Azərbaycan cüdosunun İbad müəllimi

0
251

Kənan Novruzov

Həmişə olduğu kimi, bu gün də yetirməsi olduğum, uzun illər burada cüdonun sirlərini öyrəndiyim 13 nömrəli İxtisaslaşmış Olimpiya Uşaq və Gənclər İdman Məktəbinə(İOUGİM) yollandım. Məktəbin həyətində rastlaşdıq, görüşdük. Özünəxas şəkildə təbəssümlə soruşdu: “məşq gəlmisən, ya yazıb-pozmağa?”. Dedim ki, məşqə gəlmişəm. Cavabımdan razı qaldığını hiss etdim. Əlini çiynimə qoydu və “onda vaxt itirmə, zala get” dedi.

Söhbət uzun illər cüdo üzrə qadınlardan ibarət yığma komandamızın baş məşqçisi vəzifəsində çalışmış, Kifayət Qasımova, Ramilə Yusubova, Aişə Qurbanlı kimi onlarla tatami ustası yetişdirmiş Əməkdar məşqçi İbadulla Şahbanovdan-İbad müəllimdən gedir. O İbad müəllim ki, həm də yuxarıda qeyd etdiyim 13 nömrəli İOUGİM-nin sayılıb-seçilən, bacarıqlı yetirmələri, əldə etdiyi uğurları ilə fərqlənən məşqçi-müəllimlərindəndir. Və həm də mənim müəllimlərindən biridir. İbadulla Şahbanovu çoxdan, təxminən on ilə yaxındır ki, tanıyıram. Həmişə özünün sadəliyi, səmimiliyi və peşəkarlığı  ilə fərqlənir. 2014-cü ildə Milli Olimpiya Komitəsinin rəsmi mətbuat orqanı olan “Olimpiya dünyası” qəzetilə əməkdaşlığa başladıqdan sonra müəllimim tez-tez bu və ya digər mövzu ilə bağlı müraciət etdiyim, fikrlərini öyrəndiyim, lazım gələndə kömək istədiyim insanlardan birinə çevrildi. Həm də ona görə ki, onu təkcə cüdoçular yox, demək olar, bütün idman ictimaiyyəti tanıyır. 2015-ci ildə ölkəmizdə keçirilən I Avropa Oyunları zamanı qadın cüdoçularımızın hazırlıqları ilə bağlı bir yazı hazırlayırdım. O vaxt ilk dəfə İbad müəllimin yanına müxbir kimi getdim. Necə qarşılayacağını bilmirdim. “Dünən zalda kəməri açılan kimi mənim üzərimə qaçan idmançı, indi məndən müsahibə alır” deyə düşünməzdimi? Başqası olsa, bəlkə də, belə edərdi. Lakin dedim axı, o, özünün sadəliyi ilə çoxlarına nümunə ola bilər. Həmin gün suallarıma ətraflı cavab verməklə yanaşı, həm də məni milli komandanın idmançıları ilə tanış etdi, kim olduğumu, hansı qəzetdən gəldiyimi dedi. Sonradan Əməkdar məşqçi ilə münasibətimiz daha da möhkəmləndi.  Bir neçə müddət sonra onlarla birlikdə İsmayıllı Olimpiya İdman Kompleksinə gedəndə də diqqət və qayğısını əsirgəmədi, əksinə, həmişə nəzarətdə saxladı. Yəni belə bir insandır İbad müəllim-sadə, səmimi, peşəkar.

Hərdən idman məktəbinə məşqə  gedəndə onu da orada  görürəm. Ya zalda həvəslə məşq keçir, güləşən cüdoçulara “qolları çək!”, “yaxadan yapış!” kimi komandalar verir, ya da yetirmələrindən biri ilə psixoloji söhbətlər aparır. Uzaqdan onları müşahidə edir və xoş xatirələri yadıma salıram. Mənim orada olduğumun fərqinə vardıqdan sonra görüşürük, məşqlərimlə maraqlanır. Və həmin dialoqların hər birinin nəticəsində  daha çox dərk edirəm ki, İbad müəllim mənə inanır, etimad göstərir. Sağ olsun!

Bir müddət əvvəl Hövsan qəsəbəsində yeni bir klubunun(“Kano” klubunun filialı) əsasını qoydu. Dediyinə görə, qısa müddət ərzində həmin idman ocağında artıq bacarıqlı idmançılar yetişib. Dəqiq bilirəm ki, həmin zalda gələcəyin Avropa, dünya mükafatçıları var. Əlbəttə, belə də olmalıdır. Çünki məşqçiləri məhz İbadulla Şahbanov-Azərbaycan cüdosunda tarix yazan İbad müəllimdir.

Bu günlərdə müəllimimin ad günü idi. Ona görə də onun haqqında bu qeydləri eləməyi  qərara aldım. Əvvəl düşündüm ki, bu yazı jurnalist kimi İbad müəllim haqqında qələmə aldığım növbəti məqalələrdən biri olacaq. Lakin, yox, mən onun tələbəsiyəm və bilirəm ki, bu, həmişə belə olacaq. Onun haqqında ancaq yetirməsi kimi yaza bilərəm. Bu gün əlini çiynimə qoyanda başa düşdüm ki, bir müəllim kimi onun əli çoxdan, bəlkə də, elə tanışlığımızın ilk illərindən mənim çiynimdə imiş. Hər şey üçün sağ olun, əziz İbad müəllim! Yeni yaşınız sizə ancaq “ippon” gətirsin!