Uşaqlığımın idealı

0
46

 

Qasım Xuluflu, BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi

Uşaqlıqdan tarixə böyük marağım olub. Bu sevginin yaranmasında atam mühüm rol oynayıb. O, tez-tez mənə tarixdən və tarixi şəxsiyyətlərdən danışardı. Bir şəxsiyyətdən isə daha çox danışardı. Mən də maraqla dinləyərdim. O, şəxsiyyət Vəli Xuluflu idi. Atam hər dəfə eyni fikirləri deməsinə rəğmən maraqla dinləyirdim. Amma, hər dəfə düşünürdüm ki, nə üçün belə bir tarixi şəxsiyyəti çox az adam tanıyır. Şagird olsam da hər fürsətdə Vəli Xuluflunu tanıtmağa çalışırdım. Məktəb tədbirlərində iştirak edən zaman tələb edirdim ki, məni Xuluflu kimi təqdim etsinlər. Bəzən buna görə məni qınasalar da, hər fürsətdə bu tarixi şəxsiyyəti təbliğ etməyə çalışırdım. Məktəb direktorumuz Rövşən müəllimin(Rövşən Ələkbərov) hər dəfə xüsusi ilə mənim Vəli Xuluflunun nəslindən olduğumu qeyd etməsinə çox sevinirdim.

Artıq BDU-nun Jurnalistika fakültəsinin tələbəsiyəm və bu gün də Vəli Xuluflunu təbliğ etməyə çalışıram. Bu gün Vəli Xuluflunun doğulub boya-başa çatdığı Xuluf kəndi Kür çayı üzərində tikilmiş Şəmkir Su Elektrik stansiyasınn altında qalıb. Dövlət kənd əhalisi üçün yeni qəsəbə salıb. Qəsəbə özü yeni olsa da tarixi Xuluf adını qorudu. 2000-ci illərin əvvəllərində şəxsi mənafeyini güdən bəzi şəxslər kəndin adını qonşu kəndin adı ilə dəyişdirdilər- “Xuluf” “Keçili” oldu, “Keçili” oldu “Xuluf”. Bəzən buna görə iki kəndin əhalisi arasında mübahisələr düşür. Əlbəttə, heç də xoş deyil. Ən azından Vəli Xuluflunun xatirəsinə Xuluf kəndinin tarixi adı bərpa edilməlidir. Bu gün yaşadığımız küçənin Vəli Xuluflunun adını daşıması böyük təsəllidir. Lakin məni kədərləndirən səbəblər də var. Onlardan biri də 1937-1938-ci illər repressiya dövründə güllələnmiş Vəli Xulufluya digər əqidə yoldaşlarına verilən dəyərin verilməməsidir. Müğənnilərin şəxsi həyatını gündəmə çevirən telekanallar niyə bu cür insanların  həyatlarına və yaradıcılıqlarına aid filmlər hazırlamırlar, görəsən?!

Vəli Xuluflu 1894-cü ildə Şəmkir rayonunun Xuluf kəndində Məmmədhüseyin kişinin ailəsində dünyaya göz açıb. İlk təhsilini kənd mollasından alıb. Sonra Gəncədə Ali mollaxanada təhsilini davam etdirib. Vəlinin təhsil aldığı mollaxana da dini dərslərlə yanaşı, dünyəvi dərslərdə keçirilirdi. Bunun nəticəsi idi ki, Xuluflu dünyəvi dilləri də bilirdi. Vəlidə uşaqlıqdan xalq ədəbiyyatına sevgi yaranıb. Bu sevgi gələcəyin görkəmli şəxsiyyətini gənc yaşlarından Azərbaycanın müxtəlif şəhər, bölgə, kəndlərində xalq ədəbiyyatını araşdırmağa, tədqiq etməyə həvəsləndirib. Azərbaycanın ilk folklorşünaslarından biri olan Vəli Xuluflunun folklorlar haqqında dediyi sözlər bu gün də öz aktualığını qoruyub saxlayır. Xüsusilə Vəli Xuluflunun ən böyük tədqiqatı kimi “Koroğlu” dastanını göstərmək olar. O, mənfur qonşularımızın “Koroğlu” dastanına olan ideallarının üstündən birdəfəlik xətt çəkir. Təəssüf hissi ilə bildirmək lazımdır ki, Azərbaycan folklorşünaslığının təməl daşlarını qoyan bir şəxsin bu gün dərsliklərə salınmaması adamı təsirləndirir. Haqqında danışdığım bu insanın Azərbaycan ədəbiyyatşünaslığı və şərqşünaslığında xüsusi yeri var. “ Koroğlu” dastanını oxuyan Azərbaycan gəncliyi bilməlidir ki, dastanı Azərbaycan ədəbiyyatına Vəli Xuluflu qazandırıb.

Mayın 26-sı Vəli Xuluflunun 125 illiyidir. Mənim gücüm heç nəyə çatmasa da qələmimə çatır. Çalışdım ki, qələmimi işə salım. Bu yazını oxuyanlarda az da olsa Vəli Xuluflu haqqında təəssürat yarada bildimsə nə xoş mənə. Vəli Xuluflunu təbliğ etməyi özüm üçün vicdan borcu bilirəm. Yaşından asılı olmayaraq hər bir azərbaycanlını tarixinə və tarixi şəxsiyyətlərinə sahib çıxmağa çağırıram. Və onun ruhu qarşısında söz verirəm: mən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin birinci kurs tələbəsi kimi bundan sonra bütün yazılarımı XULUFLU imzası ilə yazacam.