Qadın müqəddəsdir

0
278

 

“QADIN”-böyük hərflərlə yazdığımız bu kəlimə, əminəm ki, hamımız üçün müqəddəs və dərin bir məna ifadə edir…Bəs necə olur ki, insanlar bəşəriyyətin ən dəyərli varlığına bu qədər biganə və önəmsiz yanaşırlar? Nə üçün, nəyə görə qadınlar? Nəyə görə hər zaman əzilən onlardır? Nəyə görə söz haqları yoxdur? Niyə döyülüb alçalan onlar olur. Bəli, bu suallar, əminəm ki, çoxlarımızı narahat edir.
Bəşəriyyətin ən aktual və qloballaşan problemi olan qadın zorakılığı artıq sərhəd tanımır. Bu, yalnız fiziki yox, mənəvi, pisixoloji formalarda da olur. Təəssüflər olsun ki, insani keyfiyyətlərə sahib olmayanlar bizə həyat verənlərin həyatlarını əllərindən almaqda davam edirlər. Bu gün bizimlə eyni havanı udan, bir torpağa ayaq basan qadınların yarısı fiziki və mənəvi şiddətə məruz qalır. Ümumiyyətlə, şiddətdən uzaq ömür sürən heç olmasa bir qadın göstərin mənə…
Yəqin, görmüş olarsınız: belə bir məqalə paylaşılmışdı: “Qadını necə düzgün döymək olar?” Bu yazıdan sonra, həqiqətən də, anladım ki, bəzi insanların düşüncə tərzləri normal deyil. Əfsuslar ki, biz belə bir cəmiyyətin nümayəndələriyik.
Cəmiyyətin təməl daşı olan qadınların 60 %-i hər gün şiddətə məruz qalır. Statistikaya görə, 2007-2017-ci illərdə Azərbaycanda       28 000 qız nikah yaşına çatmamış ərə verilib. 2011 -ci ildə 182 şiddət hadisəsi baş versə də, 2019-cu ildə 289 belə hala rast gəlinib.bHər 3 qadından biri şiddətə, hər beşdən biri təcavüzə məruz qalır, ya da təcavüzdən son anda qurtulur. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan cəmiyyətinin məişət zorakılıqlarına və ailə münaqişəsi zəminində baş verən qətllərə, xüsusən qadın ölümlərinə etirazı , demək olar , müşahidə olunmur. ”Qadına şiddətə yox” etiraz aksiyasının kişi polislər tərəfindən amansızlıqla dağıdılması bunun əyani sübutudur. Odur ki, qadınlara ailə və məişətdə, cəmiyyətin və idarəçiliyin bütün sahələrində azadlıqlar verilməklə, onların etiraz hüquqları tanınmalıdır. Bununla yanaşı, məncə, ölkədə qadın polis alayı da yaradılmalıdır ki, belə aksiyaların tənzimlənməsi ilə kişilər deyil, onlar məşğul olsunlar. Publisist, jurnalist Coşqun Eldaroğlu mövzu ilə bağlı “Yeniavaz.com”-a verdiyi müsahibəsində deyir: “Bizim cəmiyyət patriarxaldır , yəni biz kişi hüquqlarının daha çox olduğu, kişilərin daha böyük qüvvəyə sahib olduğu cəmiyyətdə yaşayırıq. Təbii ki, belə cəmiyyətdə qadın hüquqları daha az olur. Ailə-məişət məsələlərində kişinin hüquqları daha çoxdur. Bir çox qərarları kişi verir. Hətta belə bir ifadə var: “boşayaram səni”. Bu tipli sözlər xalqların hamısında yoxdu. Oradakı “boşayaram səni” o deməkdir ki, bunu mən müəyyənləşdirirəm, qərarı mən verə bilərəm ancaq”. Qadınların özlərini ikinci planda olduqlarını göstərən sözlər haqqında danışan jurnalist qeyd edir ki, bu sözlərlə qadınlar özləri öz hüquqlarını pozurlar: “Getsin bir il Rusiyada işləsin, yaxşı olsa, bizi də aparar”, burada “bizi aparar” sözü onu deyir ki, əsas adam kişidir. O qərar verə bilər, bizi o apara bilər”
Jurnalistin bu sözlərindən belə bir nəticə çıxartdım-qadınların hüquqlarını təkcə kişilər pozmur. Bir çox qadınlar özləri istəyirlər ki, kölgədə qalsınlar. Yüzlərlə belə ifadə var ki, bunlar qadın hüquqlarını pozur və bunlardan adətən qadınlar özləri istifadə eləyirlər. Təbii ki, kişi fiziki baxımdan güclü tərəfdir. Qadınlar da bundan istifadə eləməyə çalışırlar. Hesab edirəm ki, qadınlar kölgədə qalırlar. Bizim cəmiyyətdə qadınlar heç kişilərlə bərabər olmağı da istəmirlər. Yəni bu onların zehninə həkk olunub.
Nəhayət, qadına şiddətin başlıca səbəblərindən biri də onların iqtisadi müstəqilliyinin təmin edilməsi üçün iş yerlərinə çıxış imkanlarının məhdud olmasıdır. Belə ki, məişət qayğıları içərisində özünü ailə başçısından asılı hesab edən qadınlar ailədəki şiddətlə məhz bu səbəbdən barışmaq məcburiyyətində qalırlar. Bunun üçün qadınlar iqtisadi müstəqilliyinin təminatına nail olmalıdırlar. Bəs şiddətin kütləvi hal almasının və bu qədər ucuzlaşmasının səbəbi nədir? Məsələyə fərqli aspektlərdən yanaşanda görülür ki, bunun başında təhsilsizlik, cahillik kimi amillər durur. Bətnindəki körpəsi məhz qız olduğu üçün aborta üz tutan xanımlarımız, şübhəsiz ki, bunu, əsasən, həyat yoldaşının, qayınanasının və digər qohumlarının təzyiqi ilə edirlər. “İki qızın var, inşallah, üçüncü oğlan olar”, “Yeddi oğul istərəm, bircə dənə qız gəlin” kimi məsəllər qadınları daim sıxıntıda saxlayır. Deməli, qadına şiddət elə ana bətnindən başlayır. ”Qızını döyməyən dizini döyər”, ”Kişi həm sevər, həm döyər”, ”Kişinin sözü qanundur”, “Qız uşağı ağır oturar, batman gələr”, “Qız nədir, həyət-bacaya çıxdı nədir” kimi qəlibləşmiş ifadələr cəmiyyəti fəlakətə sürükləməyə davam edir… Bəs bundan qurtulmağın bir yolu varmı? Sözsüz ki, var. Hər şeydən əvvəl qadınların azadlıqları təmin olunmalıdır. Onların iqtisadi müstəqilliyinin təmin edilməsi üçün iş yerlərinə çıxış imkanları olmalıdır. Eyni zamanda maarifləndirici seminarlar, dəyirmi masalar keçirilməlidir. Çünki cəmiyyəti narahat edən bütün problemlərin həlli maariflənmədədir.

***
“Qadın kimdir?” sualına çoxu “zəif məxluq” deyə cavab vərəcək. Bəlkə də, qadının gücünü görməyənlər və onun  gücünə əhəmiyyət verməyənlərdir onu zəif bilən. Ya da ki, onu dərk etməyənlərdir zərifliyini zəifliklə ittiham edənlər. Əslində, qadının dəyərini bilənlərin söylədiyi ən gözəl söz “qadın”dır. Qadın əslində çox güclü bir varlıqdır. Ancaq gücünü hər zaman göstərmir. Bu o demək deyil ki, qadın şiddətə məruz qalmalıdır.
Qadın cəmiyyətin təməl daşıdır. Bunu unutmayaq ki, bizi dünyaya gətirən, böyüdüb boya-başa çatdıran, sevgisini əsirgəməyən məhz qadınlardır. Qadınlara qaldırılan əllər vicdanın yoxluğudur. Qadın ictimaiyyətin incə bir varlığıdır. Məhz o, cəmiyyəti yaşamağa həvəsləndirir. Qadına qarşı şiddət dözülməzdir, qəbul edilməzdir. Qadın anadır! Qadın demək minlərlə uşaq deməkdir. Gələcəyimiz deməkdir. O, anadır, xanımdır, dostdur. Unutmayın!  Sizləri də dünyaya gətirən odur. Bir türk müəllifinin dediyi kimi, qadın insandır, kişi insan oğlu. Mən nə ifrat feministlər kimi, “qadın əvəzedilməzdir” deyirəm, nə də qadının cəmiyyətdə yeri olmadığını düşünürəm. Mən deyirəm ki, qadın sadəcə İNSANdır. İnsan olaraq kişi ilə bərabər hüquqlara malikdir, insan olaraq seçmək və seçilmək hüquqları var, insan olaraq cəmiyyətdə mövqeyi var. Qadın vətəndaşdır, qadın anadır, övladdır, həyat yoldaşıdır, bacıdır, gərəkdirsə, əsgərdir. Və məişətin əsgərlərinə, yəni qadınlarımıza qalxan əllər heç zaman xeyir tapa bilməz! Çünki qadın müqəddəsdir!
P.S: Qadına atılan hər sillə, övladınıza və gələcəyinizə atılan zərbədir.

Çiçək Orucova, BDU Jurnalistika fakültəsinin birinci kurs tələbəsi