Tələbələrə tövsiyə

0
39

 

Qasım Xuluflu, BDU Jurnalistika fakültəsinin I kurs tələbəsi

“Filankəsin uşağı Ali məktəbdə oxuyur”- adətən bu cümləni kimisə tanıtmaq üçün istifadə edirlər. Həqiqətənmi, ali təhsilli olmaq hər şey deməkdir? Bilmirəm, bəlkə də, bu cümləni işlədənlərin universitet auditoriyalarından xəbəri yoxdur.

“Tələbə”- bu sözün nələr ifadə etdiyini ən yaxşı o adı daşıyanlar bilər. Məncə, tələbə adı imtiyaz deyil, məsuliyyətdir. Bu günün tələbəsi sabahın mütəxəsisidir. Bunu unutmamalıyıq. Bu gün Azərbaycan ailələri övladlarının ali təhsil almasına çalışırlar. Lakin, burda da bəzi çatışmazlıqlar olur. Əksər abituriyentlər daha çox humanitar fakültələrə üstünlük verirlər. Bəziləri isə topladığı ballara uyğun ixtisas seçirlər. Bu da sonda savadsız kadrların formalaşmasına gətirib çıxarır.

Tələbələri iki hissəyə bölmək olar-diplom üçün gəlib-gedənlər və aid olduqları yerdə oxuyanlar. Əlbəttə, birincilər dərs prosesində ikincilərə mane olurlar. Hətta bu yaxınlarda bəzi tələbələrlə söhbətdən sonra anladım ki, hərbi xidmtədən yayınmaq üçün ali məktəbə sığınanlar da var. Bu da bizim daha bir qəbahətimiz!

Bilmirəm, rayondan olan universitet, yoxsa Bakı arzusu reallığa daha yaxındır.  Fəqət, məncə, bölgələrdə yaşayanların əksəriyyəti oxumağı Bakıya gəlmək üçün olan biletlə səhv salıblar. Bəzi uşaqlar valideynlərinin təsirindən çıxmaq üçün əlverişli yol kimi ali təhsil müəssisəsindən istifadə edirlər.

Müşahidəmə əsasən, deyə bilərəm ki, universitetdə oxuyanların digərlərə baxışı da bir qədər fərqlidir. Amma, tələbə düşünməlidir ki, həyatın işini bilmək olmaz. O, türlü-türlü sürprizlərlə doludur. Nəzərə almaq lazımdır ki, hər oxuyan Molla Pənah olmadığı kimi, cibində hər tələbə bileti olan gənc də gələcəyin layiqli vətəndaşı, peşəkar kadrı olmaya bilər.

Yəni dediyim odur ki, uşaqlıqda bir yerdə böyüdüyünüz biri  ilə universitetdə qarşılaşanda sizi görməzdən gəlsə heç də kədərlənməyin. Çünki o, tələbə adını qazananda, insanlıq simasını itiribmiş. Səbəbini bilməsəm də, reallıq budur ki, çoxumuz arxı keçmədən “hop” deyirik.

Yaşadığımız hər an xatirəyə çevrilib beynimizin bir küncündə özünə yer edir. Anı elə yaşamalıyıq ki, bizə yük yox, yoldaş olsun. Ömrün yadda qalan illəri tələbəlik illəri olur, deyirlər. Bu illəri səhvsiz və çətinliklərsiz yaşamağı arzu edirəm bütün tələbələrə.