Xoşbəxtliyə aparan yol

0
222

Nargilə Həsənova

II kurs tələbəsi

Demək olar ki, hər kəsin arzusudur xoşbəxt olmaq. Zənn edirik ki, insanlar xoşbəxtliyi fərqli şeylərdə görür və ya axtarırlar, lakin insanların çoxunun xoşbəxtlik anlayışı haradasa oxşardır. Xoşbəxtlik deyiləndə çoxunun ağılına uğurlu kariyera, rahat mənzil, gözəl ailə həyatı, bahalı maşın və ya bir milyon manat gələr. Bunlar xoşbəxtlikdirmi həqiqətən? Yəni həyatda dəyərli olan hər şeyə sahib insan hər zaman xoşbəxtdirmi?
Məsələ budur ki, insan arzuları heç vaxt bitmir. O, hər zaman qarşısına bir məqsəd qoyur, buna çatacağı zaman xoşbəxt olacağını zənn edir. Məqsədinə nail olduqdan sonra isə başqa bir xəyal, məqsəd arxasınca qaçmağa başlayır. İnsan həyatı sona qədər axtarış içində, nə isə əldə etmək üçün keçir. Bəs gedən zaman? Bəli, xoşbəxtliyi axtardığımız müddətdə boşa gedən zaman.
Xoşbəxtlik axtarılacaq bir şey və ya onun üçün yol qət ediləcək məkan deyil. Xoşbəxtlik elə bu andır. Nəfəs aldığın bu saniyə. İndi hansısa ucqar rayonda, soyuq şəraitdə uşaqlara dərs deyən müəllim Londonda hansısa bahalı mənzildə sabah hansı maşını satın alacağını düşünən milyonerdən daha xoşbəxt ola bilər. Bunun üçün onun pula, isti evə ehtiyacı yoxdur. O, işini sevir, həyatını sevir. Xoşbəxtlik onun öz içindədir.
İnsanlar qəribədir. Hər kəs xoşbəxtlik axtardığı halda, onu bədbəxt edəcək şeylərin arxasınca qaçır. Onlara qarşı edilən yaxşılıqları unutduğu halda, edilən bir səhvi unutmurlar. Onları xoşbəxt edən insanların deyil, digərlərinin arxasınca qaçırlar.
Xoşbəxt olmaq çətin deyil. Hansı şəraitdə olursa olsun, pozitivə köklənmək, həyata gülümsəmək çətin deyil. Ən başlıca şərt özünü sevməkdir. Özünü sevməyən, təklikdə özü ilə xoşbəxt olmayan birini başqaları necə xoşbəxt edə bilər ki? Xoşbəxtlik hansısa əşyada və ya insanda deyil. Öz içinizdədir. Xoşbəxtlik hədəflərə çatdığın yer, zaman deyil. Bu andır. Şübhəsiz, çətinliklər olur. Bəzən yerə yıxılıb dizlərinin qanadığını hiss edirsən. Bu vaxt dəyər verdiyin insanlar sənin yanından ötüb keçirlər. İnciyirsən, üzülürsən, amma sən güclüsən. Ayağa qalxıb davam edə bilərsən. Həyatda səni səndən başqa xoşbəxt edəcək kimsə yoxdur. Sən istəmədiyin müddətcə heç kəs bunu bacara bilməz. Sən sən olduğun üçün dəyərlisən. Yanında olmaq istəyənlər nə olursa olsun, yanında olacaqlar. Artıqlar isə zamanla özləri bir-bir ələnib gedəcəklər. Bunun üçün nə özünü, nə də onları günahlandırma. Onlara nifrət etmə. Hər kəsin öz seçimi var. Hər kəsin özünə cızdığı yol var. Bağışlamağı və unutmağı öyrənmək lazımdır. Keçmişi mühakimə etmək xoşbəxtlik gətirməz. İnsanların sənə verdiyi zərər sənin icazə verdiyin qədərdir. Haqsızlıq idi, bəlkə də. Qəbul edib nəticə çıxarmaq lazımdır. Həyat davam edir. Keçirdiyin mənasız peşmanlıqlar qədər xoşbəxtlik də borclusan özünə. Bu dünyada bir tək özünə sevgi borclusan, başqa heç kəsə yox. Hər şeyi dəyişdirmək sadəcə və sadəcə öz əlindədir. Əsəbləşmək, küsmək üçün bəhanələr axtaracağına xoşbəxt olmaq üçün bəhanələr axtar. Bütün qalaktika səni xoşbəxt etmək üçün hazırdır. Yetər ki, sən istə.