Bakı gecələri…

0
15
Kənan Novruzov, BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi
Bakı gecələri…
Dünən axşam yoldaşlardan biri ilə paytaxtda gəzintiyə çıxdıqdan sonra bu qeydləri yazmağı qərara aldım. Qəribədir Bakı gecələri…
Düzü, bu qədər çox adam olacağını təsəvvür etmirdim. Etiraf etsəm, təəccübləndim. Mərkəzi küçələr qaynayır. İşıqlı yollarda gəzənlər, kafelərə, barlara girib-çıxanlar, skamyada oturub söhbət edənlər…Elə bil, hamı-bütün sakinlər burada, mənim ətrafımdadırlar. Əslində onları da qınamıram. Səhərlər harasa təsələn, iş-güc dalınca qaçan, gözlənilməz çətinliklərə görə talələrini söyən insanlar gecələr paytaxtın qoynuna sığınırlar. Əlacları olsa saatın əqrəblərini tutub saxlayar, irəliləməsinə mane olarlar. Mənə elə gəlir ki, bir qədər məcazi mənada desəm, indi şəhərdəkilərin əksəriyyəti “çirklidir”. Halbuki sabah hamısı təmiz kostyumda işdə olacaq, “bəli”, “xeyir”lə danışacaqlar. Gəzə-gəzə uzaqdan iki nəfər gözümə dəyir. Qışqıraraq danışırlar, hiss olunur ki, yaxşı içiblər. Küçənin tinində bir küncə qısılan alabaş elə kədərlə baxır ki, onlara. Hiss edirəm ki, itin də həmin insanlara yazığı gəlir…
  Onlardan bir qədər aralıda isə gənc cütlük oturub. Yəqin ki, heç bir dərd-qəmləri yoxdu, dünyanın ən xoşbəxtlərindəndirlər. Gülərək danışırlar. Nə demək olar ki? Allah qorusun.
   Yavaş-yavaş addımlayırıq. Etiraf edirəm, mən də zamanın keçməməsini arzulayıram. Səməd Vurğunun dediyi kimi, qoy uzansın gecə, geciksin səhər…Sanki gecənin müthiş səssizliyini qorumaq üçün nə yanımdakı yoldaş danışır, nə də mən. Hərdən küçələrin səssizliyini mağazalarin möhkəm çırpılan qapılarının səsi və hardansa eşidilən musiqilər pozur. Hər restoranın, barın qabağında bir-iki taksi var. Sürücülər maşınlarına söykənib bir-birləri ilə söhbət edir və səbrsizliklə insanların çölə çıxıb onları səsləmələrini gözləyirlər. Güman edirəm ki, rus və ingilis dilini bilən var aralarında. Çünki, maşallah, turistlər də çoxdur. Adı heç yaddaqalmayan restoranların birinin qarşısından keçirik. Restoranın girəcəyində dayanan ortayaşlı gülərüz qız bizə baxaraq təbəssüm edir. Və sanki bu təbəssümlə deyir ki, içəri buyurun. Qeyri-iradi mənim də üzümə xəfif gülüş qonur. Deyəsən, təbəssüm heç vaxt qarşılıqsız qalmayan yeganə məfhumdur…”Sözsüz ki, bu təbəssüm təkcə mənə aid deyil, yanından keçən hər kəsə belə gülür, işi budur” deyə öz-özümə düşünürəm.
    Sırf içəridəki mühiti görmək üçün diskotekalarin birinə daxil oluram. Hamı oynayır, spirtli içkilər içir. Heç kimi heç nə maraqlandırmır. Hərə öz aləmindədir. 5-10 dəqiqə ətrafı müşahidə etdikdən sonra çölə çıxıram və yolumuza davam edirik. Yanımdakı yoldaşa bildirmək istəməsəm də, hiss edirəm ki, yuxum gəlir. Səhər yeddidən oyagam axı. Çox keçmir ki, yuxum qaçır. Daha doğrusu, amansızcasına qaçırdılir. Elə təzə-təzə söhbət eləməyə başlayırdıq ki, bir də gördüm, kimsə arxadan gödəkçəmi dartdı və amiranə tonda: “salfetka al!” dedi. Kiçikyaşlı uşağın mənə uzatdığı bir neçə salfet qutusundan birini götürür, gödəkçəmin cibinə qoyuram. Sən bir işə bax e gecənin bu saatında uzağı 7 yaşı olan uşaq şəhərdə gəzir. Bu da kiminsə həyat tərzi, alın yazısıdır. Pulunu aldıqdan sonra sürətlə bizdən uzaqlaşır. Arxadan onu izləyirəm. Restoranlardan birinə girmək istəyir, lakin qaraqabaq ofisiant çiynindən itələyərək buna mane olur. Oğlan kor-peşman sadəcə şüşədən içəridə dadlı yeməklər yeyənlərə, bahalı şərabları içənləri izləyə bilir…
    Telefonumu çıxarıb saata baxanda artıq 12-ə işlədiyini görürəm. Deməli, istəsək də, istəməsək də metroya çatmaq üçün geri qayıtmalıyıq. Yeraltı keçidə düşər-düşməz bir neçə gəncin səsi qulağıma gəlir. Gitaranın müşayəti ilə məşhur türk müğənnisi Candan Erçetinin repertuarından oxuyurlar: “Eylen, neşəlen, boş ver düşünme sen, hayat çok kisa, eylen, neşəlen…” Bu günkü günə o qədər uyğun gəlir ki…
Metro vaqonunda ikən yoldaşım, Kənan, bəlkə, bu gün haqqında yazasan deyəndə bu cavabı verirəm: “Yazan artıq yazıb. Belədir Bakı gecələri. Gündüzləri qədər zalım olmasa da, onun kimi gözəldir… Səhərlər sakinlərini nə qədər yorsa da bu şəhər, axşamlar qoynunu açır onlara…”