Unudulmayan hədəf – Atatürk!

0
25

Vuqar Ziferoğlu

NATO-nun Norveçdəki hərbi təlimlərində əsgərlərin atış hədəfi kimi Atatürk və Erdoğanın şəkilləri yerləşdirildiyinə görə Türkiyəli 41 hərbçi təlimdən geri çağrılıb.
Ciddi məqamdır.
Bununla bağlı müxtəlif şərhlər var. Mən məsələyə daha fərqli bucaqdan münasibət bildirmək istərdim…
Avropanın yüksəlişi, Osmanlının Vyana qapısına qədər irəliləməsindən sonra başladı. Avropalılar anladılar ki, üzərilərində dinin, əslində kilsənin hakimiyyəti son dərəcə güclüdür və bu onların dünyəvi-sekulyar inkişafının qarşısını almaqdadır. Cənnət qəbzləri satan kilsə nə qədər ciddi qorxu və basqı elementləri yaratsa da, bunlarla qapılarına qədər gələn türklərin qarşısını almaq mümkün olmayacaq. Daxili intriqalar son qoymaqla və kilsənin 18-ci əsrdən başlayaraq (!) dövlət anlayışı ilə orqanik şəkildə vəhdət təşkil etməsi ilə, qoca qitənin həm Osmanlını çökdürməsinə, həm də Yaxın Şərqdə kök atmasına səbəb oldu. Orientalizm – Şərqşünaslıq məhz qoca qitənin sirrlərlə dolu Yaxın Şərqi öz təsiri altına ala bilməsi üçün yaradılan bir məktəb oldu. Bu məktəb Lourenslər yetişdirdi. Halbuki, xaç yürüşləri dönəmində belə buna nail ola bilməmişdilər…
Hər bir avropalının (diqqət edək: eləcə də ərəbin) zehnində bir hakim, qalib türk obrazı var ki, yüzillərdir buna qarşı bir daxili savaş aparmaqdadırlar. Əsla bağışlamırlar və unutmurlar. Hər fürsətdə sanki öc alırmışlar kimi davranır və içlərində bəsləyərək böyütdükləri o kini nəsildən-nəsilə ötürürlər.
Bu gün hədəfə alınan Atatürk – Türkiyə Cümhuriyyətinin var oluşu səbəbidir! Cümhuriyytin təməl ilkələrini ortaya qoymuş bir qurtarıcıdır! Həm də Avropalılara nəhayətində hərb və siyasət meydanında qalib gələn bir sərkərdədir!
21-ci əsr məhz dəyərlərin savaşının getdiyi bir dövrdür. Və bu savaşda hədəf – dəyərlər, yəni sənin bir millət olaraq var edən kilid nöqtələr, qırmızı cizgilərdir. O dəyərlərə sahib çıxmamaq, bir millətin öz simasını, kimliyini itirməsi deməkdir. Kimliksiz millət isə, xasiyyətsizdir!
Amma bir məqam da var!
Çaqqalın bəyliyi, QURD ayağa qalxana qədərdir!