Ailə, məişət ənənələri estetik ideallar sistemində

0
22

Könül Niftəliyeva

Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində ailə, məişət, ailə tərbiyəsi kimi məsələlər lap qədimdən xüsusi yer tutmuş və tutmaqdadır. Klassik ədəbiyyatımızın ən böyük karifeylərinin bədii yaradıcılığında ailə tərbiyəsi, məişət problemləri estetik ideal səviyyəsinə qaldırılmış və bu əsərlərdə neçə-neçə nəsil öz həyatını, məişətini qurmaq işində bəhrələnmişdir. İntibah dövrünün Nizami Gəncəvi kimi böyük Azərbaycan şairinin ən ciddi idealları sırasında qadına hörmət, qadın hüququ-bir sözlə, müsbət qadın obrazı əsas yer tutmuşdur. Onun “Xosrov və Şirin” kimi dünya ədəbiyyatının fundamental nümunəsi olan poemasında qadın-Şirin hətta ipə-sapa yatmayan şah Xosrovu da tərbiyələndirib xeyirxah insana çevirir. Bu böyük şairin Fitnəsi öz ağlı və fərasəti ilə Bəhram şahı- ümumiləşdirilmiş iddialı kişi obrazını ram edə bilir.
XVI əsrin Füzuli dühasının yaratdığı “Leyli və Məcnun” təkcə iki gəncin məhəbbət macərası deyil, həm də ailə- qız tərbiyəsinin, məişət əxlaqının ifadəsi baxımından xüsusi qiymətə layiqdir. Əslində bir sıra ədəbiyyat araşdırıcılarının “feodal- patriarxal” mühitin fəsadlarına bağladıqları bu uğursuz məhəbbət fonunda xalqımızın qədim ənənələrindən gələn (feodal-patriarxlığa dəxli olmayan) bir sıra milli-tərbiyə, məişət ənənələri də öz yerini tapmışdır. Dövrün ənənələri çərçivəsindən çıxan, öz məhəbbətini açıqca elan edən Leyliyə anasının tərbiyəvi sözlərinin bəzi məqamları bəlkə elə bu gün üçün də çox müasirdir. Əlbəttə, bu nəsihətdə orta əsrlərin məhürü güclüdür. Lakin bununla belə ananın nəsihətlərində ailə-məişət, qız tərbiyəsi kontestimdə bütün zamanlar üçün yararlı cəhətlərlə çoxdur. Aşağıdakı misralarda olduğu kimi,
Key şux! Nədir bu göftügulər?
Qılmaq sənə tənə eybculər?
Nəyçün özünə ziyan edirsən?
Yaxşı adını yaman edirsən?
Nəyçün sənə tənə edə bədgu?
Namusuna layiq işmidir bu?
Nazik bədən ilə bərgi-gülsən,
Əmma nə deyim ikən yünülsən! …
… Qızsan, ucuz olma, qədrini bil!
Hər surətə əks kimi baxma!
Hər gördüyünə su kimi axma!

Azərbaycan qızının tərbiyəsi, sevgiyə, sevgilisinə münasibətindəki abır- həya bütöv bir millətin ailə- məişət tərbiyəsində söykəndiyi faktlardan biridir. Təsadüfi deyil ki, hələ XVI əsrdə Füzulinin Leylisini açıq məhəbbət etiraflarına görə qınağa çəkən bir xalqın buna bənzər bir qınağı “Leyli və Məcnun”dan 400 il sonra meydana çıxan İlyas Əfəndiyevin “Körpüsalanlar” əsərindəki Səriyyənin kişilərlə geoloq kimi dağlara qalxması ətrafında da gündəmə gətirdilər. Azərbaycan qızının, əlbəttə, qapalı qalması, vaxtını bitirmiş yararsız ənənələrə boyun əyməsi, xüsusilə ailənin bununla bağlı əsrə bərabər israrla qalması qəbul edilən deyil, klassikamızın bir çox nümunəsi məhz bu cür yararsız ənənələrə qarşı çıxmış, Azərbaycan ailəsini məişət tolerantlığına çağırmış və buna xeyli nail olmuşdur. Böyük Səməd Vurğunun “Vaqif” pyesində şair-yeniliyə meylli Vaqifin ənənəyə uyğun olaraq üzünü bağlamış gəlininə örtüyü açmasını təklif edir. “Qoy, açıq görünsün ayın qabağı – sözləri də geriliyə çağıran çadraya etiraz səsidir.
Bütün bunlar belədir. Ancaq məşhur rus tənqidçisi V.Belinskinin bir fikrini də unutmamalıyıq. V.Belinski Şərqi və Qərbi müqayisə məqamında belə bir fikir deyir: “Əlbəttə, orası doğrudur ki, bəşər mədəniyyəti Şərqdə doğuldu. Amma Şərqdə bu mədəniyyət beşikdən yerə düşə bilmədi”. Filosof tənqidçinin bu fikri günümüzün böyük filosofu Səlahəddin Xəlilovun da bu sahədə əsərlərini yada salır. S.Xəlilovun fikrincə, Qərbin bir çox yenilikləri Şərqdən aparılan keyfiyyətlərdir. Amma filosof belə bir faktı da sübut edir ki, Qərb Şərqdən aldığı fəlsəfi təfəkkürü son əsrlərdə o qədər dəyişdi ki, nəticədə milli-mənəvi dəyərləri itirmiş oldu.
Eyni prosesə Qərbə meylli müasir Azərbaycanda da baş verəcəyinə və artıq baş verməkdə olduğuna, deyəsən, şübhə yeri qalmır. Təsadüfi deyil ki, bu gün Azərbaycanda ailə- məişət tərbiyəsi prosesində baş verən və özünü açıq göstərən sürətli dəyişikliklər ziyalılarımız arasında ciddi müzakirə və mübahisə mövzusuna çevrilməktədir. Qloballaşan dünyada milli- mənəvi dəyərləri qoruyub saxlamaq, o cümlədən bu dəyərlərin önəmli tərkib hissəsi olan ailə kanonlarını diqqətdə saxlamaq vacib işdir. Bu mənada klassik yazıçı və şairlərimizin yaradıcılığında milli ənənələrimizə hörmət və onun bədii- estetik dəyərlər çərçivəsində iradəsi yenidən xatırlanmalıdır. Cəfər Cabbarlı, Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza və başqalarının yaradıcılığında ana, ata-övlad münasibətləri ilə bağlı əsərlər məktəb dərsliklərimizdə önə çəkilməlidir. Mirzə İbrahimovun “Böyük dayaq” romanındakı Rüstəm kişi köhnəliyin tərəfdarı kimi deyil, milli dəyərlərə hörmət edən ümumiləşdirilmiş obraz kimi də qiymətləndirilməlidir. Yaxud, istedadlı nəsr ustası İsmayıl Şıxlının “Dəli Kür”ündəki Cahandar ağa obrazı tam müsbət adam kimi deyil, ərli qadını özünə arvad edən, bununla da milli ənənələrə meydan oxuyan bir kəs kimi də tənbeh edilməlidir.
Ailə, məişət tərbiyəsi və milli ənənələr kimi ciddi bir məsələ media sisteminin gündəmində indiki halında deyil, daşlanmış ənənələrə hörmət istiqamətində qoyulmalıdır. Oğulun atanı, ananı qətlə yetirməsi, bacının bacısını öldürməsi, atanın bütöv bir ailəni bir anda məhv etməsi kimi sensasion xəbərlər TV kanallarının reklam bazarına giriş qapısı olmamalıdır. Tamaşaçıların və ziyalıların qınaq obyektinə çevrilmiş bəzi TV proqram formatları ailə tərbiyəsinə, ənənələrimizə sağalmaz zərbələr vurmaqdadır.
Media və bədii ədəbiyyatımız cəmiyyətimizə ailə sevgisi, ər- arvadın bir- birinə sədaqət prinsipi, sevənlərin uğurlu məhəbbəti, övlad qayğıları və övladın qayğıları, problemləri ailədə birgə görmək bacarığı və s. kimi onlarca problemin həllini istiqamətləndirən yaradıcılıq nümunələrini ortaya qoymalıdır. Böyük Cəlil Məmmədquluzadənin heç vaxt köhnəlməyən “Anamın kitabı” bu günkü ailənin manifesti olmalıdır. Ailə-ər-arvad sevgisinin parlaq nümunələri təbliğ edilməlidir. Mən hər dəfə ümumilli liderimiz Heydər Əliyevin haqqında çəkilən televiziya portret-filmlərində bu böyük İNSANIN öz həyat yoldaşına nəsillərə nümunə olan sevgisini, ailəsinə və övladlarına atalıq münasibətini görəndə ürəyimdə o müdrik insana hörmətim yenidən dağ boyda ucalır…
Naxçıvanda-Hüseyn Cavidin ev muzeyində bəxtsiz şairin həbsdə olarkən həyat yoldaşından aldığı məktubu oxuyanda keçirdiyi duyğuıları ifadə edən aşağıdakı sətirləri bir tərəfdən ürəyimizi yandırırsa, digər tərəfdən dahilərin sevgisinin də dahi olduğu qənaətinə gəlirsən…
Ümid edirdim ki, Cavid gələcək,
Yaralı ürəyimə təsəlli verəcək,
Göz yaşlarımı siləcək,
Keçirdiyim günlərimi qələmə alacaq,
Əfsus ki, o yolu gedən gəlməz imiş.
Ailə-məişət məsələləri bir tərəfdən pedaqogikanın, didaktikanın predmetidirsə, digər tərəfdən islam dəyərlərində ən çox diqqət yetirilən obyektlərdən biridir. Azərbaycanda islamın din-məişət problemlərinə bağlı Qurani-Kərim, peyğəmbər nəsihətləri xeyli dərəcədə milliləşdirilmiş və səmərəli şəkildə təbliğ olunmaqdadır. Bu sırada ailə sədaqəti, ata- ana məhəbbəti, övlad qayğıları ilk yerdə durur. İstər islam dəyərlərində, istərsə də milli-mənəvi dəyərlər sistemində ailə-məişət problemlərinin qəbul olunmuş modellərinin pozulması ciddi ictimai qınaqla üzləşir. Tanrı hər bir ailəni məhz bu ictimai qınaqdan qorusun