Bir cibimdə əsginasım

0
59

Əliş Abdulla

II kurs tələbəsi

“Pul ağıllı adamın köləsi, axmaq adamın isə ağasıdır”,- deyir almanlar. Həqiqətən də, pul müasir dövrdə çox əhəmiyyətli rola malikdir. Amma belə bir deyim də var ki, hər şey puldur, amma pul hər şey deyil. Məsələyə digər tərəfdən baxanda bütün dövlətlərin ayaqda durmasına səbəb onların iqtisadiyyatıdır. İqtisadiyyatın da başlıca təməli puldur. Ona görə də “pul əl çirkidir” demək bir növ düzgün deyil.
Pulun tarixindən danışsaq, öncə onu qeyd eləmək lazımdır ki, pulu heç kim ixtira etməyib. O iqtisadi proseslərin inkişafı zamanı meydana çıxıb. Mənbələr göstərir ki, pul insan cəmiyyətinin yaranması ilə eyni vaxtda meydana gəlməyib. Pul bəşər cəmiyyətində 6-8 min ildir ki, mövcuddur. İlk pul maldarlıqla məşğul olmuş tayfalarda meydana gəlib (bu zaman pul kimi, əvvəlcə, mis, tunc, qurğuşun, daha sonra gümüş və qızıldan istifadə edilib). Məhz buna görə hesab edirlər ki, bu söz latın sözü olan “pekuniya”- pul, “pekus” -mal-qara sözündən yaranıb. Əsginaslar isə ilk dəfə Çində hazırlanıb. 812-ci ildə Tan sülaləsində ən qədim əsginas buraxılıb. Müasir dövrdə də, əsasən, kağız əsginaslardan istifadə olunur.
İndiki dövrdə bütün iqtisadi əməliyyatlar pul vasitəsilə həyata keçirilir. Ümumiyyyətlə, hər bir ölkənin öz pul vahidi olur və onun ərazisində bu vahiddən istifadə məcburidir. Bildiyimiz kimi, Azərbaycanın pul vahidi manatdır və 2006-cı ildən AZN adı ilə dövriyyəyə buraxılıb (ilk dəfə isə 1992-ci ildə). Dünya miqyasında iqtisadi ödəmələr, əsasən, ABŞ dolları (USD) və Avropa Birliyinin rəsmi valyutası olan avro (EUR) ilə aparılır. Dünyanın stabil valyutalarına misal kimi isə ingilis funt-sterlinqini (GBP) və İsveçrə frankını (CHF) göstərmək olar.
Tarix boyu müxtəlif ictimai formasiyalar biri-birini əvəz edib. Hazırda isə kapitalizm dövrüdür. Kapital sözünün mənası isə dövriyyəyə buraxdıqda əlavə gəlir gətirən əsas vəsait, dəyər, sərmayə və nəhayət, pul deməkdir. Buradan da belə qənaətə gəlmək olar ki, indiki dövrdə hər şeyi pul idarə edir. Pul deyiləndə isə ilk olaraq ağıla dünyanın böyük neft maqnatları – ərəblər, İsveçrə bankları, masonlar və s. gəlir. İsveçrə bankları dünyanın ən etibarlı bankları hesab olunur. Buna görə də əksər “milyarderlər”in hesabları bu banklarda saxlanılır. Onların içərisində ən nəhəngi isə UBS-dir (Union Bank of Switzerland). Bir qrup ölkələr var ki, onlar artıq özlərinə bir ad formalaşdırıblar – Ərəb ölkələri. Bura Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Küveyt, Bruney və s. daxildir. Onların belə varlanmasına əsas səbəb isə qara qızıldır. Masonlardan isə danışmağa ehtiyac yoxdur.
Beləliklə, pul yarandığı zamandan indiyə kimi insan həyatında çox önəmli rola malik olub. Sonda isə alman yazıçı və şairi Bertold Averbaxın bu aforizmi lap yerinə düşər: “Çox pul qazanmaq igidlik, onu saxlamaq müdriklik, məharətlə xərcləmək isə incəsənətdir”.