Məmmədyarov və Rəcəbov dördüncü mərhələnin yarım addımlığında

0
6

Oqtay BAYRAMOV

Azərbaycanlı  qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Xantı-Mansiyskdə ( Rusiya ) davam edən Dünya Kuboku turnirinin1/16 final mərhələsinə də uğurla başlamışlar. Hər iki şahmatçımız dördüncü mərhələdə yoluna davam etmək məqsədinə çox yaxındır.

Üçüncü  mərhələnin ilk görüşlərində Məmmədyarov qara fıqurlarla Azərbaycan millisində komanda yoldaşı Eltac Səfərliyə qalib gəlmiş, Rəcəbov isə ağlarla rusiyalı Daniil Yuffa üzərində qələbə qazanmışdır.

Bu  gün Bakı vaxtı ilə saat 14-də başlanacaq üçüncü mərhələnin ikinci görüşləri ərəfəsində Şəhriyar və Teymur dördüncü mərhələnin yarım addımlığındadırlar. Səkkizdəbir finala çıxmaq üçün hər iki təmsilçimizi heç–heçə də qane edir.

Xatırladaq ki, təşkilatçıların 1 milyon 600 min dollar məbləğində mükafat fondu təsis etdikləri Dünya Kuboku yarışının finalçıları gələn il keçiriləcək dünya şahmat tacı uğrunda iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaqlar.