Gözlərə nur paylayan alim-həkim–REDAKTORDAN

0
15

Afaq Sadıqova BDU, Jurnalistika

Uşaq vaxtlarından onu bu fikir çox narahat edirdi. Uşaqlar niyə anadan bəzən kor doğulurlar? Bu dərdi yaşayan yüzlərlə ananı düşündürən bu acı sualı, Azərbaycan Tibb İnstitutunun  göz xəstəlikləri kafedrasının müdiri, professor Ümnisə Musabəyli tarixdə ilk dəfə olaraq böyük bir təsəlli ilə cavablandırdı. O, anadangəlmə kor bir insanın gözlərini açdı…

Ümnisə xanım mənən zəngin, təbiətcə kövrək və həlim, işgüzar bir insan ol­ub. Ömrünü elə yaşadı ki, tanıyanların, müasirlərinin xatirələrində dərin bir iz buraxmış, fəth etdiyi mənəvi üstünlük mərtəbəsi isə həmişə əlçatmaz qalmışdır. Hələ onda kimsə bilməzdi ki, bu qız əsrin ortalarında nəinki Azərbaycanın, habelə keçmiş Sovet İttifaqının ən məşhur həkimlərindən biri olmuşdur. Onda belə bir cəhəti də bilmirdilər ki, Ümnisə xanım Musa­bəyli Tanrıdan ona verilmiş təbii qabiliyyəti, istedadı və hədsiz zəhmət­sevərliyi, bacarığı ilə qarşısına çıxan maneələri dəf edərək elmin hələ açılmamış sirlərinə, bəşər üçün qaranlıq olan dərinliklərinə doğru dönmədən addım­laya­caq.

Süleyman kişi Qəbələdə varlı mülkü olan bir bəy idi, inqilab illərində bütün mülkünü satıb, sovet dövründə vəkilliklə məşğul olur. Yoldaşı Məryəm əsl xanım-xatın, uşaqlarına gözəl ana və mehriban ömür-gün yoldaşı idi. O, öv­ladlarının ziyalı yetişməsi üçün öz üzərinə düşən bütün vəzifələri yerinə yetirən bir qadın, bir ana idi. Məryəm xanım o vaxtlar  Cənubi Qafqazın canişini Vor­ont­sov-Daşkova məktub yazıb, xahiş edir ki, qızlarının təhsil alması üçün hima­yədarlıq etsinlər. Məktuba müsbət cavab verilir. Vəsilə, Fatma və Ümnisə Musa­bəyovalar H.Z.Tağıyevin tikdirdiyi məktəbdə, Qızlar seminariyasında təhsil alırlar…

Ümnisə xanım ağlı, dərin zəkası ilə ətrafındakılardan seçilirdi. Hələ Tağıyevin Qızlar seminariyasında təhsil alanda digər uşaqlardan qeyri-adi bacarığına görə fərqlənirdi. Ali təhsildəki uğurları onun əl-qolunu açmış, elmin  sirlərinə yiyələnmək həvəsi onu mükəmməl alimlik səviyyəsinə qaldırmışdı. Bu təfəkkür ona ailədən gəlmişdi, Azərbaycan ədəbiyyatı və elminin korifeyləri İsmayıl bəy Qutqaşınlı (1809-1861), İbrahim bəy Musabəyov (1880-1942), Yusif Musabəyov (1910-1970) kimi dünya şöhrətli alimlər məhz bu nəslin nümayəndələri idilər.

Ümnisə xanım kübar ailənin övladı olduğunu geyimindən, hərəkətlərindən, davranışından  büruzə verərdi. O əsilli-nəcabətli Azərbaycan xanımı idi. İncə qəlbi, həssas münasibəti müəllim-tələbə arasında ünsiyyət yaradar, bu iki varlığı bir-birinə doğmalaşdırardı. Tələbələr heç bir zaman Ümnisə xanımın dərslərinə biganə qalmaz, onun dediklərini öyrənməyə daha səylə çalışardılar. O, biliyi tələbəyə aşılamağı, savad verməyi bacaran müəllimə və verdiyini də tələbədən geri almağı bacaran əsl pedaqoq idi.

Ümnisə xanımın sayəsində Oftolmalogiya üzrə gözəl alimlərimiz yetişdi. Akademik Zərifə xanım Əliyeva, Zəhra xanım Quliyeva, Paşa Qəlbinur və digər neçə-neçə adlı-sanlı Azərbaycan alimləri Ümnisə Musabəyovadan dərs alıblar.  Alim özü dünya göz cərrahlarının fəaliyyətini izləyirdi. Onların elmi yeniliklərini daima nəzərdən keçirərdi.  Elmi əlaqələrin qurulmasında xidmətləri misilsiz idi. Bu Azərbaycan qadını dünya elmində baş verən hər bir uğuru mənimsəyir, həm  də beynəlxalq oftalmologiyaya bəşəri dəyərlər verən tədqiqat əsərlərinə imza atırdı. Nəticədə adı dünyanın hər bir nöqtəsində çəkilir, alimin səsi-sorağı beynəlxalq elm dünyasına yayırdı.

Ümnisə Musəbəyova ictimai xadim kimi də zəngin bioqrafiyaya malik idi. O, 1955-ci ildə Sovet Sülhü Müdafiə komitəsinin üzvü kimi bir çox xarici ölkələrə səfər etmişdir. Yaponiya, Böyük Britaniya, Norveç, Fransa, Kanada və bir sıra xarici ölkələrdə keçmiş SSRİ-ni təmsil etmiş, göz xəstəlikləri sahəsində elmi yeniliklərini nümayiş etmişdir.

Lakin bütün bunlarla bərabər 39-cu ilin o dəhşətləri Ümnisə xanımın da ailəsindən uzaq qalmamışdi. Yoldaşı İbrahim uzaqlara aparılsa da, o özünü ərinin yanında hiss edir, onun çətin günlərində ən yaxın könül sirdaşı olurdu. Ümnisənin -“Ümidini üzmə, səbrli ol, hər qaranlıq gecənin bir aydın səhəri olur”-sözləri İbra­himin yaddaşında  səslənirdi… İbrahim İsmayılzadə görkəmli elm xadimi idi. Tibb təhsilini Almaniyada almışdı, çox bilikli insan idi. 1938-ci ildə repressiya zamanı həbs olundu. İki ildən sonra, 1940-cı ildə məhkəməsi oldu. Məhkəmə onun Trotski dərnəyinə qatıldığını isbat etməyə çalışsa da, heç nə sübut edə bilmədi. Məlumdur ki, o dövrdə dəlil-sübuta ehtiyac yox idi, kimdən şübhələnirdilərsə, onu da aradan götürürdülər. Məhkəmə ona 5 il iş kəsdi. Göndərdilər Sibirə… 1944-cü ildə Mir Cəfər Bağırovda ekzema xəstəliyi əmələ gəlir. Heç kəs də müalicə eləyə bilmir. NKVD-dən ona deyirlər ki, ekzema üzrə Almaniyada  təhsil almış çox böyük bir professor var, amma indi Sibirdədir. Bağırovun tapşırıgı ilə onu Azərbaycana gətirirlər. Müalicə bitdikdən sonra onu göndərirlər Türkmə­nis­tanın Nebitdağ şəhərinə. 46-cı ildə vətənə dönən alimə Bakıda iş vermədikləri üçün Gəncədə yaşamalı olur. Ümnisə xanım bir müddət sevdiyi insandan ayrı qalır. Nəhayət, 1948-ci ildə ömür-gün yoldaşının Bakıya qayıtmasına icazə verirlər.

Bu illər ərzində Ümnisə xanımın başı elmə qarışır, elmin ən dərin qatlarına qədər irəliləyir. O oftalmologiya aləminə dəyərli əsərlər bəxş edir, bu sahədə kadrların artmasına çalışır, öz biliyini istedadlı tələbələrə bəxş edir, həm də sorağını eşidib onun yanına gələn yüzlərlə insanın gözündə cərrahiyyə əməliyyatı apararaq, tutulan gözləri açır.

Ümnisə xanım qarşısına nə məqsəd qoyurdusa, onu da qısa müddətdə həll edirdi. Çox maraqlı insan olan bu xanım savadı ilə hamını heyran qoymuşdu. Özünə tələbkar yanaşan Ümnisə xanım qısa vaxtda ingilis dilini öyrənir və bütün konfranslarda bu dildə sərbəst məruzələr edir. Ümnisə xanım Misirdə mühazirələr oxumağa dəvət alır və Qahirədə, hospitalda 3 il çalışır. O, eyni zamanda Afrika və Asiya ölkələri üzrə Sovet oftalmoloqlarının nümayəndə heyətinin rəhbəri olub. Çünki o zaman ondan yaxşı ingilis dilində danışan oftalmoloq alim yox idi. İttifaq miqyasında birinci Ümnisə xanım idi. Onun bir neçə dildə sərbəst danışması, cəmiyyətdə kübar davranışı, zövqlü və mədəni geyimi diqqət çəkirdi. Xüsusən, ingilis dilli olduğu üçün  əksər beynəlxalq elmi tədbirlərə dəvət edilirdi. Ən maraqlısı da o idi ki, Ümnisə xanım səfərlərdən yaxşı məlumatlarla geri dönürdü. O vaxtlar indiki kimi informasiya bolluğu yox idi, sərhədlər bağlıydı, alim isə xaricdən qayıdanda çoxlu yeniliklərlə gəlirdi və gördüklərini ilkin olaraq Azərbaycanda həyata keçirib, dünya təbabətinin ən son nailiyyətlərini vətənində gerçəkləşdirərdi…

Ümnisə xanımın böyüklüyü ondadır ki özünü, sənətini sevdirməyi bacarırdı. O uca bir zirvə, ən əsası isə nurlu gözlərin səbəbkarı idi…