Həyat yolları…

0
149

 

Məhəmməd Behbudov, BDU-nun jurnalistika fakültəsinin I kurs tələbəsi

Sənə Salam olsun, İnsanlıq. Necəsən? Yorulmamısan ki? Bu aralar səni tapmaq çox çətindi. Məcnunun Leylisinə duyduğu həsrət qədər sənə həsrətəm.  Danışacaqlarım var. Həyatlardan, insanlardan, səndən, məndən. Hər bir insan bir həyat deməkdi. Kimisi Ata, Ana nəvazişi gördü, ərköyünlük edərək böyüdü. Kimisi isə Ata, Ananın baş daşını qucaqlayaraq hər gün bir daha öldü. “Mən ucuz oyuncaq istəmirəm, ata, mənə bahalı oyuncaq al, dostlarım da bahalıdı” və  “Oyuncağın canı cəhənnəmə, mən səni istiyrəm, ata”-Bu iki cümlə arasında böyük bir uçurum yaranar, dost.  Çox böyük uçurum…

Eyni dinə, mənsəbə, cinsə sahib iki azyaşlı. Biri  yıxılmağa yaxınkən Ata nəvazişi köməyə gələr, qoymaz yıxılmağa. Digəri yıxılar, dost. Həm də nə yıxılar… Birini Ata tərbiyə edər. “Oğul, harama əl uzatma, malını-mülkünü dostunla paylaş, insansevər ol” deyər. Digərini Küçələr tərbiyə edər, dost. Həmin uşaqlara ağrı əzab “ mən varam, ey İnsanoğlu” deyə hayqırar.  Birisi Anasının bişirdiyi təamı bəyənmədiyi halda,  digəri ona həsrət qalar… Ən  ağrılı məsələ  bilirsən nədir, dost? Gerçəkləşməyəcək xəyalı qurmağa davam edər o.  Ümid ölməz. Ana həsrətiylə yanıb tutuşar. O, Ana həsrətiylə tutuşarkən,  digərləri Analarıyla əl-ələ tutuşar. Görürsən? Tutuşmaq. Amma fərqli tutuşmalar. Birində qəm, digərində sevinc. Həyat bir riyazi məsələ deyil ki, düsturunu, üsulunu əvvəldən alıb, düzgün şəkildə, incinmədən irəliləyəsən bu yolda. Ən ağır zərbələr də alacaqsan, Sevinc göz yaşların da olacaq. İtirdiklərin olacaq. Zaman-zaman gülüşlərini göz yaşları əvəz edəcək.  “Yaşamaram” deyə düşünəcəksən. Lakin yaşayacaqsan. Buna baxmayaraq, möhkəm olmağı bacar.  Şübhəsiz,  Tanrının insana ən böyük bəxşidir yaşamaq. Gərək bu bəxşə sahib çıxmağı bacarasan. Haqqını verərək, hər anından zövq alaraq yaşayasan.  Əlinizdə olan hər şeyin qiymətini bilin. Dəyərləndirin.  Bu sətirləri  oxuduqdan sonra sevdiklərinizə sarılın, öpün. Onlara dəyər verdiyinizi göstərin. Sevginizi hiss etdirin.Uunutmayın ki,  isti yuvaya, valideyn nəvazişinə  ehtiyacı olan milyonlarla insan var. Bu cümlələri yazmaq mənim üçün də çətindir. Fəqət bəzən reallıqlarla üz-üzə gəlməliyik.  Üstünüzə nə qədər dərd-qəm gəlsə də, heç vaxt “məğlub oldum” deməyin.

Sizlər öz hekayənizin qəhrəmanlarısınız. Sizlər hər şeyə qadirsiniz. İnsanı yaradan Allah öz yaratma xüsusiyyətindən məhz insana da bəxş edib. Odur ki, öz xoşbəxtliyinizin təməlini qoyun. Bəzən müəyyən şeyləri itirməlisən ki, qazancların da olsun. Fəda etməlisən nələrisə. Daim əlimizdən gələnin artığını etməliyik.

Bu qeydləri aparmaqda məqsədim insanlara  özlərini kəşf etmək, sahib olduqlarına sahib çıxmağı anlatmaqdan ibarətdi. Yazdıqlarım sizin üçün düşündürücüdürsə, sona qədər oxudunuzsa, deməli, uğura gedən karvan düz irəliləyir. Sağlıqla qalın, əsən qalın və ən əsası İnsan qalın, əzizlərim…