MADDƏLƏR MÜBADİLƏSİ

0
120

Aygün Qurbanlı

Daimi maddələr mübadiləsiz, daha doğrusu, hər bir canlı orqanizmdə, o cümlədən insan orqanizmində baş verən fasiləsiz dəyişikliklər olmadan həyat mümkün deyil.
Bədənimizin bütün orqan və hüceyrələrinin birgə işini təmin etmək üçün böyük enerji lazımdır. O haradan alınır? Əlbəttə, yediyimiz qidadan.
20 gün ərzində mədəmizə təxminən bədənimizin çəkisi qədər müxtəlif qida maddələri və su daxil olur. Əsas qida maddələri – zülallar, yağlar və karbohidratlar həzm orqanlarında həll olunur. Onların hissələri daha xırda hissəciklərə ayrılır və bu kiçik hissəciklər qana daxil olub bədənin bütün hissələrinə, hər bir hüceyrəsinə keçə bilir.
Bax bundan sonra hüceyrələrdə ən maraqlı iş başlanır. Hüceyrə – elə bil böyük bir “zavoddur”. Onun bütün “sexlərində” iş qaynayır. Hətta, hüceyrənin xarici qişası da işləyir. Onu “təchizat sexi” adlandırmaq olar; o hüceyrəyə lazım olan şeyləri daxilə aparır, lazımsızları isə xaricə itələyir. Qidalı maddələr hüceyrələrdə həll olur, dəyişilir, həm də ən mürəkkəb dəyişikliklər çox sürətlə gedir. Buna zülallarla əlaqədar olan xüsusi “sürətləndiricilər” kömək edir.Karbohidrat və yağ hissəcikləri ilə orqanizmdə nə baş verir? Onların müəyyən hissəsi ehtiyyat üçün ayrılır. Lakin, əsasən, onlar başqa lazımlı maddələrə çevrilir, ya da qanla birləşərək parçalanır. Qan oksigeni ağciyərdən alır. Oksidləşmə nəticəsində karbohidratlar və yağlar bütünlüklə karbon qazına və suya çevrilir. Bununda nəticəsində orqanizmə lazım olan enerji alınır.
Qida yalnız enerji mənbəyi deyil, həm də qurucu materialdır. Zülallar qismən parçalanır, oksidləşir, əvəzində isə yeni zülallar əmələ gəlir. Hüceyrələrin tərkibinə 100-dən artıq müxtəlif zülal daxildir. Hər hansı itkini vaxtında bərpa etmək lazımdır. Onların birləşməsində xırda bir səhv hüceyrələrin və bütün orqanizmin işinin ağır pozğunluğuna səbəb ola bilər.
Hüceyrələr daim yeniləşir. Maddələr mübadiləsinin normal keçməsi üçün qidada lazımi qədər yağ, karbohidrat və vitamin olmalı, bundan əlavə, gimnastika və idmanla məşğul olmalı, gündəlik rejimə riayət edilməlidir.