AZƏRBAYCAN DİLİNİN İLK ELMİ QRAMMATİKASININ ANA DİLİNDƏ NƏŞRİ HAQQINDA

0
235

Qulu MƏHƏRRƏMLİ
Son günlər ölkəmizin elm və mədəniyyət həyatında baş verən ən önəmli hadisələrdən biri böyük şərqşünas alim, xalqımızın fəxri Mirzə Kazımbəyin dünya dilçilik elmində məşhur olan “Türk-tatar dilinin qrammatikası” əsərinin Azərbaycan dilində işıq üzü görməsidir.

Azərbaycan dilçiliyinin təxminən 180 il bundan əvvəl ilk dəfə çap edilmiş bu şah əsərini ağır zəhmətdən sonra müəllifin ana dilinə professor İdris Abbasov çevirib.

Elmi ictimaiyyətin diqqətini dərhal cəlb etmiş bu kitab, əslində adi tərcümə faktı deyil, türkologiyanın nadir incilərindən olan bir əsərin müasir dünya dilçilik elminin nailiyyətləri dalğasında yenidən təqdimatıdır.

Dilçilik elmimiz üçün müstəsna əhəmiyyəti olan bu nadir əsərin, dilimizin ilk elmi qrammatikasını özündə əks etdirən bir kitabın indiyədək Azərbaycan dilinə tərcümə olunmaması, müfəssəl elmi-akademik tədqiqini tapmaması təəssüf doğururdu. Düzdür, əsərin yüksək məziyyətlərə malik olması haqqında çox danışılır, xeyli fikir və müddəalar səsləndirilirdi, amma ümumilikdə, bu əsərin tərcümə edilib nəşrə hazırlanması üçün heç bir konkret addım atılmırdı. Nə yaxşı ki, professor Tofiq Hacıyev kimi təpədən dırnağa qədər elm fədaisi və iliyinəcən milli düşüncə sahibi olan böyük bir alim bir neçə il əvvəl Dilçilik institutuna direktor təyin olundu və nə yaxşı ki, o, hazırda həmin institutda “Nəzəri dilçilik” şöbəsinin müdiri vəzifəsində çalışan professor İdris Abbasovu bu böyük missiyanı boynuna götürməyə razı sala bildi.

lll

Hələ ötən əsrin 80-ci illərinin sonunda elmi işlərim üçün Nəsimi adına Dilçilik institutuna gedib-gəlirdim. O dövrdə alimlər arasında ara-sıra milli təəssübkeşlik dalğası kükrəyirdi. Belə bir vaxtda mən institutun direktor müavini, bir neçə xarici dil bilən, parlaq zəka sahibi kimi tanıdığım, həm də aramızda yaxşı münasibətlər olan professor Vaqif Aslanovdan “Qrammatika”nın azərbaycancaya niyə tərcümə olunmadığını soruşmuşdum. Professor qısaca belə cavab vermişdi: “Asan iş deyil, buna bir ömür lazımdır”.

Görünür, kitabın spesifik elmi üslubda yazılması, onun çoxcəhətliliyi, terminlərin mürəkkəbliyi və çox vaxt anlaşılmaz kimi görünməsi tədqiqatçıları bu yükün altına girməkdən çəkindirmişdir. Amma nə yaxşı ki, bu dünyada ən müxtəlif çətinliklər görmüş və elə indi də bu çətinliklərlə üz-üzə qalmış professor İdris Abbasov üçillik ağır zəhmətdən sonra, təkcə Dilçilik institutuna, təkcə AMEA-ya yox, ümumən dilçilik elmimizə başucalığı gətirən möhtəşəm bir addım atmışdır. Professor ağır zəhmətlər və hətta əsəblər hesabına dahi M.Kazımbəyin “Türk-tatar dilinin qrammatikası” adlı kitabı ana dilində və həm də tədqiq, əlavə izah və şərhlərlə birlikdə elmi ictimaiyyətimizə təqdim etmişdir.

Hər kitab bir abidədir və mənim düşüncəmə görə, professor İdris Abbasov müasir türkologiya, Azərbaycan dilçiliyi və ümumi dilçilik baxımından xüsusi önəm daşıyan “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi” kitabı ilə biz azərbaycanlıların şüurunda dahi M.Kazımbəyə bir mənəvi abidə ucaltmışdır. Məncə, İdris müəllim həm də kitabın ana dilində çap edilməsinin təşəbbüsçüsü və elmi məsləhətçisi, mərhum Tofiq Hacıyevin nigaran ruhunu xoşbəxt etmişdir. Çünki bir çox dəyərli alimlər bu fikirdədir ki, Dilçilik İnstitutunun alim-professorları, elmi şura üzvləri və digər elmi müəssisədən olan alimlər milli-mədəni sərvətimizin tərkib hissəsi sayılan bu möhtəşəm məxəzin ana dilimizə tərcümə edilməsini çox doğru olaraq Azərbaycan dilçilik elmi və türkologiyasına əvəzsiz töhfə hesab etmiş, əsərin tədqiq və şərhlərlə təqdim olunmasını son onilliklər ərzində Azərbaycan dilçilik elmində ciddi hadisə sayırlar.

“Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi” monoqrafiyasını vərəqlədikcə hər səhifədə tərcüməçi və tərtibçi İ.Abbasovun böyük zəhmətinin izlərini görürsən. Məlum olur ki, bu miqyasda əsərin dərin qatlarına nüfuz etmək, M.Kazımbəy zəkasının dərin qatlarına nüfuz etməklə bitmir, həm də dilçilik elminin əsaslarına yiyələnmək, eləcə də rus dilindən savayı, fransız, ərəb, fars, ingilis, hətta latın və italyan dillərinə də bələd olmaq tələb olunur. Nə gözəl ki, sadalanan keyfiyyətlərə yiyələndiyi üçün tədqiqatçı ortaya mükəmməl bir əsər qoymuşdur. İ.Abbasov sübut etmişdir ki, M.Kazımbəyin “Qrammatika”sını tərcümə və şərh etmək üçün ən azından onun bilik səviyyəsinə yaxın bir səviyyəyə malik olmaq, islam elmləri, ilahiyyat, tarix, ədəbiyyatdan baş çıxarmaq, ümumi dilçilik biliklərinə yiyələnməli, bundan əlavə, səbir, təmkin və iradə nümayiş etdirərək heç bir çətinlikdən qorxmamalısan. Yalnız belə olduğu halda sən bu möhtəşəm dil abidəsini layiqli şəkildə yenidən canlandıra və adını Mirzə Kazımbəylə yanaşı, milli elm tarixinə yaza bilərsən.

Professor İ.Abbasov “Qrammatika” üzərində işləyərkən M.Kazımbəydən əvvəl və onun dövründə Türk-Azərbaycan dilinin qrammatikasına və ümumi dilçiliyə dair çap olunmuş əksər məşhur əsərlərdən faydalanmışdır. İşin gedişində o, xarici dillərin qrammatikalarının ümumi qanunauyğunluqlarını nəzərdən qaçırmamış, dil faktlarına diaxronik-sinxronik və komparativ-kontrastiv aspektdə yanaşmışdır. Kitaba giriş sözü yazmış akademik Nizami Cəfərovun qeyd etdiyi kimi, tədqiqat və şərhdə biz yeni, orijinal fikirlərlə rastlaşırıq. İ.Abbasov fransız şərqşünası S.Sasinin fikir və müddəaları, Babil, Çin-yapon və ərəb ənənəvi qrammatikalarından, qədim hind, Roma dilçiliyindən, modistlərin, humanistlərin, fransız ensiklopedistlərinin təlimlərindən, A.Arno və K.Lanslonun Por-Royal qrammatikasından, N.Bozenin “Ümumi qrammatikası”ndan, kartezian təlimindən, latın, ərəb, italyan, fransız, türk, ingilis, rus və ispan dillərinin qrammatikasını əhatə edən linqvistik əsərlərdən lazımınca və yerli-yerində istifadə etmişdir. Bu mənada əsər mükəmməl və dolğun material təqdim edir. Tərcüməçi bəzi məqamlarda hərflərin spesifik cəhətlərini aydınlaşdırmaq üçün yunan, ispan və italyan dillərinin materiallarına müraciət edərək M.Kazımbəyin fikirlərini S.Sasi, A.Davids, A.Jober, A.Fayzmayer, K.Komidas, L.Dübö və digər dilçi-alimlərin yanaşmaları ilə qarşılaşdırır.

Adətən, belə mürəkkəb tərcümələrdə dil qarşılaşdırmaları zamanı transliterasiya məsələləri problemə çevrilir. İ.Abbasov bu çətinliyi dəf edərək M.Kazımbəyin sırf rusdillilər üçün kiril əlifbası ilə verdiyi transliterasiyanı orjinala yaxınlığı saxlamaq şərti ilə latın qrafikası ilə verib. Əlbəttə, istənilən variantda verilmiş transliterasiyanı azərbaycanlı və digər türk dili daşıyıcıları asanlıqla anlamaq və dəqiq tələffüz etmək imkanına malikdir. Burada tərcüməçi beynəlxalq standartlara uyğunluğu əsas götürərək əsərin gələcəkdə digər Avropa dillərinə tərcümə olunmaq ehtimalını nəzərə almışdır. Buna görə də o, düzgün olaraq əsərdə adları çəkilən məşhur alimlərin türk dilinin materiallarına aid təqdim etdikləri transliterasiyanı olduğu kimi saxlamışdır. Bundan başqa, İ.Abbasov bir təcrübəli tədqiqatçı kimi M.Kazımbəyin ərəb qrafikası ilə yazdığı və bir çox hallarda transliterasiyanı verdiyi morfologiya bəhsində uyğun gələn nümunələrdə K.Komidasın italyan dilində yazdığı “Türk dili qrammatikasının əsas prinsipləri” (1794) əsərindən istifadə edib. Çünki müəllifin fikrincə, tarixiliyi qoruyub saxlamaq baxımından K.Komidasın transliterasiyasının xüsusi önəmi vardır.

Fonetika bəhsində də İ.Abbasovun maraqlı linqvistik-fonoloji müddəaları ilə tanış oluruq. Tədqiqatçının fikrincə, M. Kazımbəyin heca və orfoqrafik işarələr, sadə və mürəkkəb, təbii və süni hecalar haqqında müfəssəl məlumatları Azərbaycan, o cümlədən, digər türk dillərinin fonetikasını öyrənmək baxımından çox faydalıdır. Məsələn, tədqiqatçı göstərir ki, ərəb dilində emfatik artikulyasiya yaradan hərf türk dilində nisbətən yumşaq tələffüz edilir. Bunu aydınlaşdırmaq məqsədilə prof. İ,Abbasov böyük M.Kazımbəyin sələflərinin və onunla eyni dövrdə yaşamış görkəmli dilçi alimlərin fonoloji görüşlərini qarşılaşdırıb səs və hərflərin aydın fonetik mənzərəsini yaratmağa çalışmışdır. Ümumiyyətlə, tədqiq, müqayisə və şərh prosesində İ.Abbasov dil faktlarına orijinal yanaşma tərzini sonadək davam etdirir. Yaxşı cəhət odur ki, kitabın bir çox bölmələrinə, o cümlədən, fonetika, morfologiya, sintaksis və başqa bəhslərə onun verdiyi şərhlər müasir Azərbaycan dilinin qrammatikasının tarixi aspektdə araşdırılması, həmçinin dilçiliyimizin bir sıra aktual problemlərinin öyrənilməsi üçün samballı elmi-nəzəri baza yaradır.

Bütün bunlar isə şübhəsiz ki, professor İ.Abbasovun təqdim etdiyi “Mirzə Kazımbəyin “Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi” kitabının elmi miqyasını və müasir dilçilik elmimiz üçün dəyərini qat-qat artırır. Əlbəttə, Mirzə Kazımbəyin adına layiq səviyyəli bir elmi əsər ortaya çıxardığı, onun ruhunun ahəngini düzgün ifadə etdiyi üçün İdris Abbasova da böyük təşəkkürlər düşür.