BAKI DÖVLƏT UNİVERSİTETİ GENDER BƏRABƏRLİYİNİN TƏMİN OLUNMASINA LAYİQLİ TÖHFƏ VERİR

0
19

Əlimusa İbrahimov Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru

Bəşər tarixi gender bərabərliyi uğrunda əzmkar mübarizələrlə zəngindir: sivil insan cəmiyyəti formalaşandan öz təbii hüquqları uğrunda əzmkar mübarizə aparan zərif cinsin nümayəndələri bu yolda ən müxtəlif çətinliklərə, psixoloji-mənəvi baryerlərə mətinliklə sinə gərib, ictimai həyatın ən müxtəlif sahələrində kişilərdən heç də geri qalmadıqlarını, müəyyən sahələrdə hətta onları üstələdiklərini əməllərində göstəriblər. Qəribədir ki, bu gün dünyanın ən inkişaf etmiş demokratik dövlətlərində də qadınların təbii və qazanılmış hüquqlarının etibarlı qorunması, onların kişilərlə bərabər səlahiyyət və imkanlara, imtiyazlara malik olması xüsusi aktuallığa malik məsələlər kimi nəzərdən keçirilir. Bu aktuallıq həm də onunla şərtlənir ki, tarixən əksər dünya dövlətlərində kişilərlə müqayisədə qadınlar müəyyən ayrı-seçkiliyə, diskriminasiyaya məruz qalıblar, onların siyasi, sosial, mədəni hüquqları məhdudlaşdırılıb. Gender bərabərliyi olan cəmiyyət – qadın və kişinin bərabər üzv olduğu cəmiyyətdir. Belə cəmiyyətdə kişi və qadınların hüquqları bərabər səviyyədə müdafiə olunur. Gender bərabərliyi uğrunda hərəkat ötən əsrin ikinci yarısından etibarən bütün dünyanı əhatə etməyə başlayıb. Problemin miqyası və aktuallığı hətta dünyanın siyasi atmosferini müəyyənləşdirən Birləşmiş Millətlər Təşkilatı (BMT), ATƏT, Avropa Şurası kimi mühüm təşkilatları da bu istiqamətdə səyləri gücləndirməyə sövq edib. BMT 1952-ci ildə “Qadınların siyasi hüquqları haqqında”, 1962-ci ildə “Nikaha daxil olma, nikaha daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında”, 1979-cu ildə isə “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” konvensiyaları qəbul edib. Bu sənədlərdə siyasi və dövlət əhəmiyyətli qərarların qəbulu prosesində qadınların kişilərlə balanslaşdırılmış iştirakının təmini sahəsində hökumətlərin məsuliyyəti və rolu əksini tapıb. BMT Baş Assambleyası 1975-ci ildən 1985-ci ilə qədər olan dövrü “Qadın hüquqlarının onilliyi” elan edib. 1975-ci ildən sözügedən təşkilatın təşəbbüsü ilə Mexiko, Kopenhagen, Nayrobi və Pekində qadınların statusuna həsr olunmuş dörd qlobal konfrans təşkil edilib. Bu konfranslar beynəlxalq ictimaiyyətin diqqətini cinslər arasında qeyri-bərabərlik probleminə yönəldib. Azərbaycan xalqı da tarixən özünəməxsus dəyərlərə, adət-ənənələrə bağlı olan yüksək zəkalı, nəcib və xeyirxah xanımları ilə qürur duyub, ana adını uca tutub, qadına dərin hörmət, ehtiram və məhəbbətlə yanaşıb. Xalqımızın qəlbən tapındığı islam dinində də qadına, qıza və anaya yüksək ehtiram və hörmət ifadə edilib. Azərbaycan qadını mənəvi-əxlaqi keyfiyyətləri ilə daim seçilib, xalqın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayıb. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək mənəvi sifətlərlə səciyyələnən kamil qadın obrazlarının bədii təsviri verilir. Azərbaycan gerçəkliyi şair və mütəfəkkirlərə qadınları həyat mənbəyi və müdriklik mücəssəməsi kimi vəsf etmək üçün zəngin tarixi material verib. Tarixin konkret dönəmlərində Nigar, Həcər kimi qadınlar həm də mərdlik, şücaət, qəhrəmanlıq mücəssəməsi kimi qəbul edilmiş, döyüş meydanlarında kişilərin yaxın silahdaşları, arxa-dayağı olublar. Azərbaycan qadını XX əsrdə bir neçə əsrə bərabər inkişaf yolu keçib. 1919-cu ildə Azərbaycanda, müsəlman aləmində ilk dəfə olaraq, qadınlara seçki hüququ verilib. Yəni Azərbaycanda qadınlara bu hüquq ABŞ-dan bir il əvvəl, bir sıra Qərbi Avropa ölkələrindən neçə onillik əvvəl verilib. Xalqın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və müasir iqtisadiyyatımızın qurulmasında o, daim yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirib. Cəmiyyətimizdə qadınlara göstərilən yüksək ehtiram mədəniyyət, elm, təhsil, səhiyyə və digər istiqamətlərdə onlara bilik və bacarıqlarını gerçəkləşdirmək üçün əlverişli zəmin yaradır. Tarixən olduğu kimi, müasir dövrdə də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin möhkəmləndirilməsində, siyasi-hüquqi, sosial-iqtisadi sahələrdə və beynəlxalq münasibətlərdə yeni uğurların əldə olunmasında kişilərlə yanaşı, qadınlarımız yüksək təşəbbüskarlıq və fəallıq göstərirlər. Cəmiyyətin ictimai-siyasi həyatında və idarəetmə sistemində fəal mövqe tutan qadınlar müstəqil respublikamızın daha da inkişafı, dövlətçilik ənənələrinin möhkəmlənməsi naminə əzmlə çalışırlar. Bu fəallıq, Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən – qadınlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir. Ulu öndər Heydər Əliyev müdrik dövlət rəhbəri, fenomenal idarəçi olmaqla respublikaya rəhbərliyi dövründə milli maraq və mənafelər çərçivəsində qadınlarla bağlı dövlət siyasətini təmin edərək Azərbaycan qadınının şərəfli adının daim uca tutulmasına çalışıb. Azərbaycanda gender siyasətinin müasir dövrün tələblərinə uyğun həyata keçirilməsinin hüquqi əsasını məhz Heydər Əliyevin təşəbbüsü və birbaşa rəhbərliyi altında 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycanın Konstitusiyası təşkil edir. Beynəlxalq hüquqi aktlarda və konvensiyalarda əksini tapmış əsas insan hüquq və azadlıqlarının geniş şəkildə təsbit olunduğu bu Konstitusiyada qadınların cəmiyyət həyatındakı yeri və rolu, qadın siyasətinin fundamental prinsipləri də əksini tapmışdır. Əsas Qanunda gender məsələsi ilə bağlı bütün problemlərin qanunvericilik və hüquq tətbiqi səviyyəsində qarşısının alınması üçün zəruri hüquqi baza mövcuddur. Qadın siyasətinin daha çevik və işlək mexanizmlər əsasında gerçəkləşdirilməsi, yeni dövrün tələbləri səviyyəsində qurulması məqsədilə son 25 ildə beynəlxalq təcrübə dərindən öyrənilib. Azərbaycan Respublikası bir sıra mühüm beynəlxalq paktlara, sazişlərə qoşularaq bu sahədə qanunvericiliyini təkmilləşdirmək imkanı əldə edib. Bu müddətdə respublikamız BMT-nin müvafiq konvensiyalarına imza atıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilmiş, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır. 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir. Qanunda gender balansının qorunması ilə bağlı hüquqi tənzimləmə mexanizmi öz əksini tapıb. Son 26 ildə Azərbaycanda davamlı və sürətli artım müşahidə olunur, çünki ölkənin iqtisadi, maliyyə və sosial vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hazırda ölkədə savadlılıq səviyyəsi 99 faizə bərabərdir. Qadınlar arasında məktəblərə qəbul göstəriciləri 99,8-100 faiz təşkil edir. Azərbaycanın bütün əhalisinin 50,1 faizi, təhsil sahəsində bütün işçilərin təxminən 80 faizi və səhiyyə sahəsində işçilərin 65,7 faizi qadınlardır. Azərbaycanda fəlsəfə doktorlarının 56 faizi, universitet tələbələrinin 46,2 faizi, 6 universitetin rektoru, 15 kollecin direktoru, 1244 məktəbin direktoru qadın cinsinin nümayəndələridir. Ölkədəki bütün hakimlərin təxminən 15 faizi qadınlardır. Azərbaycan parlamentində 125 qanunvericidən 20-si, o cümlədən parlament sədrinin bir müavini qadındır. Azərbaycan tarixində qadınların cinsinin ən yüksək vəzifəli nümayəndəsi olan Birinci Vitse-Prezident Mehriban Əliyeva Azərbaycan qadınları üçün əsl örnəkdir. Mehriban Əliyevanın respublikada və ölkə hüdudlarından kənarda gender bərabərliyinin və təhsilin dəstəklənməsi üzrə fəaliyyəti xüsusi qeyd edilməlidir. Birinci vitse-prezidentin UNESCO-nun xoşməramlı səfiri kimi Azərbaycanda və beynəlxalq səviyyədə qadınların və uşaqların sağlamlığının qorunması və onların hüquqlarının təbliği üzrə humanitar səyləri danılmazdır. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə qısa müddətdə Azərbaycanda, hətta ölkənin ən ucqar kəndlərində də yüzlərlə məktəb binası təmir olunub və ya yeni məktəb binaları inşa edilib. Bundan əlavə, Fond tərəfindən çoxsaylı beynəlxalq humanitar layihələr həyata keçirilib, o cümlədən Pakistanda qızlar üçün 500 şagird yeri olan yeni məktəb tikilib. Bütün bunlar Azərbaycan qadınının ictimai-siyasi fəallığını artırıb, cəmiyyətimizin inkişafı, dövlət quruculuğu prosesində onların rolunu gücləndirib. Bu sahədə BDU daim bütün respublikamıza nümunə olmuşdur. Bu gün BDU-da tədris prosesinin inkişafı naminə müxtəlif addımlar atır və bu addımlar sırasında gender bərabərliyinin qorunması xüsusi yer tutur. Bu fəaliyyət konkret rəqəmlərdə öz əksini tapır. Belə ki, universitetin fakültələri üzrə 1313 nəfər professor-müəllim heyətinin 648 nəfəri qadınlardır, bu da ümumi sayın 49,3 %-ni təşkil edir. Biologiya fakültəsində 86 nəfər professor-müəllim heyətinin 56 nəfəri qadınlardır, bu da ümumi sayın 65%-ni təşkil edir. Tarix fakültəsində 99 nəfər professor-müəllim heyətinin 46 nəfəri qadınlardır, bu da ümumi sayın 46%-ni təşkil edir. Filologiya fakültəsində 236 nəfər professor-müəllim heyətinin 168 nəfəri qadınlardır, bu da ümumi sayın 71%-ni təşkil edir. Şərqşünaslıq fakültəsində 83 nəfər professor-müəllim heyətinin 53 nəfəri qadınlardır, bu da ümumi sayın 64%-ni təşkil edir. Bu gün BDU-da akademik Nərgiz Paşayeva, professor Ədibə Paşayeva, professor Qalina Mehdiyeva, professor Hicran Hüseynova, professor Kamilə Əliyeva, professor İradə Hüseynova, professor Əsməd Muxtarova kimi göərkəmli alimlər kafedra müdiri kimi səmərəli fəaliyyət göstərir. Professor İradə Əliyeva Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dosent Şəkər Məmmədova coğrafiya fakültəsinin dekanı, dosent Məhluqə Məmmədova isə geologiya fakültəsinin dekanı kimi BDU-nun uğurlarına layiqli töhfə verirlər. Gender balansı tələbə kontingentində də təmin olunur. Bir sıra ixtisaslar üzrə təhsil alan qızların sayı kifayət qədər çoxdur. Məsələn, jurnalistika fakültəsində təhsil alan qızların sayı həmin fakültədə təhsil alan oğlanların sayından çoxdur. Qeyd edək ki, qiyabi təhsildə bu fərq özünü daha çox göstərir. Qeyd edək ki, hazırda ölkəmizin bütün təhsil müəssisələrində gender bərabərliyinin qorunması sahəsində ciddi addımlar atılır. Digər ali məktəblər kimi. BDU rəhbərliyi də müəllimlər arasında gender bərabərliyini qorumağa və bu sahədəki vəziyyəti yaxşılaşdırmağa çalışır.Ümumiyyətlə, BDU-da gender probleminə iki aspektdən yanaşılır. Birincisi təhsil sisteminin özündə, pedaqoji metodologiyada gender bərabərliyinə nail olmaq, ikincisi isə gender tədrisinin, gender təhsilinin tətbiqidir. Ölkəmizdə və xaricdə bir çox araşdırmalar ənənəvi təhsil sisteminin, metodikanın çağdaş tələblər ilə ayaqlaşa bilmədiyini irəli sürür. Belə ki, təhsil müəssisələrində ənənəvi gender normaları, sosial və mədəni stereotiplər təlqin edilir və dəstəklənir, nəticədə gender şüuru formalaşdırılır. Milli özünəməxsusluğu, şəraiti nəzərə almaqla hər bir cinsin – kişi və qadının özünəməxsus stereotiplərinə, davranış formalarına həssaslıqla, ümumiyyətlə baza dəyərlərinə hörmətlə yanaşaraq təhsil müəssisələrində səmərəli şəkildə genderin təbliğatını aparmaq, əlverişli metodları, üsul və qaydaları tətbiq edərək təhsilin genderləşməsini həyata keçirmək lazımdır. Bu məqsədlərə çatmaqda genderin təhsil müəssisələrində tədrisi və gender araşdırmaları həlledici rol oynayır. Ölkəmizin təhsil müəssisələrində keçən yüzilin 90-cı illərindən başlayaraq gender intizamı-fənni tədris edilir. Təsadüfi deyil ki, respublikamızda ilk dəfə gender 1999-cu ildə məhz BDU-nun “Sosial elmlər və psixologiya” fakültəsində təhsilə tətbiq edilmişdir. Tədris proqramı ilə bərabər genderin tədrisinə, genderologiyaya dair dərsliklər hazırlanmışdır. “Genderə giriş”, “Genderologiyanın əsasları”, bir sıra tədqiqat topluları bu yolda atılan addımlardır. Bu gün BDU-da gender problemi ilə bağlı kurs işləri, diplom mövzuları yerinə yetirilir, seminarlar keçirilir. Bu təcrübələr getdikcə təkmilləşdirilir, müvafiq fəaliyyət genişləndirilir. BDU-da genderin tədrisinə yüksək səviyyəli münasibət burada Gender Araşdırmaları Mərkəzinin yaradılmasında təcəssümünü tapmışdır. 2002-ci ildə isə bu mərkəzin əsasında “Gender və tətbiqi psixologiya” kafedrası təşkil edilmişdir. Bundan sonra gender müstəqil fənn kimi bütün fakültələrin tədris planına daxil edilmişdir. Texniki təmayüllü fakültələrdə genderin tədrisinə 2003-cü ildən başlanılmışdır. Burada gender ayrı-ayrı aspektlərdən hər ixtisasa uyğun olaraq tədris edilir. BDU-da tətbiq edilən təcrübə sonralar genişlənmiş və Xəzər Universiteti, Qərb Universiteti, Dövlət İdarəetmə Akademiyasında da gender problemləri üzrə tədris proqramları hazırlanıb tədrisə tətbiq edilmişdir. Genderin tədrisi ilə bağlı “Münaqişə və sülh quruculuğu: problemə giriş” adlı Universitet kursunun yaradılması xüsusilə diqqətəlayiqdir. Bu kurs, başda BDU olmaqla, 2003-cü ilin fevralından bir sıra dövlət və qeyri-dövlət (özəl) ali məktəblərində tədris edilir. Bir sözlə, BDU respublikamızda gender bərabərliyinin təmin olunmasına layiqli töhfə verir və bu prosesdə fəal iştirak edir. Əlimusa İbrahimov Siyasi Elmlər üzrə Fəlsəfə Doktoru