Bir “Jurnalist” var…

0
38

Kənan Novruzov

 

Sonuncu dərsimiz idi…Amma biz yenə ilk günlərdəki kimi həvəslə jurnalistika janrları barədə danışır, böyük bir sınağa hazırlaşırmışıq kimi müzakirələr aparırdıq. Ötən aylar ərzində heç də az iş görməmişik əslində. Müəlliməmiz Könül xanımın rəhbərliyi və köməkliyi ilə “Jurnalist” qəzetinin üç nömrəsini çıxarmışıq. Özü də ölkənin ən sayılıb-seçilən mətbu orqanlarının tərkibində-“Şərq” də, “Kaspi”də və “525-ci qəzet”də. Yorulmuşuq da, sevinmişik də, gözlənilməzliklərlə qarşılaşmışıq da…Ancaq bu anların hər birində birlikdə olmuşuq-o qədər də böyük olmayan, işıqlı 221-ci otaqda… Sübut etmişik ki, qəzetçilik, həqiqətən, kollektiv işidir. 

Semestr ərzində verilən tapşırıqları həmişə maksimum dərəcədə tez yerinə yetirməyə çalışırdım. Çünki Könül xanımdan təkcə müəllim kimi yox, həm də redaktor kimi məzəmmət eşitməkdən qorxurdum. Sevindiricidir ki, o, heç vaxt bəzi redaktorlara xas şəkildə “daha sənin yazın çap olunmayacaq” deməyib, əksinə, yazmayanı həvəsləndirib, bacarmayını öyrədib. Ən pis halda təyin olunmuş vaxta qədər yazı verməyən tələbənin, yəni müxbirinin şəklini qəzetdə dərci edib və “Burada filankəsin yazısı olmalıdı idi” deyə, yazıb.

Düşündükcə mənə elə gəlir ki, üç ay ərzində ən çox xatirəmiz məhz Könül müəllimə ilə yaşanıb: Saatlarla “Şərq” qəzeti redaksiyasında “Jurnalist”in səhifələrini oxuyub, hazırlamagimiz, Qubaya səfərimiz, “525-ci qəzet”in redaksiyasinda əlimizdə olan bütün yazıları səhifələrə yerləşdirmək üçün çalışmağımiz, açıq havada dərs keçməyimiz…Və ən mühümü-redaktorumuzun qırmızı qələmlə yazılarımızda etdiyi düzəlişlər. Səbrsizliklə gözləyirdik ki, görəsən, ən az səhv kimdə olacaq, müəllimə ən çox kimin yazısını bəyənəcək…

Qeydlərimi bitirdikdən sonra  əvvəl müəlliməyə göndərəcəm yazını. Qoy, redaktə etsin. Qoy, göstərsin ki, bu gün formal olaraq bizim sonuncu dərs günümüz idi, lakin ondan öyrənəcəyimiz hələ çox şey var və o, həmişə bizim yazılarımızı düzəltməyə hazırdır.

“Jurnalist”in çıxardığınız axırıncı nömrəsi masamin üzərindədir. Ona baxıram və ağlımdan keçir ki, bir daha eyni kollektivlə yazılar üzərində işləməyəcək, redaksiyalara getməyecəyik. Bu, son idi. Elə bu vaxt Könül xanım sanki səsimi eşidirmis kimi mesaj yazır: “Hələ bir nömrə çıxarmalıyıq ha, uşaqlar”. Bəlkə, sonuncu nömrə bu olacaq. Ya da bundan sonra birini də çıxaracağıq. Bilmirəm. Dəqiq bildiyim odur ki, “Jurnalist” hazır olduqdan sonra növbəti gün onu fakültəmizin dəhlizində görənlərdən heç biri bu mərhələyə qədər bizim hansı işləri gördüyümüzdən xəbərdar deyillər və olmayacaqlar. Hələ bu harasıdır ki? İmzalarimiz bütün respublikanı gəzir. Yuxarıda adını çəkdiyim qəzetlərin daimi oxucuları bəzən “Jurnalist”i də görür, bizim yazılarımızla da tanış olurlar. Fəqət, onlar da bilmirlər ki, bu yazıları kimlər necə, hansı şəraitdə hazırlayırlar. Qəzetçilərin də taleyi belədir…Bəzən yazının “yağlı” yerində adları yan-yana düzsən də, öz imzanı lap aşağı da yazmalı olursan…

Ola bilsin, nə vaxtsa unudacagiq bu xatirələri. Ancaq bir “Jurnalist” var axı. Biz onu unutsaq da, o bizi unutmayacaq. İllər keçəcək…Səhifələri saralacaq, bəzi yerləri cırılacaq amma “Jurnalist” bizə ilk qələm təcrübələrimizi xatirladacaq və qulağımıza pıçıldayacaq: “Bir “Jurnalist” var…” Həmişə var olsun!