Türkiyədə azərbaycanlı xalq yazıçısının yaradıcılığı dissertasiya işi kimi müdafiə olunub

0
12

Türkiyənin Ardahan Universitetinin Sosial Elmlər İnstitutunun Müasir türk ləhcələri və ədəbiyyatı kafedrasının doktoru Aynur Babaşova Beşkonak Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Xalq yazıçısı, akademik Kamal Abdullanın yaradıcılığı haqqında dissertasiya işi müdafiə edib.
ADU-dan bildirilib ki, “Kamal Abdullanın romanlarında struktur və motiv” mövzusunda dissertasiya işinin elmi rəhbəri professor Şureddin Məmmədlidir. Aynur Babaşova Beşkonak qeyd edib ki, Kamal Abdulla müasir Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. O, ənənəvi roman anlayışına yeni nəfəs gətirib. Yazıçının romanları müasir Azərbaycan nəsrinin qiymətli əsərləridir. Kamal Abdullanın əsərləri bədii və elmi baxımdan araşdırılsa da, toplu şəkildə araşdırılmayıb. Bundan başqa, əsərlərinin hamısı nə Azərbaycanda, nə də Türkiyədə struktur-ideya cəhətdən öyrənilməyib. Bir yazıçının yaradıcılığını tam dərk etmək üçün onun bütün əsərlərini oxumaq daha faydalı olur. Ona görə də “Yarımçıq əlyazma”nı oxuyub, yarımçıq qalan boşluqları tamamladıqdan sonra “Sehrbazlar dərəsi”nə yol almalı, bu dərədən axtardığını tapan oxucu daha sonra “Çiçəkli mağara”nı ziyarət etməlidir.
“Kamal Abdulla yaradıcılığının ən təəccüblü nöqtəsi odur ki, keçmiş həmişə ön plandadır. Tarixə, folklora və mifologiyaya üz tutan yazıçının bütün bunlara yanaşması fərdi və orijinaldır. Yazıçı keçmişin mövcudluğunu inkar etmir. Keçmişi modernləşdirən müəllif əsrlərboyu birtərəfli təfsir edilmiş tarixə və hadisələrə fərdi və unikal yanaşma nümayiş etdirir”, – deyə alim bildirib.
Aynur Babaşova Beşkonak tədqiqat zamanı müəllifin düşüncəsini, düşüncə dünyasını anlamaq və araşdırmalarını daha da dolğunlaşdırmaq üçün onun digər əsərlərindən də istifadə edib.

AzərTAC-a istinadən