“TANRI”mızı itirdik…

0
97

Sevda ULUTAU

“…hər bir iş 9 ilə-Tanrı ilə birlikdə əla gedərkən, yetim kimi bükülmüş, tək qalmış 8 haradan çıxdı? Biz deyəndə ki, Oğuzların (Azərbaycan, Anadolu-Osmanlıların) bayrağında “8 guşəli ulduz” faciədən xəbər verirmiş, demək yanılmamışıq. Hə, bu bölünmədə “TANRI”mızı itirdik, vahidliyimiz (9-1=…) əldən getdi, biri-birimizə yağı kəsildik, yad qoynuna sığınıb yadlaşdıq. BU, FACİƏ DEYİL, BƏS NƏDİR???”
Tarixin bizdən gizlətdiyi, eyni zamanda bizdən gizlədilən çox faktları var. Ona görə də tarixin və mədəniyyətin yenidən nəzərdən keçirilməsinə ciddi ehtiyac duyulur. Kamil Odərin məqalələr toplusundan ibarət olan “Tarixə yeni baxış” əsəri bəlkə də bu ehtiyyacı az da olsa qarşılayar. Ziddiyyətli, dolaşıq fikirlərə, siyasi məqsədlərə xidmət edən təhrif olunmuş faktlara yeni nəfəs verən kitab filoloqlar, ali məktəb tələbələri və tarixlə maraqlanan şəxslər üçün nəzərdə tutulub.
Ağıllı, iti zəkaya malik olan, düşünməyi sevən hər bir insan üçün oxunması vacib olan kitablar sırasındadır. Kitabda yeni baxış və fikirlər daha çox suallar şəklində təqdim olunur. Bu isə birbaşa oxucunu düşünməyə, tarixin dərin qatlarına bir daha enməyə vadar edir: “Tarixin atası Herodot?” Kim Herodota bu cür çin, rütbə vermişdir? Bəlkə Herodotdan əvvəl heç kim elmin bu nöqtəsinə toxunmamışdır? Herodotdan qabaq yazılmış Şumer salmnamələri, Misir salnamələri, Çin salnamələri kimin qələmindən çıxmışdır? …Kim zəmanət verər ki, 1000 il sonra (!) arxeoloji qazıntılar nəticəsində hər hansı bir xərabəlikdən tapılmış sadaladığımız yalan tarixlər, həmin minilliyin tarixçilərini yanlış yola sövq etməyəcəkdir?!”
“Sözün təhrifi insanın təhrifidi. İnsanın təhrifi ölümdür” –deyən Kamil Odər indiyədək araşdırılmayan, unudulan, haqqında düşünülməyən bir çox məsələlərə aydınlıq gətirir. Kitabda xeyli sayda yeni fikirlərə, orijinal mövzulara rast gəlmək mümkündür. Həmçinin burada Zərdüşt, Nuh, İsa, Məhəmməd kimi peyğəmbərlər, Alp Ər Tonqa, Babək, Şah İsmayıl kimi tarixi qəhrəmanlar haqqında da yeni fikirlər mövcuddur.
Müəllif “Zərdüşt” adını, onun kitabının isə “Avesta” adlandırılmasını şübhə ilə qarşılayaraq, əgər Zərdüşt Oda bu qədər bağlı idisə, deməli adında Od-kök özünü göstərməliydi fikrini irəli sürür. “Doğulduğu yer məlum, daxil olduğu hücrənin Abşeronda olmasını təsdiq edən qaynaqlar, mifoloji təhlillər, kitabının sonradan əski fars dilinə tərcümə edilməsi bəlli olduğu halda, farslarla ərəblərin yazdığına “ləbbeyk” deyib köçürən Qərb şərqşünaslarının fikrini əldə nə üçün əsas tutmalıyıq? …Farsları bu müqəddəs kitabın varisi hesab etmək olmaz. Özündən üstün olanın mədəniyyətini oğurlamaq, dilini mənimsəmək, ayaqları yer tutandan sonra yerli əhlini (Oğuzları) gəlmə hesab etmək, üzə gülüb pambıqla baş kəsmək, qız-gəlini qabağa verib dalda iş görmək…(bu siyahını uzatmaq da olar) farslarla erməniləri birləşdirən amildir”.
Hər zaman Türklərin Asiyadan Qafqaz ərazilərinə gəlməsi fikri bir çox insanlarda onların gəlmə olduğunu, köçəri olduğu düşüncəsini yaradır. Lakin Kamil Odərin irəli sürdüyü fikirlərə əsasən belə bir qənaətə gəlmək mümkündür ki, əslində Türklər Qafqazdan Asiyaya köç ediblər.
Tarix boyu böyük Türk Ulusunun mədəniyyəti, fəlsəfəsi, dövlətçilik ənənələri, adətləri avropa-xristian düşüncəsi ilə qələmə alınıb. Xüsüsilə, ərəblərin meydana çıxmasından və islam dininin yayılmasından sonra Türk varlığı, Türk düçüncəsi ikinci plana keçməyə başlayır. Nəticədə unudulur, təhriflərə məruz qalır. “Zaman var idi yaşayırdılar bir ormanda, bir köydə. Eninə-uzununa torpaqlarını əkib becərirdilər. HALAL var idi, haramı tanımırdılar. DOĞRU var idi, yalanı tanımırdılar. Sözləri bir, əməlləri bir! DOST var idi, düşmən yox idi. HƏYAT var idi, ölüm yox idi. Ulu Günəşə tapınırdılar, Ayı sevirdilər, Ana torpağı sevirdilər, Suyu sevirdilər. Onlar üçün Yer də, Göy də müqəddəs idi.
Və nəhs bir gündə yeni qonşular haradansa azıb gəldilər. Əvvəlcə qıraqda məskən saldılar-Dış Oğuzda. Onların ürək açıqlığını göylərin dərinliyi qədər gördülər və qonşular biri digərini dartıb gətirdi. Addım-addım onların içində özlərinə yuva saldılar-İç Oğuzda. Bundan ona, ondan buna dedilər, yamanladılar. Hər şeyə inanan adamlar (Türkün inanmaq faciəsi!) arasında soyuqluq yarandı. Qıyma-qıyma HARAM böyüdü, halal kiçildi; YALAN böyüdü, doğru kiçildi; ÖLÜM önə çıxdı, həyat çəkildi; DÜŞMƏN öndə durdu, dost çəkildi. Kərtənkələ, Əqrəb sayıldı; günəş unuduldu, od unuduldu, su unuduldu”.