Qrossmeysterlərimiz Xantı-Mansiyskdə

0
10
   Oqtay Bayramov
    Sabah Rusiyanın Xantı -Mansiysk şəhərində şahmat üzrə Dünya Kuboku yarışına start veriləcək. Yarışda 128 rəqib mübarizəyə qoşulacaq. Turnirdə Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç,  Eltac Səfərli və Nicat Abasov təmsil edəcəklər.
   Xantı-Mansiysk sınaqlarının ümumi mükafat fondu 1 milyon 600 min dollardır. Turnirin qalibini 110 min, ikinci finalçını 80 min dollar məbləğində mükafat gözləyir. Başlıcası isə, yarışın ən yaxşı iki iştirakçısı dünya şahmat tacı uğrunda iddiaçıların turnirində iştirak etmək hüququ qazanacaq.
  Birinci mərhələdə Məmmədyarov Madaqaskar, Rəcəbov Farer adaları, Naydiç Almaniya, Səfərli ABŞ və Abasov Polşa şahmatçıları ilə görüşəcəklər. Qaliblər ikinci mərhələdə yollarına davam edəcək, uduzanlar isə turnirlə vidalaşacaqlar.
  Dünya Kubokunun sahibi oktyabrın 4-də məlum olacaq. Qrossmeysterlərimizə uğurlar arzulayaq.