Cəlil Məmmədquluzadə dərsi

0
46

Kənan Novruzov III kurs tələbəsi

Zəng vuruldu. Bütün tələbələr auditoriyaya daxil oldular. Rektorluğun nümayəndələri, kafedra müdirlərimiz professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, hörmətli müəllimlərimiz Qərənfil Dünyəminqızı, Aygün Əzimova, Samir Xalidoğlu və digərləri də burada idilər. Azərbaycan ədəbiyyatında və jurnalistikasında bütöv bir ədəbi məktəb yaradan Cəlil Məmmədquluzadənin 150 illiyi münasibətilə açıq dərs başlandı. Əvvəlcə, professorlar böyük demokratın mətbuatımızın inkişafında oynadığı roldan danışdılar. Ardınca isə mətbuat tədqiqatçısı Qərənfil xanım sözə başladı. Bildiklərimizi bir daha xatırlatdı, bilmədiklərimizi dedi…

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 yanvar 2019-cu il tarixində imzaladığı Sərəncamla ölkədə Mirzə Cəlilin 150 illik yubileyi ilə bağlı il ərzində müntəzəm olaraq tədbirlər planı keçirilməlidir. Əlbəttə, məqsəd ilk növbədə dahi sənətkarın XX əsrdə hansı böyük işlər gördüyünü ictimaiyyətə çatdırmaqdır. Hər şeydən əvvəl onu deməliyik ki, 1906-cı ildə “Molla Nəsrəddin” jurnalı ilə realizm cərəyanının əsasını qoyan Cəlil Məmmədquluzadənin maarifçilik hərəkatının inkişafındakı xidmətləri danılmazdır. O, “Poçt qutusu”, “Qurbanəli bəy”, “İranda hürriyət” kimi əsərləi ilə ən yaxşı hekəyə nümunələrini yaratmış, habelə “Anamın kitabı” ilə tragikomediyanın əsasını qoymuşdur. Yazıçı-drammaturq 1917-ci ildə ci ildə qələmə aldığı “Cümhuriyyət” məqaləsində xalq hakimiyyətindən danışaraq, demokratik quruluşun vacibliyinə toxunmuş, söz, fikir, azadlığından danışmışdır. “Kamança” pyesi ilə ilk dəfə Erməni-Azərbaycan münaqişəsinə toxunmuşdur.

Unudulmaz mütəfəkkirin yuxarıda qeyd etdiyimiz səmərəli, məqsədyönlü fəaliyyəti ilə bağlı il ərzində bütün müəssisələrdə silsilə tədbirlər təşkil ediləcək. Azərbaycanın ilk ali təhsil müəssisəsi olan 100 yaşlı Bakı Dövlət Universiteti də(BDU), sözsüz ki, Mirzə Cəlili yad etməyə bilməzdi. Hətta bu işdə ən birincilərdən oldu. Martın 7-də ali məktəbin jurnalistika fakültəsində “Cəlil Məmməquluzadə dərsi” mövzusunda dosent Qərənfil Dünyəminqızı açıq dərs keçdi. 90 dəqiqəlik mühazirədə Cəlil Məmmədquluzadənin həyatından yaradıcılığına, ana dilinə həssaslığından satirik fəaliyyətinə qədər bütün məsələlərə toxunuldu. Qərənfil xanımı artıq bir ildən çoxdur ki, tanıyıram. Necə müəllim və tədqiqatçı olduğunu yaxşı bilirəm. Həmişə yüksək pedaqoqluq bacarığı ilə seçilib. Bu dəfə isə tamam başqa idi…Elə bil, divarlar, auditoriyada da hiss edirdi ki, burada kimdən danışılır. Müəllimə danışdıqca təkcə mənim yox, yəqin ki, əksəriyyətin qəlbində bir ehtiram hissi yaranmışdı Mirzəyə qarşı. Və hər cümlədən sonra bu hiss daha da güclənirdi… “Cəlil Məmmədquluzadə insanşünas alim idi…” sözləri ilə başlayan böyük bir abzasa diqqətlə qulaq asdıqdan əlimdən tutduğum qələmə baxdım. Bir anlıq düşündüm: gör, Mirzə Cəlil necə ədib idi, vətəni, milləti ilə yaşayırdı, hələ gənc yaşlarından əlinə qələmini almış, maarifin inkişafı üçün əbədi mübarizəyə başlamışdır…”

Qərənfil Dünyəminqızı çox gözəl Cəlil Məmmədquluzadə dərsi keçdi. Dəqiq bilirəm ki, bu barədə təklifi daim özünün vətəndaşlıq mövqeyi ilə seçilən Cahangir Məmmədli irəli sürmüşdü(şübhəsiz, bu məsuliyyətli işi məhz Qərənfil xanıma tapşırması təsadüfi deyildi). Haşiyəyə çıxaraq qeyd edim ki, demək olar, hər gün fakültəmizin dəhlizində görüşürük, nədənsə söz düşür və adəti üzrə məni bir qırağa çəkərək Həsən bəy Zərdabini, Mirzə Fətəli Axundovu, Üzeyir Hacıbəyovu…xatırladaraq deyir ki, biz onları öz qələmimizlə yaşatmalı, həmişə xatirələrini əziz tutmalıyıq. Bu dəfə də elə oldu…Açıq dərs bitəndən sonra fikirli olduğumu görüb(Mirzə Cəlilin keçdiyi həyat yolunu təsəvvürümdə canlandırmaq istəyirdim), “Kənan, biz Cəlil Məmmədquluzadəyə sahib çıxmasaq, biz onu yad etməsək, biz biz olmarıq, biz jurnalist olmarıq” dedi. Çətin ki, unudam bu cümləni…

Qeydlərimi bitirmək istəyirdim ki, yazıçı Anarın bir cümləsini xatırladım: “Cəlil Məmmədquluzadə mənim babam, atam, oğlum və nəvəmdir…” Təkcə “Qələmin müqəddəs borcu xalqa xidmət etməkdir” şüarı ilə jurnalistikanın mahiyyət və məzmununu aydın şəkildə ifadə edən Cəlil Məmmədquluzadə bu millətin, biz jurnalistlərin keçmişi, bu günü və sabahıdır… “Molla Nəsrəddin” dərsindən sonra mən bunu daha yaxşı başa düşdüm…