Sosial şəbəkələr bizə nə verir?–Kənan Novruzov yazır

0
17

Kənan Novruzov, BDU Jurnalistika fakültəsinin dördüncü kurs tələbəsi

Sosial şəbəkələr yaşadığımız 21-ci əsrin ən böyük kəşflərindən biridir desək, yəqin, yanılmarıq. Facebook, İnstagram kimi platformalar İnformasiyanın ani sürətlə yayılmasına xidmət etməklə yanaşı, həm də bir növ kommunikasiya funksiyasını yerinə yetirir. Etiraf etmək lazımdır ki, indi insanlar üçün uzun telefon danışıqları ikinci plandadır. Hər birimiz müxtəlif sosial şəbəkələrin mesajlaşma xidmətləri vasitəsilə lazımi xəbəri istənilən fiziki və ya hüquqi şəxsə çatdıra bilərik. Müxtəlif meyarları nəzərə alsaq (vaxta qənaət, qəfil zənglə qarşı tərəfin işinə mane olmamaq və s.) bu, olduqca böyük üstünlükdür. Eyni zamanda məhz sosial şəbəkələrdə müxtəlif xəbər portallarının, saytların yaydığı xəbərlərlə günün nəbzini tutmaq da bizim üçün xeyli asanlaşır. Bütün bunlarla yanaşı, sosial şəbəkələr plüralizmin ən bariz daşıyıcısıdır. İnsanlar heç bir maneə olmadan istədiklərini yazır, öz fikirlərini geniş auditoriya təqdim edirlər. Bu, vətəndaş jurnalistikasını formalaşdırır, onun inkişafına təkan verir.
Qeyd etmək lazımdır ki, müasir media klassik mətbuatdan fərqlənir. Əgər mətbuat deyəndə sadəcə yazılı jurnalistika ağla gəlirsə, media daha geniş bir platforma olaraq nəinki radio və televiziyanı, həm də soaial şəbəkələri özündə birləşdirir. Başqa sözlə və daha konkret desək, sosial şəbəkələr bu gün medianın bir hissəsidir, cəmiyyətə xitab etmeyin, ictimai rəy yaratmaq və formalaşdırmağın ən optimal yollarından biridir.
Heç kimə sirr deyil ki, bu gün dünyada müxtəlif sosial şəbəkələrin milyardlarla istifadəçisi var. Elə ölkəmizdə də konkrət statistik göstərici kifayət qədər böyükdür. Bəs, gəlin, görək hər kəs medianın bu qolundan təyinatı üzrə istifadə edirmi? Əslində sosial şəbəkələrin hansısa istifadə qaydasının olduğunu demək də çətindir. “Sosial şəbəkələrdən nə üçün istifadə olunmalıdır?” sualına kim birmənalı cavab verə bilər ki? Əminəm ki, respondentlərin əksəriyyəti sosial şəbəkələrdən kor-koranə istifadə etdiklərini, onun həyatımızın ayrılmaz bir hissəsinə çevrildiyini deyəcəklər. Texnikanın inkişafı ilə ayaqlaşdığımızı nəzərə alsaq, müəyyən mənada razılaşmaq olar. Yaxşı, necə düşünürsünüz, texnikanın inkişafı bizə baha başa gəlmir ki (Və ya biz buna-indi deyəcəklərimə hazırıqmı?)? Yuxarıda da qeyd etdiyim kimi, medianın digər qollarından fərqli olaraq sosial şəbəkələrdə heç bir senzura, istifadəçilərin fəaliyyətini tənzimləyən qaydalar yoxdur. Bu da hələlik, bəlkə də, kiçik problem kimi görünən, lakin gələcəkdə böyük bəlalara çevrilə biləcək nəticələrə səbəb olur. Bəzən istifadəçilər heç bir məsuliyyət hiss etmədən başqaları haqqında təhqiramiz ifadələr işlədir, yalan informasiyalar yayır, hətta bəzən şər və böhtana əl atmaqdan da çəkinmirlər. Bu, şübhəsiz, arzuolunmazdır. Əfsuslar olsun ki, tək problem bu deyil. Çirkin əməllər məqsədilə bir çox hallarda kişilərin qadın, qadınların kişi (əsasən birinci) cins nümayəndəsi kimi qeydiyyatdan keçdiyinin də şahidi oluruq. Həmçinin fenomen olmağı arzulayan insanlar bir sıra hallarda sensasiya xarakterli, qeyri-dəqiq informasiyalar yayırlar ki, bu da adətən sonradan cəmiyyət arasında narazılığa və ya çaxnaşmaya səbəb olur.
Sosial medianın özü ilə birlikdə getirdiyi sadaladığımız və deməyə ehtiyac hiss etmədiyimiz onlarla neqativ haldan necə xilas olaq? Bu problemi Facebookun yaradıcısı Mark Zukkenberq həll etməlidir, yoxsa hər bir ölkə özü, necə deyərlər, öz başının çarəsinə baxmalıdır? Sözsüz ki, qeyd etdiklərimiz milli və ya regional yox, qlobal problemlərdir. Əgər Mark sosial şəbəkələrə hansısa qadağa və ya senzura qoysa idi, bu, azad sözün və həm də demokratik dəyərlərin inkişafı istiqamətində böyük bir maneə olacaqdı. İnsanlar da şikayət edəcəkdi ki, istədiyimiz fikri istədiyimiz formada ifadə edə bilmərik. Ancaq normal fikir neqativ düşüncələrlə dolu olmamalıdır axı. Bir də lap deyək ki, sosial platformalarda neqativliklərin qarşısını almaq üçün hansısa tənzimləyici funksiya işə düşdü. Məgər bu insanların şüurunu dəyişəcəkmi? Bəziləri yenə də müxtəlif auditoriyalarda, kampaniyalarda təhqir və böhtandan istifadə etməyə davam edəcəklər. Sözsüz ki, işləri bir az çətin olacaq. Çünki ictimai qınaqdan, qarşı tərəfin cavab reaksiyasından çəkinəcək, qorxacaqlar. Elə sosial şəbəkə istifadəçilərinin öz elektron hesablarında asanlıqla nalayiq sözlərdən istifadə etmələrinin bir səbəbi də virtual aləmin reallıqdan çox fərqli olması, göz- gözə, üz- üzə ünsiyyətin olmamasıdır. Yeri gəlmişkən, mütəxəssislər də təsdiq edir ki, adətən həyatdan küsmüş, real həyatda böyük uğur qazanmağı bacarmayanlar özlərini virtual aləmdə təsdiq etməyə çalışır və nəticədə bəzən özləri etiraf etməsə də (və ya fərqində olmasa belə) real ünsiyyətdən daha çox qaçırlar. Saatlarla bir yerdə olduqları insana ürəyindən keçən sözləri söyləmir, “Sosial şəbəkədə yazaram” deyə düşünürlər.
Göründüyü kimi, dövrümüzün ən böyük kəşflərindən olan sosial şəbəkələr həm müsbət, həm də mənfi xüsusiyyətlərə malik olmaqla kifayət qədər ziddiyətli platformadır. Necə etmək lazımdır ki, insanlar ancaq onun müsbət keyfiyyətlərindən istifadə etsinlər? Bəlkə də, “Gülü sevən tikanına dözər” deyib məsələni görməzdən gəlmək də olar. Lakin təəssüflü olsa da, boynumuza almalıyıq ki, problemə səthi yanaşa- yanaşa onun bu qədər ciddiləşməsinə özümüz şərait yaratmışıq. Gərək ən azı, sağlam əqidə naminə elə özümüz də problemi həll edək. Düşüncəmizi, yanaşmamızı dəyişək. Sosial şəbəkələrin timsalında nə qədər böyük arenaya malik olduğumuzu başa düşək və yalnız onun üstünlüklərindən istifadə edək. Əks halda, nəinki Mark, biz özümüz belə peşman ola bilərik.