Qarabağa verilən dəyər

0
72

 

Ölkəmizdə müxtəlifdə adlarda qidalar istehsal olunur. Onlardan biri də “Qarabağ” günəbaxan tumlarıdır. Düzü, belə bir tumun şəhər mağazalarında satıldığını görməmişəm. Amma araşdırma edib öyrəndim ki, bu tum Tərtər, Bərdə kimi bölgələrdə daha çox satılır. Məqsədim “Qarabağ” tumlarının satış və ya tələbat dərəcəsini ölçmək deyil. Məsələ burasındadır ki, belə bir tumun istehsalına sertifikat verən məmur hara baxıb? Əslində, həmin məmurun hara baxdığı məlum məsələdir. Əlbəttə ki, həmin iş adamının cibinə baxıb.
Bu məsələ ilə bağlı vaxtı ilə bir müəllimimin danışdığı məsələ tam da öz əksini tapır. Belə ki, ruslar Böyük Vətən müharibəsi zamanı bir maşın düzəldir və adını Rodina qoyurlar. Maşının təqdimatına Stalin də gəlir. Soruşur ki, maşının adı nədir? Fəxrlə deyirlər ki, Vətən! Stalin yenidən soruşur. Vətəni neçəyə satacaqsınız? Hər kəs donub yerində qalır. Dərhal maşının adını dəyişib Pobeda qoyurlar.
Sözümün canı odur ki, məlum məsələ ilə bağlı çox yazıb-danışmaq olar. Amma yazılıb-danışılanlar çoxlarının vecinə deyil. Qısaca bildirim ki, Qarabağımızın adını restoran və kafelərə qoyduq. İndisə günəbaxan tumlarına qoymaqla, Qarabağın qoxusunu tumlardan almaq niyyətindəyik.

Ürfət Mirzəyev, BDU jurnalistika fakültəsinin ikinci kurs tələbəsi