Sentyabrda hava belə olacaq

0
10

Sentyabrda havanın orta aylıq temperaturunun kiçik müsbət fərqlə iqlim norması göstəricilərinə uyğun olacağı gözlənilir. Yağıntıların ölkə ərazisində qeyri-bərabər paylanması proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi Aran rayonlarında normadan az, ayrı-ayrı şimal və qərb rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur. Birinci və ikinci ongünlükdə qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 3° yüksəkdir. Havanın temperaturu gecələr 17-22°, gündüzlər 26-31°, bəzi günlərdə 33-36° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 12-23 millimetr) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 26-31°, bəzi günlərdə 34-37° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 7-13 millimetr) ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 15-18° isti olacağı gözlənilir. Bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 11-16°, gündüzlər 18-23°, bəzi günlərdə 26-31° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (34-50 millimetr) bildirilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 21-24° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2-3° yüksəkdir. Havanın temperaturu gecələr 16-21°, gündüzlər 24-29°, bəzi günlərdə 32-35° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (17-44 millimetr) gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperatur 18-23° isti olacaq. Bu da iqlim normasına yaxın və 3° yüksəkdir. Havanın temperaturunun gecələr 15-20°, gündüzlər 22-27°, bəzi günlərdə 32-35° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 33-120 millimetr) ehtimal edilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 22-25° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Havanın temperaturunun gecələr 18-23°, gündüzlər 27-32°, bəzi günlərdə 34-37° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 14-38 millimetr) bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperatur 20-24° isti olacaq. Bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Havanın temperaturunun gecələr 16-21°, gündüzlər 23-28°, bəzi günlərdə 32-34° isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 50-199 millimetr).

AzərTAC-a istinadən