Mühacirət mətbuatının öyrənilməsi

0
35

QƏRƏNFİL QULİYEVA

Mühacirət irsi ümumazərbaycan mədəni irsinin tərkib hissəsi olduğu kimi, mühacirət mətbuatı da bilavasitə Azərbaycan mətbuatının bir hissəsidir və bu tarixin öyrənilməsi olduqca əhəmiyyət kəsb edən vacib məsələdir. Uzun illər sovet sistemi bu mövzuda araşdırmaların aparılmasına imkan verməmişdir. Bu proses 1920-ci ilin aprel işğalından, 1991-ci ildə Sovetlər Birliyinin rəsmi olaraq dağıldığı zamana qədər davam edib. 1988-ci ilin sonlarından Azərbaycan mühacirət tarixindən, irsindən, mühacirlərindən bəhs edilən məqalələr yazılsa da müstəqil tədqiqat obyektinə 1990-cı ilin əvvəllərindən çevrildi.

Açar sözlər: mühacirət irsi, Azərbaycan mühacirət mətbuatının tarixi, mühacirət mətbuatının tədqiqatçıları, siyasi münasibət, sovetlərin mühacirlərə münasibəti

Azərbaycan mühacirət irsi müxtəlif araşdırmaların mövzusu olsa da bunların arasında Azərbaycan mühacirət mətbuatşünaslığının hərtərəfli öyrənilməsi mühacirət mətbuatının da araşdırılmasının zəruriliyini ortaya çıxardı. Əks halda mühacirət mətbuatını tədqiq etmədən bütövlükdə Azərbaycan mətbuatının araşdırıldığını iddia etmək olmaz. Mühacirət mətbuatı, onun tarixi, ayrı-ayrı nəşrlər, naşir və redaktorlar, mətbu nümunələrinin, xüsusilə publisistikanın mövzusu, ideya istiqaməti, dil-üslub, sənətkarlıq məsələləri barədə araşdırmaların aparılması həm milli-mədəni irsə ehtiram, həm də ənənələrin yaşadılması, zənginləşdirilməsi baxımından faydalıdır.
Mühacirət mətbuatı ilə bağlı vacib bir məsələyə-mühacirət mətbuatının nəşr tarixinə aydınlıq gətirilməlidir. Məsələ burasındadır ki, mühacirət mətbuatı ilə bağlı araşdırmalar aparan tədqiqatçıların əksəriyyəti Azərbaycan xalqının böyük ideoloqu, istiqlal aşiqi, istedadlı mühərrir M.B.Məmmədzadənin 1937-ci ildə qələmə aldığı və 1938-ci ildə Berlində “Qurtuluş” məcmuəsinin mətbəəsində nəşr etdirdiyi “Milli Azərbaycan hərəkatı” adlı əsərindəki “Yeni Qafqasya” yalnız azərbaycanlıların deyil, bütün rus əsilli türklərin xaricdə çıxardıqları ilk məcmuə idi»-fikrinə istinadən mühacirət mətbuatı tarixinin 1923-cü il sentyabrın 26-dan İstanbulda buraxılan “Yeni Qafqasya” jurnalı ilə başlandığını iddia edirlər. Halbuki belə deyildir. M.B.Məmmədzadə kitaba yazdığı “Başlarkən” adlı ön sözdə etiraf edir ki, «məhdud məxəz və vəsiqələrə dayanaraq meydana gətirilmiş bu əsərin nöqsanlı olacağına müdrikiz” (4, 24). M.B.Məhəmmədzadə 1953-cü ildə çap etdirdiyi “Azərbaycan mühacirlik mətbuatının otuz illiyi (1923-1953)” adlı məqaləsində yazırdı: “26 sentyabr 1923-cü ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən İstanbulda təsis olunan “Yeni Kafkazya” dərgisi ilə də, Azad Azərbaycanın milli mətbuatının mühacirətdə təməlləri qoyulmuşdu” (1, 202).
Mətbuat tarixinin tanınmış tədqiqatçılarından olan f.e.d. Abid Tahirli bir sıra dəlillərə istinad edərək mühacirət mətbuatı tarixinin “Molla Nəsrəddin” jurnalının Təbriz nömrələrindən başlandığını iddia edir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra inqilabın fəsadlarından narahat olan Mirzə Cəlil ölkəni tərk edərək İrana keçmək məcburiyyətində qalır. O, İranda, Azərbaycanın qədim mədəniyyət mərkəzi Təbrizdə məskunlaşır. Sovet tədqiqatçıları M.Cəlilin bu qərarını özünəməxsus yozurlar. Hətta onun inqilabçı Şeyx Məhəmməd Xiyabaniyə yardım etməyə getdiyini yazanlar da var. Halbuki belə olmamışdır. Mirzə Cəlil ölkəni tərk etməyə-mühacirətə məcbur olmuşdur. Bu haqda Həmidə xanım Cavanşirin (Məmmədquluzadə) 2011-ci ildə yenidən çapa hazırlanan “Xatirələrim”də yetərincə fakt var və bu xatirələrdən bəlli olur ki, köç M.Cəlilin ürəyincə olmasa da, buna məcbur olub.
Prof. Əziz Mirəhmədov on cildlik “Molla Nəsrəddin” faksimelinin birinci cildinə (Bakı, 1987) yazdığı “Molla Nəsrəddin”: dünən, bu gün, sabah” adlı ön sözdə yazıçının mühacirətini belə izah edirdi: “…Fevral və oktyabr inqilabları adı ilə məşhurlaşan hadisələrin imperiya xalqlarına, o cümlədən azərbaycanlılara xoşbəxtlik gətirə bilməyəcəyini dərk edirdi: arvadı Həmidə xanımın malikanə, torpaq, məktəb sahibi, “mülkədar-xeyriyyəçi qadın” olması, qardaşı Ələkbərin isə İran inqilabı fədailərindən, Səttarxanın yaxın silahdaşlarından biri kimi tanınması, erməni-daşnak canilərinin Qarabağdakı vəhşilikləri zamanı silah götürüb Xankəndindəki vuruşlarda iştirak etməsi və s. kimi səbəblər əlindən Təbrizə mühacirətini (kursiv bizimdir) labüd etmişdir” (6, 4).
Beləliklə, Mirzə Cəlil 1920-ci ildə bir ölkədən-Şura Azərbaycanından digər ölkəyə-İrana mühacirət etmişdir. Prof. Xaləddin İbrahimli də bu fikrində tam haqlıdır ki, “mühacirət” anlamının mahiyyətindən aydın olur ki, vətəndən vətənə mühacirət olmur. Hər ikisi qeyri-müstəqil olan bir Azərbaycandan o birinə keçid sözün rəsmi mənasında SSRİ-dən İrana mühacirət idi” (3, 22).
Azərbaycan mühacirət irsi müxtəlif araşdırmaların mövzusu olmuş və bu araşdırmalarda mühacirət mətbuatının tarixi, fəaliyyəti, yaradıcıları haqqında çox dəyərli, elmi fikirlər söylənilib. “Mühacirət irsinin yaranma səbəbləri və milli istiqlal mübarizəsi ilə sıx əlaqəli tədqiqi öyrənilməmişdir. Digər tərəfdən, bu mövzu Avropa ölkələrinin arxiv materiallarına istinadən də tədqiq edilməyib. Araşdırılan mövzularda əsas tədqiqat obyekti olaraq həmin qəzet və jurnallardakı materiallar, yazılar təhlilə cəlb edilib. Odur ki, mühacirət irsimizin daha çox Türkiyə və Avropa ölkələrinin arxivlərinə, mühacirlərin şəxsi yazışmalarına, sənədlərinə əsaslanıb tədqiq edilməsi son dərəcə vacibdir” (9, 8) deyən Nəsiman Yaqublunun “Bakının qurtuluşu” (2010), “Azərbaycan mühacirət irsi” (2011), “Müsavat partiyasının tarixi” (2012), “Məhəmməd Əmin Rəsulzadə-Ensiklopediyası” (2013) əsərləri mühacirət mətbuatımızın öyrənilməsi üçün həm çox dəyərli, həm də əhəmiyyətlidir. Müəllifin “Məhəmməd Əmin Rəsulzadə-Ensiklopediyası” əsərində M.Ə.Rəsulzadənin mühacirətdəki fəaliyyəti digər əsərlərə nisbətən daha geniş və ətraflı araşdırılmışdır. Azərbaycan da M.Ə. Rəsulzadə haqqında ilk kitab da məhz 1990-cı ildə N.Yaqublu tərəfindən çap etdilmişdi. “Məmməd Əmin Rəsulzadə” adlı kitabda müəllif M.Ə.Rəsulzadə irsinə uzun illərini həsr edərək 2013-cü ildə “M.Ə.Rəsulzadə-Ensiklopediyası” adlı fundamental əsər ortalığa qoyub. İlk dəfədir məhz bu əsərdə M.Ə.Rəsulzadənin həm Azərbaycanda, həm də mühacirətdəki fəaliyyəti geniş, dəqiq araşdırılıb.
A.Tahirli qeyd edir ki: “Ölkəmizdə Azərbaycan mühacirəti, onun tarixi, yaranma səbəbləri, sosial-siyasi tərkibi, mərhələləri və s. problemləri haqqında mətbuatda ilk dəfə dolğun, analitik, bir qədər də dəqiq desək, proqram-məqalə ilə çıxış edən yazıçı-ədəbiyyatşünas (7, 6) Elçin Əfəndiyev olub”. O, “Azərbaycan mühacirəti haqqında” adlı məqaləsində yazırdı: “Azərbaycan mühacirətini bir qurum kimi öyrənməli, elmi-nəzəri şəkildə onun demoqrafik, siyasi-ictimai və sosial təsnifatını verməliyik. Məlum səbəblər üzündən bu sahədə, yəni Azərbaycan mühacirətinin öyrənilməsi sahəsində az iş görülmüşdür, ciddi, sanballı tədqiqatlar yox dərəcəsindədir, mühacirətə birtərəfli münasibət, bu münasibətdəki bədnam sinfilik prinsipi uzun zaman hakim ideologiyanın tərkib hissəsi olmuşdur” (2).
Azərbaycan öz müstəqilliyini yenidən bərpa etmək uğrunda mübarizə apardığı illər- 1980-ci illərin sonu 90-cı illərin əvvəllərində mühacirət mətbuatı öz inkişafında yeni mərhələyə qədəm qoyur. Bu zaman həmin sahəyə çox güclü maraq artır. Buna səbəb: “Dəmir pərdə”nin götürülməsi, xaricdə yaşayan həmvətənlərlə əlaqənin genişlənməsi, xarici ölkələrdə və respublikamızda irimiqyaslı tədbirlərin keçirilməsi bir tərəfdən bu prosesə marağı daha da aktuallaşdırırdı, digər tərəfdən elmi tədqiqatların yazılmasına təkan verirdi” (8, 5).
Mühacir mətbuatının tədqiqi məsələsinə daha böyük yol açan hadisələrdən biri də 1988-ci ilin əvvəllərində “Vətən” cəmiyyətinin fəaliyyətə başlanması, 1989-cu ildə İstanbulda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, mədəniyyət mərkəzinin açılması bu sahəyə elmi-ictimaiyyət arasında böyük maraq oyatdı.
Azərbaycanda baş verən bütün proseslərə “Vətən” cəmiyyətinin köməkliyi ilə ilk olaraq Türkiyə münasibətini bildirməklə yanaşı, qayğısını əsirgəmədi. Həmin dövrdə və müstəqilliyin ilk illərində “Azərbaycan” (Ankara) jurnalı ölkədə gedən ictimai-siyasi prosesləri, xüsusilə Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələri diqqətlə izləyərək, dərhal reaksiya verir. Türkiyədə “Azərbaycan türkləri”, “Xəzər” İstanbul (1990), İsveçdə “Araz” (1991), “Azərbaycan”, Stokholm, İngiltərədə “Aydınlıq”, (1988) London, “Odlar ölkəsi” (1988) “Edinburq”, Almaniyada “Azər” (1990) Berlin, “Ana dili” (1984) Bonn, “Savalan”, (1967) Berlin, “Ərk” (1975), İspaniyada “Dədə Qorqud” (1988) Madrid, Belçikada “Qürbət” (1984) Brüssel, “Odlu vətən” Brüssel (1992), habelə keçmiş SSRİ məkanında Rusiya Federasiyasında “Azərros”, “Azərbaycan XXI əsr” Moskva, “Azərbaycan media” İvanova, “Bizim qəzet” Kemerovo, “Yurd” Saratov, “İnam” Sankt-Peterburq, “Azərbaycan” Vladivostok, “Dərbənd” Dərbənd, Estoniyada “Ocaq” Tallin, Ukraynada “Savalan” Dnepropetrovsk, “Exo Azerbaydjana”, “Qolos Azerbaydjana” Kiyev, “Millət” Simferepol, Moldovada “Araz” Kişinyov nəşr edilən qəzet və jurnallar mühacirət mətbuatı tarixində müəyyən iz qoymuşlar.
Bu zaman E.Əfəndiyev xaricdə yaşayan həmvətənlərlə Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti-“Vətən” cəmiyyətini yaratdı və cəmiyyətin orqanı olan “Odlar yurdu” qəzetini təsis etdi. “Azərbaycan Sovet mətbuatı tarixində ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin banisi M.Ə. Rəsulzadə haqqında “Odlar yurdu” qəzetində böyük həcmli yazı dərc olundu” (Bax: “Odlar yurdu” qəzeti, N-7, sentyabr 1988). “Məmməd Əmin Rəsulzadə” sərlövhəli məqalədə siyasi-ictimai xadim M.Ə.Rəsulzadənin həyatı, yaradıcılığı haqında məlumat verilir. Mövsüm Əliyevin silsilə şəklində qəzetdə çap edilən bu məzmunlu məqalələri “azadlıq, müstəqillik uğrunda mübarizəyə çağırış” rolunu oynayırdı.
Mühacirət mövzusu zaman-zaman Türkiyə və Avropa, Amerika tədqiqatçılarının da diqqətini cəlb etmişdir. Onların əsərlərində yanlış mülahizələr, mübahisəli məqamlar, xırda səhvlər olmasına baxmayaraq “əsas müsbət cəhətləri onunla bağlıdır ki, burada tarixi obyektivliyin gözlənilməsi diqqəti cəlb edir” (5, 20).
Bəzi tədqiqatlardan belə aydın olur ki, 1960-cı illərin əvvəllərindən 70-ci illərin əvvəllərinə kimi Azərbaycan mühacirətində, xüsusilə mühacirət mətbuatı tarixində süstlük, dalğınlıq və durğunluq dövrü kimi xarakterizə edilir. Həmin illərdə yalnız “Azərbaycan” jurnalı (Ankara), özü də böyük fasilələrlə, birləşmiş saylarla nəşr olunubdu.
1970-ci illərin sonu 80-ci illərin əvvəllərində isə mühacirlərin fəaliyyətində nisbətən canlanma yarandı. 1979-80-ci illərdə İran İslam inqilabından sonra hakimiyyətə gələn Xomeyni rejiminin siyasəti yüz minlərlə azərbaycanlını ölkədən didərgin saldı. 1985-86-cı illərdə SSRİ-də başlanan aşkarlıq və yenidənqurma siyasəti imperiyanı süquta sürükləyən milli-azadlıq hərəkatının başlanmasına səbəb oldu. Mənfur ermənilərin Dağlıq Qarabağdakı separatçı fəaliyyəti və onların azərbaycanlılara qarşı ağlasığmaz vəhşilikləri ölkə daxilində olduğu kimi, xaricdəki azərbaycanlıların da kəskin etirazına, qəzəbinə səbəb oldu. Mühacir nəşrlərin başlıca mövzusu Azərbaycanın azadlığı, ərazi bütövlüyü və eyni zamanda erməni vəhşiliyinin ifşası idi.
Beləliklə, mühacirət mətbuatı, onun idealı, məramı, istiqlal davası, bu mücadilənin, ideoloji mübarizənin fədakar daşıyıcıları, şanlı tariximizin şahidləri, salnaməçiləri bu gün özləri tariximizin ədəbi, unudulmaz qəhrəmanlarına və mövzusuna çevrilmişlər.
Ədəbiyyat
1. Azərbaycan mətbuat tarixi antologiyası. İki cilddə, III cild. Bakı: Elm və təhsil, 2013, 407 s.
2. Elçin. Azərbaycan mühacirəti haqqında. “Odlar yurdu” qəzeti, noyabr 1991
3. Jurnalistika (ictimai-siyasi humanitar elmlər seriyası). Bakı: 2014, N- 272 s.
4. Məmmədzadə M.B. Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.
5. Məmmədov X. Azərbaycan ədəbi tənqidi XIX-XX əsrlərin hüdudunda. Bakı: 1999, 145 s.
6. Mirəhmədov Ə. “Molla Nəsrəddin”: dünən, bu gün, sabah. “Molla Nəsrəddin” faksimeli, on ciliddə, I cild (1906-1907). Ön söz. Bakı: Yazıçı, 1987, 210 s.
7. Tahirli A. Azərbaycan mühacirət mətbuatı (I hissə). Bakı: Qapp-poliqraf, 2002, 160 s.
8. Tahirli A. Azərbaycan mühacirət mətbuatı (II hissə). Bakı: Ozan, 2003, 275 s.
9. Yaqublu N. Azərbaycan milli istiqlal mübarizəsi və M.Ə.Rəsulzadə. Bakı: Adiloğlu, 2001, 154 s.