Təkcə o, intihar etmədi, hamımız öldük…

0
158

Nicat Dilqəmli, BDU Jurnalistika fakültəsinin III kurs tələbəsi

Son günlər zorla ərə verildiyi üçün intihar edən gənc qızlar barədə xəbərlərə biganə qalmaq olmaz. Bu, hamımızın problemidir, bütövlükdə cəmiyyətin problemidir. Nə qədər inkişaf etsək də, demək ki,  sivilizasiyadan kənarda qalanlar hələ də var.

Əvvəla, başlayaq zorla ərə verilmək məsələsindən…Dövrümüzdə hələ də qadını əşya kimi sayan, onun öz fikrini nəzərə almayan və qadını, hətta, maariflənməkdən də yayındıran valideynlər və ya bir az kobud səslənsə də, valideynə bənzəyən məxluqlar var. Dinimizdə də, cəmiyyətimizdə də qadının rolu çox yüksək dəyərləndirilir. İstər bir nəslin tərbiyə edilməsində, istər gündəlik məişət qayğılarının daşınmasında, istərsə də digər vəzifələri yerinə yetirməkdə zərif cins nümayəndələrinin rolu böyükdür. Belə ” valideyn ” -lərin yürütdüyü anti-qadın siyasəti sonda qızlarımızın, qadınlarımızın əzilməsinə, haqqlarının pozulmasına və ən əsası cahilliyinə gətirib çıxardır.

Cahil qadın isə düşünür ki, onun bu həyatda heç bir yeri, hüququ, vəzifəsi və haqqı yoxdur. Çünki o, yalnız ərinə qulluq edə bilər, başqa heç nə edə bilməz, çünki o, qadındır, çünki o, qadın  doğulub.

KİV-də artıq reklam yazılarına bənzəyən intihar xəbərləri, demək olar ki, hər gün qarşımıza çıxır. Məntiqlə düşünsək, hər intihara meyilli 10  şəxsdən biri çox pis vəziyyətdə, artıq həyatdan bezib, yorulub, əzilib, internetdə çıxış yolu, psixoloji konsultasiyalar axtarır. Tam əminliklə söyləyirəm, həmin şəxs psixoloji yazılar oxuduqda və ya videolara baxdıqda qarşısına ” intihar ” sözü azı iki dəfə çıxır. Sonra bu məsləhətləri beynində tam dərk etməmiş bu şəxs  gündəlik baş verənləri oxumaq üçün saytlara üz tutur. Və ən əsası da elə burdan başlayır…

Yəqin ki, nə deyəcəyimi məntiqlə anlamaq elə də çətin deyil. Həmin şəxsin qarşısına çıxan intiharla bağlı xəbərlərdə bəzən  yalnız  bir cümlə kifayətdir ki, o, intihar etsin – “… çıxış yolu kimi intiharı seçib… ” Həmin anda şəxsin nə(lər) keçirdiyini başa düşmək çox da qəliz deyil. Bəzən belə məlumatlar kimlərəsə bilərəkdən və ya bilməyərəkdən intihara qəti qərar vermək üçün zəmin yaradır.

Beləliklə, valideynlər övlad tərbiyəsində yalnız oğul övladlarıyla deyil, qız övladlarıyla da gərək ki, həyati məsələlərdə maarifləndirici söhbətlər aparsın, onlara bəzi zəruri məlumatlar versin.

Əlbəttə, nə qədər KİV-i, valideynləri günahlandırsaq da, əsas olan fərddir. Çünki hər bir şəxsin fikri, düşüncəsi özünə görə dəyişir. Psixoloji çətinlik çəkdiyimiz anlarda özümüz içimizdəki “mən”i tərbiyə etməliyik. Bu cümlə ilə yazımı sonlandırmaq istəyirəm:

” Qadın yaradılış deyil, yaradandır ”  – Cəlaləddin Rumi.