Şərqin ilk qadın mətbuatı

0
74

Sadıqova Afaq

XX yüzilliyin əvvəllərində dirçəliş illərini yaşayan Azərbaycanın milli mətbuatı mövcudluğunun bütün dövrlərində ictimai həyatın müxtəlif sahələrinə təsir göstərən qüdrətli vasitələrdən birinə çevrildi. Milli mətbuatımız öz proq-ramına qadının ictimai həyata cəlb edilməsi kimi mühüm və olduqca çətin bir vəzifəni də daxil etmişdi. Fanatik adətlər, ağır güzəran, savadsızlıq, ictimai həyatdan təcrid olunmuş şəraitdə yaşamaq, cəmiyyətdə qadın sərbəstliyinə etimadsızlıq üzündən bu zümrənin sosial həyatdan kənarda qalması onların şəxsi həyatı üçün bir sıra çətinliklər yaratmışdı. Mətbuat bu problemləri qaldırmaq, xalqa çatdırmaq yolunda mühüm addımlar atdı.
Yüz il əvvəl 1911-ci il yanvarın 22-də müsəlman aləmində “İşıq” adlı ilk qadın qəzeti təsis edildi. Qəzetin 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64 (bəzi mənbələrə görə 68) sayı işıq üzü gördü. “İşıq” həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın qəzeti idi. Qəzetdə həmçinin hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr vardı. Bəzi yazılar rus dilinə də tərcümə olunurdu. “İşıq” cəmi iki il fəaliyyətdə olsa da o nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə işıq, zəkalarına nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələdi, həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaratdı, qadın problemlərinin mətbuatda həllinin zəmini oldu.
“İşıq”ın dünya işığına çıxması tərəqqipərvər adamları, xüsusilə qadınları çox sevindirirdi. Azərbaycanın ziyalı qadınları öz təbriklərini, şeirlərini, ürək sözlərini bu ilk qadın jurnalına göndərirdilər. Onlar Qafqaz müsəlman xanımlarının üfiq istiqbalını işıqlandıracaq “İşıq”ı təbrik edirdilər. Bir çox əsərlərini qadınlara həsr etmiş Y.V.Çəmənzəminli “İşıq” jurnalının redaktoru Xədicə xanım Əlibəyovaya Kiyevdən göndərdiyi məktubunda yazırdı: “Arvadlarımızın zülmət içində yaşadıqları bir zamanda onlar üçün öhtənizə götürdüyünüz qəzetə nəşri böyük və müqəddəs bir vəzifədir. Bu vəzifəni lazımınca icra edib məqsədə nail olmaq da çox hünər, cəsarət istəyir”. Bu, təkcə Yusif Vəzirin deyil, o dövrün ziyalılarının istəyi və tələbi idi.
Tərəqqipərvər ziyalıların və “İşıq” jurnalının fəaliyyətindən narazı olan cahillərin hücumlarından mütəəssir olan Həlimə xanım Axundova “Övrət millət anasıdır” sərlövhəli məqaləsində yazırdı: “İndi başqa zamandır. Bütün millətlər günü-gündən tərəqqi edir, elm və maarif yolunda çalışırlar. Amma biz? Mövhumatpərəstlərin sözlərinə inanmayın!..”
Azərbaycan qadınlarının oyanmasında, ictimai-mədəni həyatda fəallaşmasında “İşıq” jurnalının müəyyən qədər rolu var. Jurnal H.B.Zərdabinin maarifçilik ideyalarından ruhlanaraq qadın publisistlərinin, şairlərinin əsərlərini dərc etməklə ictimai fikir tariximizə və qadın azadlığı hərəkatına impuls verməklə, heç şübhəsiz, müsbət iş görmüşdür. Onun səhifələrində Azərbaycanın maarifpərvər qadınlarının zəmanəyə qarşı alovlu etiraz səsləri vardı. Jurnal qadınları azadlığa səsləyir, qadın hüquqlarından bəhs edirdi.
Bu dövr ziyalıları əmin idilər ki, qadınları cəhalətdən elm, mədəniyyət çıxaracaqdır. Mövhumatın, qadın hüquqsuzluğunun hökm sürdüyü bir dövrdə qadının mətbuatda çıxış etməsi, cəsarətli fikirlər söyləməsi əsl qəhrəmanlıq idi. Qəzet Azərbaycan qadınını azadlığa səsləyirdi. Xədicə xanım Əlibəyova Azərbaycanda ilk qadın redaktor kimi tarixə düşdü. Qəzetin cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasında da müstəsna rolu olub. Qəzet anaları öz övladlarını Qafqaz İslam Ordusuna yazdırmağa çağırırdı. Vətən, müstəqillik uğrunda mübarizəni təlqin edirdi ki, bu, son dərəcə vacib məqamdır.
1918-20-ci illərdə ADR hökuməti qadın hərəkatının geniş vüsət almasını nəzərə alaraq bu hərəkatı istiqamətləndirmək niyyətilə qadınlar üçün ayrı-ayrı səhifələr, sonradan “Zəhmətkeş qadınların yolu” və “Qafqaziya zəhmətkeş qadınların yolu” adlı qəzetlər də nəşr etdirdi. Daha sonra 1922-ci ildə “Zaqafqaziya zəhmətkeş qadını” adlı jurnal çap olundu. Tiflisdə çıxan bu jurnal Azərbaycan, gürcü və erməni qadınlarına onların hüquqları barədə anlayış verməyə cəhd edir, onları azadlığa çağırırdı. Amma bu, Azərbaycan qadınlarının öz mətbuatına olan tələbatını ödəmirdi. Eləcə də, o biri respublikaların qadınları öz ana dilində nəşr olunan mətbuat orqanına ehtiyac duyduqlarını bildirirdilər. Beləliklə, 1923-cü ildə Azərbaycan Qadınlar Şurasının orqanı olan “Şərq qadını” jurnalı işıq üzü gördü. Onun ilk sayı həmin ilin noyabrında çap olundu. Jurnalın ilk redaktoru Ayna Sultanova idi. 20-ci illərdə ərəb əlifbası ilə çap olunan “Şərq qadını” qadınlara azadlıq, bərabərlik ideyaları aşılayır, maarif və mədəniyyətdən yazırdı. Amma bütün bunların hamısı kommunizm ideologiyasının süzgəcindən keçirilib oxuculara təqdim olunurdu. “Şərq qadını” tərəqqipərvər müəllimlərin və ictimai xadimlərin qüvvəsinə arxalanaraq qadın təhsilinin, məktəbəqədər tərbiyənin mühüm problemlərinin həllində görkəmli rol oynayırdı. Azərbaycanda qadınların, qızların təhsili, qız məktəblərinin, kursların təşkili, burada aparılan təlim-tərbiyə işi məsələlərinə jurnal səhifələrində müntəzəm yer verilirdi. Bu jurnal “İşıq”ın davamçısı oldu və üzərinə düşən missiyanı uzun illər boyu yerinə yetirdi.
Azərbaycanın qadın mətbuatını araşdıranların qənaətincə, “Şərq qadını”nın bir tarixi rolu da odur ki, o azad nəfəsli, xoş məramlı mətbuat orqanının ətrafında Azərbaycanın bütün savadlı, oxumuş, mübariz qadınlarını toplaşmışdı. Jurnal qadın publisistlərin, şair və yazıçıların yetişməsi üçün bir məktəb rolunu oynadı. Elmə, mədəniyyətə, incəsənətə, təbabətə marağı olan qadınların, qızların ilk məqalələri jurnalın səhifələrində dərc edilirdi. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər görkəmli bədii söz ustadları öz hüquqları uğrunda mübarizəyə qoşulan qadınlarımızın həyatlarına həsr etdikləri hekayə və şerləri tez-tez çap olunurdu.
30-cu illərdə jurnal qadınlar arasında sənayeləşmənin, kooperativləşmənin təbliğinin tribunasına çevrildi, onun səhifələrində kolxoz, sovxoz quruculuğu, əmək fəallığı məsələləri xüsusi yer aldı. Jurnalın redaktoru, tanınmış ictimai xadim, publisist Gülarə Köylüqızı həbs olunub sürgünə göndəriləndən sonra, 1938-ci ilin fevralından etibarən “Şərq qadını”nın adı da dəyişdirildi. Jurnal “Azər¬bay¬can qadını” adı ilə nəşr olunmağa başladı. O artıq Azərbaycan KP Mərkəzi Komitəsinin ictimai-siyasi və ədəbi-bədii aylıq jurnalı idi.
1937-40-cı illərdə jurnal bir neçə redaktor dəyişdi, onun müəllifləri, müxbirləri repressiya qurbanı oldu. Beləliklə, jurnalın tarixində böhranlı günlər başladı. 1941-ci ildə bir çox mətbuat orqanları kimi “Azərbaycan qadını” da fəaliy¬yətini dondurdu və bir də 10 il sonra, 1951-ci ilin martında açıldı. 50-ci illərdə jurnal qadınların elm, mədəniyyət, təsərrüfat, ictimai-sosial sahələrdə qazandıqları uğurlardan yazır, onların məişət və həyat şəraitinin yaxşılaşdırılması mövzularına daha çox yer verirdi. “Azərbaycan qadını” jurnalını Azərbaycan xalqının keşməkeşli taleyinin, onun həyatındakı uğurlu və çətin günlərin salnaməsi adlandırmaq olar. 60-cı illərdə onun səhifələrində partiya həyatı, pambıqçıların, zəhmətkeş qadınların hünərindən bəhs edən oçerklər, xalqlar dostluğu məsələləri xüsusi yer tutur, hüquqşünas məsləhəti, gənclərin yaradıcılığı öz əksini tapırdı.
1965-72-ci illərdə “Azərbaycan qadını”nın redaktoru Şəfiqə Ağayeva, 1972-96-cı illərdə isə Xalidə Hasilova olub. Bu illərdə jurnalın ideya-bədii səviyyəsinin yüksəlməsi qeyd olunur. O dövrdə jurnalda “Gözəllik aləmində”, “Mədəniyyət tariximizdən”, “Açılmamış səhifələr”, “Teatr”, “İncəsənət”, “Poeziya yarpaqları”, “El sənətkarları” və s. yeni rubrikalarda Azərbaycanın tanınmış elm və mədəniyyət xadimləri, yazıçıları çıxış edirdi.
80-ci illərdə jurnalın tirajı 30 mindən 320 minə qədər artıb.1951-91-ci illərdə “Azərbaycan qadını” müntəzəm olaraq ayda bir dəfə nəşr olunub. 90-cı illəri Azərbaycan mətbuatında yeni mərhələ hesab etmək olar. Bu illərdə Azərbaycanda yeni nəşrlər gündəmə gəlməyə başlasa da, iqtisadi çətinliklər də özünü göstərməkdə idi. Əsrin böyük bir hissəsi boyu Azərbaycanda yeganə qadın mətbu orqanı olan “Azərbaycan qadını” jurnalı da o dövrdə çətin günlərini yaşayırdı. Bu da 1992-ci ildə jurnalın tirajının 5 minə düşməsinə və iki ayda bir dəfə çıxmasına səbəb oldu. 1994-cü ildə jurnalın cəmi dörd, 1995-96-cı illərdə isə ikicə nömrəsi işıq üzü gördü.
Yalnız 90-cı illərin ortalarında jurnalın nəşrini bərpa etmək mümkün oldu. Jurnal 2009-cu ilin mayından təzə tərtibatla nəşrinə davam edir. Fatma Abdullazadə jurnalın baş redaktorudur. Ölkənin ictimai həyatında mühüm rol oynayan müxtəlif layihələr, elmin, mədəniyyətin inkişafına təkan verən tədbirlər, eləcə də fəaliyyəti, yaradıcılığı ilə daim diqqət mərkəzində olan müasirlərimizlə maraqlı müsahibələr jurnalın səhifələrini bəzəyir. Hazırda böyük ənənəsi və geniş oxucu auditoriyası olan “Azərbaycan qadını” jurnalı öz fəaliyyətini davam etdirir. İildə dörd dəfə oxucuların görüşünə gələn jurnal hər biri 5000 tiraj olmaqla Azərbaycan və rus dillərində nəşr olunur və müasir Azərbaycan qadınının simasını, uğurlarını, qabaqcıl təcrübəsini geniş auditoriyaya təqdim etməyə can atır.
2012-ci ildən, nəşrindən 100 il sonra Milli İrsi Mədəni Tarixi Araşdırmalar fondu “İşıq” qəzetini yeni-jurnal formatında, ildə dörd dəfə olmaqla fəaliyyətini davam etdirir. Jurnal ailə dəyərləri, uşaq tərbiyəsi, qadın problemləri və bir sıra tarixi, mədəni-əxlaqi mövzulardan bəhs edir, qadınların ictimaiyyətdə rolunu, maarifçilik ənənələrini, ailə-övlad münasibətlərini, milli-mənəvi dəyərlərimizin qorunmasını xüsusi qeyd edir. Yazılarında elmilik, tarixilik, bədii-publisistik üslub məqalələrin maraqla oxunmasına yol açır, oxucuya mənəvi zövq verir