı kimi hər şey gözəl idi. Atalı-analı, bacılı-qardaşlı, nənəli-babalı böyük ailə idilər. Bəli, o həyatın hər üzünü görmüşdü, sanki onun həyatının rəsmini çəkən rəssam palitranın bütün rənglərindən yararlanmışdı. İlk illər, uşaqlıq və yeniyetməlik illəri onun həyat hekayəsinin al-əlvan, şirin, yumşaq tonlu hissəsi idi. Sevirdi, sevilirdi. Dərslərini uğurla davam etdirirdi. Valideynləri onun bütün arzularını gerçəkləşdirirdi. Hər şeydən məmnun idi. Ancaq bir gün rəngli dünyasına elə bir rəng daxil oldu ki, bir daha onun yaxasından əl çəkmək istəmədi. Qara günləri başladı. Öncə ən əziz insanını, həmdəmini, həyat dostunu, anasını itirdi. Bu kədərə alışmamış, anasızlığa öyrəşməmiş, qardaşını apardı fələk. Sonra nənəsi, babası… Kədər kədərə qarışmışdı. Dərd batmanla gəlmişdi sanki. Qara xətt onun yaxasından əl çəkmirdi. Ancaq o çox güclü idi, taleyin bu güclü, acımasız zərbələrinə dözməliydi. Ya dözməliydi, qalmalıydı, ya da …
Bəli, o dözdü, o dirəndi, o dayandı və həyatına yenə də rənglər qatmağı bacardı. Oxudu, ali məktəbə yüksək səviyyədə daxil olmağa müvəffəq oldu, istədiyi ixtisasa yiyələndi. Hətta atası onu atıb gedəndə, yeni ailə quranda da dözdü. Bacısı yeni yuva qurub uçub gedəndə də. Tənhalıq hissi onu bürüyəndə də dözdü. Müti bir varlıq kimi yox, ağıllı və təmkinli, müdrik bir insan kimi. Baxmayaraq ki, onun cəmi on yeddi yaşı var idi o zaman…
Araya bir qəbir sükutu çökdü. Onun baxışları harayasa uzaqlara getdi. Xəyallara qərq oldu. Mən isə öz-özümə yaşımın həmin vaxtlarını xatırlayırdım. Bir çox qayğılardan, məişət problemlərindən uzaq idim o yaşımda. Hansısa bir əzabın həyatda mövcudluğunu belə bilmirdim. O isə elə bil ki, əzablar ümmanı içindən keçib gəlmişdi…
Ancaq tələbəlik illəri həyatının şirin çağlarına yenidən dönüşü olmuşdu. Artıq ona aşiq olan bir gənc də var idi. Sevincini və kədərini paylaşdığı bir insan var idi. Əzizlərini itirdiyi zamandan bəri ilk dəfə idi ki, onu anlayan, sevgi dolu baxışlarla baxan, əzizləyən biri var idi. Bəli, onda həyat eşqi yaranmışdı yenidən. İsti bir yuvası, arzuladığı ailəsi olacaqdı. Oldu da. Hər şeyi unudub başdan başlayacaqdı. Başladı da. Bir neçə il övlad həsrəti ilə yaşadı. Günlərin bir günü körpəsinin olacağını öyrəndi. Bu dəfə isə lap çox xoşbəxt idi. Anası kimi gözəl və qayğıkeş ana olacaqdı. Anasından eşitdiyi laylaları, nağılları övladına danışacaqdı. Anası kimi ağıllı və tərbiyəli övlad böyüdəcəkdi. Ancaq çox uzun sürmədi bu sevinc. Körpəsini dünyaya göz açmamış itirdi. Axı yeri-göyü yaradan uca Tanrı niyə onun əlindən hər şeyi alırdı?.. Əzizləri ilə sınağa çəkirdi?… Ancaq o, həyatının bütün acılarına, zərbələrinə dözürdü, dözməliydi də, anasına söz vermişdi. Onun yuvasını yaşadacaqdı, ocağının sönməsinə imkan verməyəcəkdi…
Öz ailəsi də dağılmaq təhlükəsində oldu uzun müddət. Və bir gün həyatının yoldaşı da onu atıb getdi. O tək və tənha qaldı. Çox ağladı, çox sızladı. O, sanki həyat hekayəsinin yalnız qara səhifələrini vərəqləyirdi. Ancaq bu səhifələri çevirməli idi yenə, yenidən başlamalıydı hər şeyə. Başladı da…
Qəhrəmanım göz yaşlarını silə-silə gözlərini mənə zilləmişdi. İndiyədək heç bir kəsin onun göz yaşlarını görmədiyini söylədi. Hər kəs onu hər zaman gülər və xoşbəxt görürdü. Hətta o qızı iş yerimizdə “güləyən qız”, deyə çağırırdılar. Baxmayaraq ki, o, demək olar ki, tənha idi. Hər gün işə sevinclə gəlir, işdən evə isə ayaqları getmirdi. Evdə onun soyuq otaqlar gözləyirdi. Həmsöhbəti, birlikdə nahar edəcəyi, işdə baş verənləri, olub-keçənləri paylaşacağı biri yox idi. Özü-özü ilə baş-başa idi hər axşam, hər gecə. Evinin divarları bəzən onun üstünə gəlirdi. Çox acı çəkirdi. Onun evində hər zaman bir fəsil var idi: qış…
Bütün olub keçənlərə rəğmən, o özü üçün ağ vərəqlər açmışdı hər dəfə. Bütün rəngləri, hətta qaranı da qatanda ağ rəng alındığı kimi, hər dəfə ağdan başlayırdı. Oraya əlvan boyalarla nələrsə yazırdı hər gün. Yaşayırdı, yaradırdı. O çox güclü idi. İçindəki acılarını büruzə vermirdi. Çünki anasına söz vermişdi. Güclü olacağına, heç bir vaxt ruhdan düşməyəcəyinə söz vermişdi. Elm sahəsində də uğurlarının ardı-arası kəsilmirdi. Kitablar onun yol yoldaşı və sirr ortağı idi. Darda olana, dalda qalana yardım etməyi sevirdi. Hər kəs ondan sevgi və şəvqət görürdü. İdarəmizin təcili yardımı idi sanki. İş yerində kiçikdən böyüyə hər kəs onu sevirdi. Həyat eşqi onda çox yüksək idi. O, xoşbəxt idi. Hamı onunla dost olmaq, onun yanında olmaq istəyirdi. Deyəsən, o qız yalnız mənim qəhrəmanım deyildi…