Böyük zəfərin başlanğıcı

0
75
Qasım Xuluflu, BDU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi
Üç il bundan əvvəl aprel ayının 1-i gecə atəşkəs yenə də pozuldu. Erməni
əsgərlərinin irəlilədiyini görən qəhrəman oğullarımız mənfur düşməni geri oturtmaq üçün hərəkətə keçdi. Necə deyərlər, düşmənin ağlına gəlməyən başına gəldi. Bir neçə dəqiqə ərzində ordumuz nəinki, hücumun qarşısını aldı, hətta çoxdandır düşmən tapdağında olan kəndləri və strateji yüksəklikləri azad etdi. 1994-cü ildən bəri ermənilərin Ohanyan səddi adlandırdıqları müdafiə xətti şanlı ordumuz tərəfindən bir neçə saat ərzində darmadağın edildi. Bu kiçik, lazımlı qələbənin qazanılmasında neçə-neçə oğullarımız şəhidlik zirvəsinə yüksəldi. Aprelin ikisi gözlənilməz, acı xəbər qapıları döyməyə başladı. Bu gözlənilməz, qəlbləri paramparça edəcək xəbər günəşi buludların arxasından boylanmağa
peşman etdi. Faciəvi xəbəri eşidən ananın gözündən süzülən yaş buluddan süzülən yağış damlaları tək yer üzünü suya qərq etdi. Övladını itirən anaların fəryadı, atalarını itirmiş uşaqların naləsi ilə birləşib Lələtəpənin üzərində şimşək kimi çaxdı. 4 günlük döyüşlərin nəticəsində Fizuli rayonunun Cocuqmərcanlı kəndi işğaldan azad edildi. Cənab prezident, Ali baş komandan İlham Əliyevin sərəncamı ilə azad edilmiş kənddə yenidənqurma və bərpa
işləri aparıldı. Kənd sakinləri öz isti yuvalarına geri döndülər. Bu dönüş böyük qayıdışın başlanğıcı kimi tarix səhifələrində özünə yer tapdı. Təqvimdəki bu tarix düşmən üzərində qələbə günü kimi xalqımızın yaddaşına yazıldı.
… Bu günü və bu günün səbəbkarlarını unudmamaq arzusu ilə…