"Ozan məclisi”nin sevgi ruhu

0
54

Nəsir ƏHMƏDLİ

 

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində öz siqlətinə, insanın estetik zövqünün formalaşmasındakı yerinə görə söz və musiqi ön sırada dayanır.

 

Ona görə də musiqi mədəniyyətimizin zənginləşməsi və bu zənginliyin qorunması millətin öhdəsinə düşən ciddi vəzifələr sırasındadır. Bu vəzifənin fundamental şəkildə yerinə yetirilməsi işində KİV sistemi bütövlükdə və televiziya ayrıca çox mühüm imkanlara malikdir. Azərbaycanda ictimai teleradionun fəaliyyət konsepsiyasında – daha dəqiq desək, bu teleradio haqqında Qanunda milli-mənəvi dəyərlərimizin qorunması və zənginləşdirilməsi özünün hüquqi təsbitini tapmışdır. Yəqin tamaşaçılardan tutmuş telenəzəriyyəçilərə qədər hər kəs ictimai teleradionun tipoloji xarakterini, informasiya siyasətini formalaşdıran faktorlar sırasında bu qurumun fəaliyyətində milli-mənəvi dəyərlərimizə münasibətin ayrıca yeri olduğunu duymaqdadır. İctimai teleradio xüsusilə özünün musiqi proqramlarında, birmənalı olaraq, milli musiqiyə daha çox önəm verməkdədir. Bu siyasət, əlbəttə, ayrı-ayrı proqram formatları ilə gerçəkləşdirilir. Həmin proqramlar sırasında uzun müddətdən bəri öz estetik təsir gücü ilə tamaşaçıların sonsuz sevgisini qazanmış “Ozan məclisi” xüsusi yer tutur ki, bu da qətiyyən təsadüfi deyil.

 

Hər elin, hər xalqın həyat tərzi, yüzillər boyu formalaşmış xasiyyəti sənətin bir sahəsində daha qabarıq əks olunur. O taylı, bu taylı Azərbaycan xalqı üçün belə xarakter güzgüsü aşıq sənətidir. Aşıq, onun sazı və sözü qədim Odlar yurdunun, coşqun təbli millətimizin atributu, canına, qanına hopmuş keyfiyyətidir. “Könül candan ayrıla bilmədiyi” kimi, biz də sazın sehir dünyasından ayrıla bilmərik. Əsl azərbaycanlının qanında saz havalarına həssas olan xüsusi “zərrəciklər” var. Təzənə (mizrab) simə toxunan kimi o zərrəciklər hərəkətə gəlir, bədəndə bir canlanma, şirin bir titrəyiş yaradır və bu titrəyişdən doğan qığılcımlar gözlərdə işartı əmələ gətirir. Bu yaranışın qarşısını almaq, gözlərdəki işartını gizlətmək mümkün deyil. Birinin xalis azərbaycanlı olub-olmadığını bilmək istəyirsinizsə, Əli Ürfanı gətirin, bir “Dilqəmi” çalsın. O adamın gözlərinə baxın, hər şey gün kimi aydın olacaq. Yada salaq, dədə Koroğlu necə yoxlamışdı Qara qulun mərd olub-olmadığını, səmimi olub-olmadığını.

 

“Ozan məclisi” bir çox atributları ilə birbaşa milli-mənəvi dəyərlərimizin mükəmməl ifadəçisi kimi maraq doğurur. Proqram Azərbaycan xalqının qədim el sənəti olan və ta qədimdən bu günə kimi heç bir siyasi, ideoloji rejimə tabe olmayan, özünəməxsus, təkrarsız şifahi xalq yaradıcılığını – aşıq sənətini işıqlandırmaqdadır. Sözü, musiqini, ifanı eyni sənətkar obrazında birləşdirən aşıq musiqisinə bağlı televiziya proqramına “ozan” sözü çox yaraşır. İctimai televiziyada uzun müddətdən bəri davam edən bu proqram öz yaradıcılıq formatı ilə maraq doğurur. Proqramın ayrıca studiyası var və bu studiya öz aurası ilə qədim ozan məclisini xatırladır: hər dəfə bir neçə aşıqdan ibarət səmimi məclis, bu qədim el sənətinin əsas atributu olan saz panoramı, məclisi idarə edən aparıcı – moderator. Xüsusi qeyd etmək istərdim ki, “Ozan məclisi” Azərbaycanın bütün regionlarında qədimdən formalaşmış aşıq sənətinin ustad nümayəndələrini xalqa – tamaşaçıya təqdim etməkdədir. Proqramın əsas keyfiyyətlərindən biri də budur ki, burada bölgələrimizin müasir aşıqları fonunda, həm də həmin regionlarda bu sənətin dünyasını dəyişmiş, amma öz istedadları, aşıq dünyasına yaradıcı münasibətləri ilə yaddaşlarda yaşayan klassik ozanlar barədə də mükəmməl süjetlər təşkil edilir.

 

“Ozan məclisi”nin bu tipli proqram təqdimatından biri ötən bazar günü Azərbaycanın dilbər guşələrindən olan Dərələyəz mühitinin yetişdirdiyi aşıqlara həsr edilmişdi. Proqramın əsas obrazlarından biri Dərələyəzin yetişdirdiyi, xalqın ictimai xadim, alim-tədqiqatçı və aşıq şeirinin ustad nümayəndələrindən biri kimi tanıdığı filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, professor, şair Həsən Mirzə (1927-2015) və onun artıq ictimai rəydə yüksək qiymətləndirilən “Dərələyaz folkloru” əsəri oldu. Proqramda iştirak edən üçlük – Aşıq Mehdi Mənsimov, Aşıq Altay Məmmədov və Aşıq Rəfiqə Göyçəli tamaşaçılara xüsusi zövq bəxş etdilər. Bu üç ustad aşığın özlərinin məlahətli səsi, özlərinin söz yaradıcılığı və mükəmməl ifaçılığı bir yana, onların Dərələyəzli klassik aşıqlarla bağlı söhbətləri, xatirələri, klassiklərin fərdi yaradıcılığını əks etdirən musiqi nümunələrindən ifaları yaxşı təəssürat yaratdı. Tamaşaçıya məlum oldu ki, studiyadakı aşıqlardan biri – Mehdi Mənsimov Dərələyəzin klassik nümayəndəsi aşıq Mehdinin adını daşıyır. O, öz müəllimi, ustadı haqqında söhbətləri və ifaları ilə diqqəti xüsusi cəlb etdi.

 

Studiyadakı aşıqlar Dərələyəzin Aşıq Fətulla, Aşıq Cəlil kimi ustad aşıqları barədə xatirə – ifaları ilə yadda qaldılar. Dərələyəzin milli toponimlərindən olan Sallı mahalının yetişdirdiyi Sallı Cəlilin bir zamanlar ustalıqla yaratdığı və bu gün Azərbaycanda məşhur olan “Cəlili” havasının ifası proqramın ən maraqlı anı kimi yaddaşlara yazıldı.

 

Dərələyəzli aşıqlar haqqında Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin “Aşıq sənəti” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Aşıqlar Birliyinin katibi Aşıq Altay həm öz məlahətli ifaları ilə, həm də Dərələyəz folkloruna bağlı tədqiqatlarından gələn söhbətləri ilə tamaşaçı marağına səbəb oldu. Aşıqların ifalarında Dərələyəz sənətkarlarından oxunan aşıq  mahnılarında özünü göstərən misraların təsir gücü unudulmaz anlar yaşatdı:

 

Yazda aşıb-daşan Tərtər,
Payız olcaq lal kimidir.
Dəlidağdan su gətirər,
Doymaq olmur, bal kimidir.

 

Bu misralarda Azərbaycan təbiətinin əsrarəngiz lövhələri öz əksini tapıb. Yaxud:

…Çobanların ocaq yeri,
Al yanaqda xal kimidir, –

misralarındakı poetik bənzətmə Dərələyəzli Aşıq Mehdinin sənətə ustad münasibətinin ifadəsi kimi səslənir.

Tamaşaçı qonaqların haqqında ürək dolusu xatirələr danışdığı Aşıq Mehdinin:

 

Meşələrin bulaqları,
Buz bağlayıb dodaqları,
Mehdi deyər, yarpaqları
Örpək üstə pul kimidir, –

 

bənzətməsi həm də milli qadın örpəyinin klassik şəklinin rənglərinin ifadəsi kimi maraq doğurur. Teleproqramın qonağı olan Aşıq Rəfiqə Göyçəli özünün məlahətli səsi, ustad ifası ilə tamaşaçı yaddaşında özünə yer elədi. Onun Aşıq Mehdi yaradıcılığına məxsus “Orta sarıtel” mahnısını ifa tərzi son dərəcə təsirli oldu.

 

Bir neçə kəlmə də “Ozan məclisi”nin proqram peşəkarlığı haqqında. İctimai televiziyanın tamaşaçı auditoriyası – xüsusilə folklor sevənlər proqramın aparıcısı Qorxmaz Tofiqoğlunun peşəkarlığına yaxşı bələddir. Q.Tofiqoğlu “Ozan məclisi”ni canlı və dinamik etmək üçün hər dəfə qonaqların sənət dünyasına bağlı ustadlarının həyatından maraqlı epizodlar verməklə tamaşaçıya yeni-yeni faktlar təqdim edir. Proqramın ötən buraxılışında da (4 fevral 2018) Dərələyəz folklorunun tədqiqatçısı Həsən Mirzənin, qonaqların özlərinə ustad bildikləri Aşıq Mehdinin ifaçılıq sənəti, folklor dünyası barədə söhbətlərini əks etdirən süjet – sinxronlar verilişin təsirini xeyli artırdı.

 

Ümumiyyətlə, televiziyada, radioda hər hansı bir proqramın aparıcısı təqdim olunan mövzuya, problemə yaxından bələd olmalıdır. Qorxmaz Tofiqoğlu təkcə aşıq sənətini deyil, bütövlükdə folklor dünyasını gözəl bilən jurnalistdir. O, özünün sakit, amma dəqiq müdaxilələri ilə proqram iştirakçılarını əsas məsələlərə yönəltməyi, ictimai marağı təmin etməyi bacaran bir peşəkardır. Onun aparıcısı olduğu “Ozan məclisi” öz mahiyyəti ilə Azərbaycan folkloruna bağlı olub, milli-mənəvi dəyərlərimiz sistemində önəmli faktlardan biri kimi aşıq sənətinin ruhuna xidmət  etməkdədir.

 

Bu xidmətin əhatə dairəsini bir qədər də genişləndirmək mümkündür. Milli-mənəvi dəyərlərin qorunması, ömrünün uzadılması, mükəmməl şəkildə gələcək nəsillərə ötürülməsi, statusundan asılı olmayaraq, bütün televiziya və radio kanallarımızın başlıca vəzifələrindən birinə çevrilməlidir. Biz özümüzü özümüzə tanıtmağı, millətimizin gerçək səviyyəsini, potensial gücünü “qulaq ilə göz arasında” (Aşıq Ələsgər) nümayiş etdirməyi bacarmalıyıq. Keçmiş əyyamlarda aşığa, adətən, “biri bir il olan” qış gecələrində qulaq asardılar. Televiziyalarımız bu ənənəni yeni formada dirçəldə bilərlər. Saat 23-dən sonra saz-söz, dastan telegecələri keçirmək olar. Həm də bunu elə etmək lazımdır ki, el yaradıcılığımızın başqa qolları kölgədə qalmasın, aşıq musiqisi ilə muğam sənətimiz, meyxanalarımız, nağıllarımız, laylalarımız arasında bir uyarlıq, növbələşmə, çuğlaşma yaransın. İctimai televiziyanın “Ozan məclisi” bütün bunlara bir nümunə kimi qiymətləndirilə bilər.