Tələbələrin dostu olan müəllim-Zaur Babayev

0
67

 

Kənan Novruzov, BDU-nun Jurnalistika fakültəsinin III kurs tələbəsi

Təhsil aldığım Bakı Dövlət Universitetini, tələbəsi olduğum jurnalistika  fakültəsini mənim üçün bu qədər əziz edən amillərdən biri də, sözsüz ki, burada tanıdığım müəllimlər, daha dəqiq desəm, müəllimlərimdir. 

BDU-nun jurnalistika fakültəsinə qəbul olana qədər müəllim-tələbə kollektivinin bir ailə kimi olduqları haqqında çox eşitmişdim. Artıq xeyli vaxtdır ki, deyilənlərin təsdiqini tapmışam. İndi haqqında danışacağım insan-fakültəmizin sayılıb-seçilən müəllimlərindən dosent Zaur Babayev isə bu ailənin ən mehriban və gülərüz üzvlərindən biridir. Onu üçə ilə yaxındır ki, tanıyıram. Hələ birinci kursda təhsil aldığımız vaxt bizə  “Çap texnikası və qəzet istehsalı” fənnini tədris edirdi. Mühazirələrini böyük maraqla dinləyirdik. Çünki monotonluqdan olduqca  uzaqdır. Mütəxəssisi olduğu sahənin incəliklərini məharətlə başa salmaqla yanaşı, tələbələrin nəbzini tutmağı da bacarır. Yeri gəldikcə yumordan istifadə etməsi onu tələbələrinə sevdirən ən əsas xüsusiyyətlərdən biridir. Çünki onun dərsində elm, bilik qazanmaqla yanaşı, həm də yorulmurlar, əksinə, istirahət edirlər. Əlbəttə, illərin təcrübəsi öz sözünü deyir. Axı Zaur Babayev uzun illərdir ki, jurnalistika fakültəsində müəllim kimi çalışır, neçə-neçə tələbələr görüb.

Həqiqətən, əsl tələbə adamıdır. Əminəm ki, onunla səfərdə olanlar fikrimi asanlıqla təsdiqləyə bilərlər. Auditoriyada mühazirəni danışan, suallarına cavab tələb edən müəllim səfərlərdə özünü tələbələrdən fərqləndirmir. Dəfələrlə yolçuluqlarımız olub-Qubaya, Qəbələyə, Ağcabədiyə…Dəqiq deyə bilərəm ki, həmin səfərlərin yaddaqalan olmasında Zaur müəllimin böyük payı var.

Zaur Babayev bizə təkcə  “çap texnikası və qəzet istehsalı” fənnini keçməyib. Eyni zamanda KİV-də menecment və reklamın, fotojurnalistikanın sirlərini öyrədib. Amma həm də hər cür mühazirədən daha qiymətli olanı-humanistliyi, ədaləti öyrədib. Öz davranışı ilə başa salıb ki, insanlarla münasibətdə uğur qazanmaq üçün necə rəftar etmək lazımdır. Yəni  onun yeniliyə meyilli olması təkcə mütəxəssisi olduğu, tədris etdiyi sahələrdə yox, eləcə də, ünsiyyətində özünü göstərir. Bu isə Zaur Babayevin tələbələri tərəfindən sevilməsinin əsas səbəbidir.

Haqqında danışdığım insan həmişə tələbələrinə kömək olmağa, öz bilik və bacarıqlarını onlarla bölüşməyə hazırdır. Bu yaxınlarda otağına gedib bir neçə günlük müəllifi olduğu “Dövri nəşrlərin hazırlanması texnologiyası” dərs vəsaitini mənə verməyini xahiş etdim. Heç səbəbini soruşmadı. Ayağa qalxdı, rəfdən onlarca kitab arasında lazım olan vəsaiti tapdı, mənə uzatdı və dedi:

-Götür, burda sənə lazım olan hər şey var.

Zaur müəllimi, demək olar, hər gün fakültədə görürəm. Səmimi formada görüşürük. Həmin anlarda hiss edirəm ki, fakültəmizdə təhsil alan gənclərin onun kimi müəllimlərə hələ çox ehtiyacı var.

Bu gün müəllimimizin-əsl tələbə adamının ad günüdür. Növbəti yaşına qədəm qoydu. Arzu edirəm ki, hələ uzun illər həmişəki kimi tələbələrinin arasında olsun. Çünki o, biz tələbələr sözün əsl mənasında mayak rolunu oynayır.