Naxçıvan Dövlət Universiteti tələbələrinə kitab sovqatı.

0
20

Bu ilin mart ayında, Naxçıvan Muxtar Respublikasının yaranmasının 95 illik yubileyinə həsr edilmiş, Naxçıvan xanlığının tarixindən bəhs edən “Ehsan xan Kəngərli” tamaşasının premyerasında iştirak etmək üçün, tarixi əsərin müəllifi Xaqani Əliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Zülfiyyə Eldarqızı və əməkdar artist Sərvər Əliyev Naxçıvanda olmuşdular. Bu arada Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsində təhsil alan tələbələrlə görüşləri zamanı onlar tələbələr üçün zəruri olan əlavə dərs vəsaitləri göndərməyə söz vermişdilər. Bu günlərdə Naxçıvan Mədəniyyət Nazirliyinin məsul işçisi, Universitetin müəllimi, xalq artisti Kamran Quliyevdən kitabları tələbələrə çatdırmağı xahiş edən ziyalılar gənclərə məktub da ünvanlamışlar. Məktubda deyilir: Əziz tələbələr! Bu bir həqiqətdir ki, kitab tədris materialı olmaqla, maarifçilik yükünü daşımaqla, keçmiş və müasir mədəniyyət düşüncəsini birləşdirməklə, yeni nəslin vətənpərvərlik tərbiyəsini, milli-mənəvi özünüdərki zənginləşdirir və daha da möhkəmləndirir. Kitab oxuyarkən axtardığımız suallara cavablar tapırıq, təfəkkürümüz qidalanıb genişlənir. Elm mənbəyi olan kitab FƏRD kimi yox, məhz ŞƏXS kimi yetişməyimizə kömək edir. Gəncliyimizin savadlı böyüməsi üçün valideynlərimiz, müəllimlərimiz, ziyalılarımız, ədiblərimiz, dövlət xadimlərimiz öz məsləhət və qayğılarını heç vaxt əsirgəmirlər. Dediyimizin bariz nümunəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “ Oxunması zəruri olan kitablar haqqında” imzaladığı Sərəncamı göstərə bilərik. Gənc nəslin ŞƏXSİYYƏT kimi yetişməsinə kömək edəcək bu Sərəncam, kitab oxumağa Valideyn çağırışıdır. Azərbaycan gəncində vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşmasına yardım edəcək mükəmməl və müdrik Ağsaqqal məsləhətidir. Yalnız insana məxsus olan, heç vaxt köhnəlməyən daxili və zahiri hissləri öz vərəqlərində yaşadan kitablara verilən yüksək Ziyalı qiyməti və dəyərdir. Biz, yaşlı nəsl, son zamanlara qədər kitabın insanların bir-birinə bağışladığı ən yaxşı, ən qiymətli və ən dəyərli ənənəvi hədiyyə olduğunun şahidiyik. Onu da bilirik ki, qədim zamanlarda kitabların satılması qəti qadağan idi. Ona görə ki, kitab elm, bilik mənbəyidir və savad Allahın insana hədiyyəsi kimi qəbul edilirdi. Gəlin, ənənələri bərpa etməyə çalışaq. Kitabı sevək, əzizləyərək oxuyaq, qiymətli hədiyyə kimi dostlarımıza, sevdiyimiz insanlara bağışlayaq. Əziz tələbələr! Çox çətin, xüsusi istedad, bacarıq və zəhmət tələb edən sənət seçdiyinizə görə, cəsarətinizə heyran olmamaq olmur. Məqsədinizə çatmaq, Vətənə, mədəniyyətimizə layiqli övlad kimi yetişməyiniz üçün, böyüklərin məsləhətlərinə əməl etməli, usanmadan kitab oxumalı və savadlı olmalısıniz. İnanırıq ki, seçdiyiniz sənətin qaranlıq məqamlarını anlamaqda, yaxşı mütəxəssis kimi yetişməkdə oxunması vacib olan bu fənn və dərslik kitabları yardımçınız olacaqdır. Çox istərdik ki, onları sevə-sevə, düşünərək, anlayaraq oxuyasınız. Çünki, əsl Ziyalı fiziki güc ilə yox, məhz mütaliə etməklə yetişir, onun daşıyıcısı olduğu mədəniyyət isə anlayaraq oxuduğu kitablarla formalaşır. Əziz tələbələr! Hədiyyə olaraq sizə göndərdiyimiz kitablar bu gün təhsilinizdə, sabah isə yaradıcılıq uğurları qazanmağınızda yardımçınız olacaqdır. Gələcəyimizin sahibi olacaq Siz gənclərə, kövrək addımlar atmağa başladığınız həyat yolunda, uğurlar və müvəffəqiyyətlər arzulayırıq.