Əhməd bəy Ağaoğlu ilə bağlı dəyirmi masa keçirilib

0
16

BDU-nun Jurnalistika fakültəsində Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və tənqidçi, tanınmış şərqşünas alim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masanın məhz Şuşanın işğalı gününə təsadüf etməsinə diqqət çəkən tədbirin moderatoru Mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu görüşün keçirilməsində məqsədin ilk növbədə dahi sənətkarın XX əsrdə gördüyü böyük işləri ictimaiyyətə çatdırmaq olduğunu vurğulayıb. O, türkçülük ideologiyasının banilərindən biri, müsəlman Şərqində avropalaşma siyasətinin ən ardıcıl tərəfdarı olan görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən danışıb.

Ə.Ağaoğlunun siyasi-ideoloji fikir meydanındakı cəsarətli mövqeyindən söz açan Lalə Hacıyeva Azərbaycanın siyasi, ictimai tarixində, ədəbi sahədə böyük xidmətləri olan ədibin  “Kaspi” qəzetinin baş redaktoru kimi fəaliyyətindən, həmçinin Ə.Hüseynzadə ilə “Həyat” qəzetinə də redaktoruluq etməsindən, “Difai” təşkilatını qurması, “İrşad” qəzetini yaratması kimi məsələlərlə aydınlıq gətirib.

Fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu il aprelin 10-da “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalaması böyük ədibə ehtiramın ifadəsidir. Görkəmli ictimai xadim və yazıçı, publisist Əhməd bəy Ağaoğlu Azərbaycanın dövlət müstəqilliyi, milli istiqlalı uğrunda mübarizənin ön cərgəsində duran ziyalılarımızdan olub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Əhməd bəyin əsərlərində milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından keçdiyini bildirib: “Əhməd bəy Ağaoğlu milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətəlayiq xidmətlər göstərmişdir”.

Dəyirmi masada iştirak edən fakültənin Televiziya və radio jurnalistikası kafedrasını müdiri, professor Allahverdi Məmmədli, siyasi elmlər doktoru Sabir Məmmədli, dekan müavini Könül Niftəliyeva, dosentlər Aygün Əzimova, Məhəmmədismayıl Mehdiyev, Sima Rəhimova, Qərənfil Quliyeva Əhməd bəy Ağaoğlunun həyatı və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyini müdafiə etməsi kimi məsələlərdən söz açıb, bu cür elmi yığıncaqların təşkil edilməsinin sevindirici hal olmasını qeyd ediblər. Mətbuat tarixçiləri qeyd ediblər ki, Əhməd bəy Ağaoğlu vətəndaş şəxsiyyət olub. O, daim millətinin, xalqının təəssübünü çəkib.

Sonda tədbir iştirakçıları tələbələrə Əhməd bəyin əsərlərini oxumağı, vətəndaş jurnalistin məqalələri ilə tanış olmağı məsləhət görüblər.