Tələbələr imtahana hazırdırlarmı?

0
122

Qasım Xuluflu, BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Ali məktəblərdə imtahan sessiyası davam edir. Hər dəfə olduğu kimi, tələbələr yenə gecələrini-gündüzlərinə qatır, həyəcanlanır, stress keçirir və səbrsizliklə nəticələri gözləyirlər…Gənclərin imtahana münasibətləri fərqlidir. Kimiləri ona qorxuya yuxuya bənzədir, kimiləri də etinasız yanaşır… Görəsən, tələbələr imtahana necə hazırlaşırlar? Bu sual ətrafında keçirdiyimiz sorğunu oxucularımıza təqdim edirik:

Şəhla Ələsgərova, Bakı Dövlət Universiteti Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi: “Ən yaxşı üsul mövzunu bir A4 formatında konspektləşdirib yazmaqdır. Bu üsulla hazırlaşanda daha asan olur, nənki, verilən mühazirələri oxumaq. Əsas hissələri konspektləşdirəndə həm vaxta qənaət etmiş olursan, həm də sırf suala uyğun hazırlaşırsan. Mən hazırlaşmadan imtahandan sonuncu imtahandan 91 bal topladım. Amma, sizə hazırlaşmağı tövsiyyə edərdim.”

Elmin Alışov, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin tələbəsi: “ Mən hazırlıqdan çox imtahan prosesindən danışmaq istəyərdim. İmtahan biletini çəkməzdən əvvəl zəhimli nəzarətçiləri görəndə daha da həyəcanlanıram. Xüsusi olaraq, imtahan keçirilən otağa telefon zəngi gələndə otağa dərin sükut çökür- hamı bir-birinə baxır ki, görəsən, kim üçün zəng ediblər? Hər dəfə telefon zəngini eşidəndə özümü itirirəm, Allaha dua edirəm ki, o şəxs mən olmayım.”

Xəyyam Əmiraslanov, Azərbaycan Dillər Universiteti, Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin tələbəsi: “İmtahan ərəfəsində həyəcanı azaltmaq üçün beynimizdə mümkün qədər pozitiv təsəvvürlər yaratmalıyıq. Valideynlərimizin yüksək gözləntilərini nə qədər az xatırlasaq bir o qədər az həyəcanlanarıq. İmtahanda nəticənin yaxşı olması üçün hazırlıq prosesinə diqqət etməliyik.”
Arzu Alıyev, Gəncə Dövlət Universiteti, Fizika və texniki fənlər fakültəsinin tələbəsi: “ İmtahana hazırlıq məsuliyyətli işdir. İmtahanda yaxşı nəticə göstərmək üçün ən yaxşı yol semestr ərzində dərslərə gündəlik hazırlaşmaqdır. Adətən imtahanlarda həyəcanlı oluram. Əlbəttə, bu da məsuliyyətsizlikdən xəbər verir.”
Hüseyn Cabbarlı, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin tələbəsi: “Heç vaxt imtahan həyəcanı keçirməmişəm. İmtahana ən uzun hazırlıq müddətim Ali məktəbə hazırlaşanda olub- bir həftə.”
Teymur Hüseynli, Azərbaycan Tibb Universiteti, Müalicə və profilaktika fakültəsinin tələbəsi: “Mən imtahana bir gün qalmış hazırlaşıram. Gecə səhərə kimi oxuyuram. Belə olanda dərs yaxşı yadımda qalır. İmtahanın cavabları çıxana kimi həyəcanlı oluram. Yalnız cavablar çıxandan sonra sakitləşirəm.”
Mirkamal Kazımzadə, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin tələbəsi: “ İmtahana bir neçə gün qalmış gündə bir saat dərslərə vaxt ayrıram. Təbii ki, hamı kimi məndə də həyəcan olur. Bəlkə də, həyəcan olmadan imtahanda yaxşı nəticə qazanmaq mümkün deyil.
Leyla Əliyeva, Bakı Dövlət Universiteti, Jurnalistika fakültəsinin tələbəsi: “Məncə, həyəcan insanın özündən asılıdır, yəni istəməsən həyəcanlanmazsan. Mən hər imtahandan əvvəl çox fikirləşirəm. Ona görə də imtahan vaxtı çox həyəcanlı oluram. Çalışıram ki, dərslərimi yaxşı öyrənim ki, imtahanda əziyyət çəkməyim.”